Son 1 ildə turzim sahəsində hansı yöndə inkişaf var? - QURUM RƏSMİSİ AÇIQLADI

27 Sentyabr 2022 15:03 (UTC+04:00)

Turizm səyahət etmək, əylənmək, tanış olmaq deməkdir və dörd fəsildə heç bir mövsüm fərqi olmadan həyata keçirilə bilər. Turizmin məqsədi müxtəlif səbəblərdən ola bilər. Geniş struktura malik olduğu üçün turizmi bir çox fərqli aspektdən qiymətləndirmək mümkündür. Bəs, son 1 ildə Azərbaycanda turizm hansı səviyyədə inkişaf edib? Bu inkişaf daha çox hansı yöndədir?

Bu barədə SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın İdarə heyətinin sədr müavini Əhməd Qurbanov deyib.

Onun sözlərinə görə, 2020-ci ildən başlayaraq dünyada və ölkəmizdə qlobal olaraq koronavirus pandemiyası başladı. Pandemiya nəticəsində turizm sıfır nöqtəsinə gəlib çatdı. Hava və quru yol sərhədləri bağlandı, eyni zamanda regionlara gediş-gəliş də məhdudlaşdırıldı.

Ümumi olaraq turizmdən heç bir şəkildə geri dönüş alına bilmədi: "Sevindirici hal odur ki, son bir ildə pandemiyanın təsirlərinin daha da yumuşaldığı bir zamanda yaşayır və daha çox məhdudiyyətlərin aradan qaldırılmasına şahid oluruq.

Artıq son bir ildə bir çox ölkələrdə hava yolu sərhədlərimiz açıldı. Hal-hazırda regionlararası gediş-gəliş məhdudiyyəti tam şəkildə aradan qaldırılıb. Burada Azərbaycan daxilindəki regionlarda söhbət gedir".

Əhməd Qurbanov sözlərinə belə davam edib: "Ümumi olaraq, bu il turizm üçün çox faydalı hesab olunur. Yay fəslində həm daxili, həm də getmə turizm mənfəətli şəkildə işlədi. Vətəndaşlarımızın müxtəlif xarici ölkələrə səfərləri təşkil olundu.

Səfərlər daha çox Misir, Türkiyə, Monteneqro və digər avropa ölkələrinə oldu. Ümumi olaraq götürsək, ölkədə turizm baxımından canlanma müşahidə olundu. Artıq sezon sonudur və yenə də xarici ölkələrə gedən vətəndaşlarımız var.

Yay fəslini ümumi götürsək, daxili turizmdə də vəziyyət çox yaxşı idi. Regionlardakı otellərin doluluq səviyyəsi maksimuma çatırdı. Həftə içi isə doluluq ümumi olaraq 80-90 faiz müşahidə olunurdu. Bu baxımdan, Azərbaycan turizmi yay sezonunu çox uğurla başa vurdu".

Ayşən Vəli