Azərbaycan Gimnastika Federasiyası yeni planlarını AÇIQLADI - AGF-NIN BAŞ KATİB DANIŞDI

27 Sentyabr 2022 12:03 (UTC+04:00)

"2022-ci ildə Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən ölkəmizdə bir sıra mötəbər yarışlar keçirilib. Ölkəmiz müxtəlif gimnastika növləri üzrə yerli yarışlarla yanaşı, 5 beynəlxalq səviyyəli yarışa ev sahibliyi edib. Bu yarışların hər birində gimnastlarımız medal qazanaraq fəxri kürsüdə yer alıblar". Bu sözləri SİA-nın sorğusuna cavab olaraq Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə bildirib.

Baş katib qeyd edib ki, federasiyanın iştirak etdiyi beynəlxalq yarışlar bunlardır:

1. Batut gimnastikası üzrə FIG Dünya kuboku, AGF Trophy (12-13 fevral)
Yığma komandanın üzvü Selcan Mahsudova fərdi çıxışda gümüş medal qazanıb

2. Akrobatika gimnastikası üzrə 12-ci dünya yaş qrupları yarışları (3-6 mart)
Leyla Bəşirova, Nəzrin Fərmanova, Mənsumə Məmmədzadədən ibarət qadın qrupu 13-19 yaş kateqoriyasında qızıl medal qazanıb. Qeyd edək ki, bu medal Azərbaycanın akrobatika tarixində dünya yaş qrupları yarışlarında qazanılan ilk qızıl medaldır.

3. Akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatı (10-13 mart)
Qarışıq cütlüyümüz, Avropa çempionatının gümüş və bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli temp hərəkətləri proqramında gümüş medala sahib çıxıblar. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz qarışıq və temp hərəkətləri üzrə bürünc medal əldə ediblər. Qeyd edək ki, hər iki medal Azərbaycanın akrobatika gimnastikası tarixində dünya çempionatında qazanılan ilk nailiyyətdir.

4. İdman gimnastikası üzrə FIG Dünya kuboku, AGF Trophy (31 mart-3 aprel)
Yığma komandamızın üzvü Nikita Simonov halqa ilə hərəkətlərin icrasında bürünc medal qazanıb

5. Bədii gimnastika üzrə FIG Dünya kuboku, AGF Trophy (22-24 aprel)
Qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina 5 halqa ilə qızıl, çoxnövçülükdə gümüş medal qazanıblar.