"Azərbaycan anoloqu olmayan Zəfərə imza atdı" - MİLLƏT VƏKİLİ ŞƏRH ETDİ

27 Sentyabr 2022 11:13 (UTC+04:00)

"44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan son 270 illik tarixində analoqu olmayan bir Zəfərə imza atdı – biz 30 il ərzində Ermənistanın işğalı altında olan torpaqlarımızı düşməndən azad etdik. Bu Zəfər Azərbaycan xalqının az qala bütün dünyanı heyrətdə qoyan milli birliyi, ordumuzun rəşadəti və ilk növbədə dövlət başçımız İlham Əliyevin müstəsna siyasi iradəsi, hərbi sərkərdəlik gücü və diplomatik məharəti sayəsində mümkün oldu". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Əziz Ələkbərli bildirib.

Millət vəkili qeyd edib ki, 10 noyabr Bəyannaməsindən az sonra işğaldan azad olunmuş ərazilərə, səfər edən cənab Prezident ilk növbədə bununla dünyaya mesaj verdi ki, bu torpaqların həqiqi sahibləri gəlib: "Cənab Prezident düşməndən azad olunmuş hər rayon, şəhər mərkəzində Azərbaycan Bayrağını qaldıraraq bu ərazilərin əbədi olaraq Azərbaycan dövlətinin yuridiksiyasına qayıtdığını dünyaya bəyan etdi. Cənab Prezident həmin səfərlər zamanı çıxışlarında ilk gündən bildirdi ki, düşmən 30 ildə bu əraziləri xarabazara çevirsə də, biz bu yerləri dünyanın ən abad, cənnət guşələrindən birinə çevirəcəyik. Doğrudan da, işğaldan azad edilmiş ərazilərimizdə qısa vaxtda böyük quruculuq işlərinə start verildi. Sürətlə çəkilən yollar regionun qan damarlarını bərpa etdi, bölgəyə enerji gəldi, həyat gəldi. Cənab Prezident hər dəfə həmin ərazilərə səfər etdikcə yeni tikililərin təməlini qoydu, işlərin gedişinə birbaşa nəzarət etdi, tamamlanmış lahiyələrin açılışını həyata keçirdi.

Qarabağın və Zəngəzurun fatehi kimi adını tariximizə əbədi həkk edən Müzəffər Ali Baş Komandanımız adını tariximizə həm də Qarabağın və Zəngəzurun memarı kimi yazmaqdadır və millət olaraq Azərbaycan xalqı, dünya azərbaycanlıları möhtərəm Prezidentimizlə qürur duyur. Postmüharibə dövründə bölgəyə sülh, əmin-amanlıq gətirilməsini Azərbaycanın dövlət siyasətinin prioritet istiqaməti kimi irəli sürən cənab Prezident bu səfərləri zamanı hər dəfə hələ də revanşist düşüncədən uzaqlaşmayan Ermənistana və onun havadarlarına da mesajlar verdi, onları ağıllarını başlarına yığmağa çağırdı, “Dəmir yumruq yerindədir” – deyə xəbərdarlıq etdi. Və hər dəfə Ermənistan tərəf bu xəbərdarlıqlara məhəl qoymayıb, yeni-yeni hərbi təxribatlara əl atdıqca həmin Dəmir yumruğun yerində olduğunu öz üzərində lazımınca hiss etdi.