"Kibercinayətkarlığa qarşı mübarizə sahəsində qanunvericilik bazası təkmilləşdirilib" - Kamran Əliyev

26 Sentyabr 2022 23:10 (UTC+04:00)

Bu gün kibercinayətkarlığa qarşı mübarizə, kriptovalyutalar, terrorizmin maliyyələşdirilməsi məsələləri dünyanı narahat edən ciddi problemlərdir. Azərbaycan dövləti, parlamenti və hüquq-mühafizə orqanları da bu sahədə çox ciddi işlər görürlər. Beynəlxalq təcrübə öyrənilib, qanunvericilik bazası təkmilləşdirilib.
SİA xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın Baş prokuroru Kamran Əliyev söyləyib.

K.Əliyev deyib ki, bu məsələlər Tbilisidə keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 27-ci illik konfransında və iclasında müzakirə olunan əsas mövzulardan biri olub.

Onun sözlərinə görə, konfransda dünyanın 60-dan çox ölkəsindən baş prokurorlar, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Onlar müasir dünyada cinayətkarlığa qarşı mübarizə ilə yanaşı, COVID-19 pandemiyası ilə bağlı məsələni də diqqət mərkəzində saxlayıblar. Konfrans zamanı koronavirusun yaratdığı problemlər, vurduğu ziyan, hüquq-mühafizə orqanlarının bu sahədə həyata keçirdiyi tədbirlər, müxtəlif ölkələrin pandemiya ilə bağlı mübarizə sahəsindəki təcrübələri barədə çıxışlar olub.

Azərbaycan nümayəndə heyəti də bu tədbirdə fəal iştirak edib, dövlətimizin təcrübəsi barədə ətraflı məlumat verib.

Azərbaycanın Baş prokuroru ölkəmizdə həyata keçirilən tədbirlər, eləcə də kibercinayətkarlıq, kriptovalyutalar, terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə tədbirləri barədə məruzə təqdim edib.