"Bu, Azərbaycan hakimiyyətinin mövqeyini zəiflətməyə çalışmaqdır" - PARTİYA SƏDRİ AÇIQLADI

27 Sentyabr 2022 14:44 (UTC+04:00)

"Rusiya-Ukrayna müharibəsinin ən qanlı mərhələyə qədəm qoyduğu, Ermənistan tərəfinin sülh sazişinin imzalanmasına mane olmaq üçün təxribatlar törətdiyi və Azərbaycanı güzəştlərə məcbur etməyə çalışan havadarlardan ciddi dəstək gördüyü məqamda etiraz aksiyaları keçirmək, əlbəttə, məqsədəuyğun deyil və xarici maraqlara xidmət edir. Belə gərgin məqamda bu cür etiraz tədbirləri təşkil edənlərin məqsədi də xarici qüvvələrin planlarını icra etmək, Azərbaycan hakimiyyətinin mövqeyini zəiflətməyə çalışmaqdır. Bu davranışda təəssüf ki, qeyri-adi heç nə yoxdur". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində ermənilərin törətdiyi təxribata sərgilənən münasibət göstərdi ki, bir sıra siyasi partiyalar və onların nümayəndələri dövlətimizin və xalqımızın maraqlarını öz xırda hakimiyyət istəklərinə qurban verməyə hər zaman hazırdırlar: "Azərbaycana böhtanlar atmaqda, hər cür cinayətlərdə günahlandırmaqda, hətta erməniləri belə “kölgədə qoyan” kəslərdən vətənpərvərlik gözləmək, onları indiki gərgin məqamda sabitliyi qorumağa çağırmaq sadəlövhlük olardı. Bir məsələ aydındır ki, Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyi planlaşdıran AXCP-nin məqsədi, əslində, güc strukturları ilə qarşıdurma yaratmaq və beynəlxalq arenada dövlətimizin nüfuzuna daha bir zərbə vurmağa cəhd göstərməkdir. Əgər belə olmasaydı, parlamentin səlahiyyətinə aid olan məsələ ilə bağlı etiraz piketi keçirilər, təkliflər və tələblər təqdim olunardı. Ancaq piket keçirmək istəyənlər təkcə çoxsaylı tələblər irəli sürməklə kifayətlənmirlər, qanunvericilikdə nəzərdə tutulan say məhdudiyyəti tələbini pozaraq insanları etiraz aksiyasına qoşulmağa, “səkilərdən dəstək verməyə” çağırırlar. Bu da qanunvericiliyin kobud şəkildə pozulmasıdır.

Çünki "Sərbəst toplaşmaq azadlığı haqqında" qanununda "piket" anlayışı açıq şəkildə göstərilir və Qanunun 9-cu maddəsində qeyd olunur ki, piket düzəldənlər 50 nəfərdən çox olmamalıdır. Əgər məqsəd həqiqətən qanunun tələblərinə uyğun 50 nəfərin iştirakı ilə piket keçirməksə, təbliğat aparmağa, xalqı Milli Məclisin qarşısındakı “səkilərə” səsləməyə nə ehtiyac var?
Bir daha təəssüflə qeyd etməliyəm ki, AXCP-nin məqsədi təklif və tələbləri parlamentə çatdırmaq deyil, güc strukturları ilə qarşıdurma yaradıb, etiraz aksiyalarının növbəti “payız kampaniyasına” start verməyə cəhd göstərməkdir. Etiraz aksiyalarını tədricən genişləndirməyə ümid edənlərin planlarının baş tutmayacağını əminliklə söyləmək mümkün olsa da, qarşıdurma yaratmaq cəhdi çox təəssüf ki, baş tutacaq. Bu da Azərbaycana müəyyən əlavə problemlər yaradacaq, danışıqlar prosesində ermənilərin “əlini gücləndirəcək”, onlara əlavə arqumentlər verəcək".

Arzu Qurbanlı