Dağıdılan tifaq

26 Sentyabr 2022 17:26 (UTC+04:00)

Dünyada nə baş verir? Qazanda qaynayan dünyanı qarışdıran çömçə kimin əlindədir, bizim sakitliyimizi əlimizdən alan kimdir, insanlardan istəyi nədir? Suallar çoxdur, cavab isə yox. Heç bunu gözləmirik də, onsuz da kimsə qabağa durub, “bəşəriyyətdən alacağımız, verəcəyimiz budur” deyən də tapılmayacaq. Bəzən, hətta elmi nöqteyi-nəzərdən də dünyanın neçə dəfə dağıldığını, neçə dəfə yenidən formalaşdığını söyləyən alimlərə də razt gəlirik. Arxeoloji qazıntılarda hələlik bir, ya iki dinozavr skeletini tapıb, yaxud mamonta (tüklü fil) aid olduğu deyilən sümükləri göstərib bizdən əvvəl svilizasiyanın olduğunu sübut etməyə, hətta onların nədən və niyə öldüyünü də izah etməyə çalışırıq. Bizdən əvvəlki insan izinə isə hələlik rast gəlmirik. Bəlkə o dövrdə heç insan yaşamayıb, bəlkə planetimizdə yalnız bizim dünyamıza tanış olmayan heyvanların aləmi olub?

Yox, özünüzü çox yormayın, elə o dövrdə də planetimizə azdırılmış “homosapiens”lər Yer kürəsində ağalıq ediblər. İndiki kimi, o qədər təkəbbürlü, özündənrazı, eqoist, hakimiyyətə, hegemonluğa, liderliyə, dünya ağalığına həris olublar ki, nəticədə bir-biri ilə ölüm-dirim savaşına çıxıblar. O qədər silah-sursat, ölüm maşını icad ediblər ki, sonda həmin silahlar özlərinə qarşı çevrilib. Nəticədə bəşəriyyət məhv olub və yenidən haradansa tövbəli və ağıllı insan sürüsü yenidən planetimizə azdırılıblar ki, bəlkə bu dəfə…

Bu gün silah alveri dünyada ən gəlirli sahədir. Qəribədir, o silahlar ki, bəşəriyyətə qarşıdır, bütün canlıları yer üzündən silməyə qadirdir insanlar onları əldə etməyə can atır. Niyə? Bəlkə insanlar elə belə də proqramlaşdırılıb ki, sonda özünü məhv etsin. Proqramlaşdırılmış bəzi qurğularda olduğu kimi, yəni istismar müddəti başa çatanda, ya da təmiri mümkün olmayanda sistem özünüməhvetmə mərhələsinə keçir. İnsan da belə bir mexanizmin prototipi ola bilər. Əks təqdirdə, bütün dünyanın ağıllıları, hətta ağlı özünü idarə edə bilməyənlər də bu gedişlə dünyanın məhv olacağını bildikləri halda niyə geridönüm etməsinlər, iddialarından, tamahlarından çəkinməsinlər?

Əvvəllər dünyada iki qütb var idi, kapitalizm və sosializm. Bu fərqli ideologiyalı qütblər 70 il bir-biri ilə didişdilər, bütün var-dövlətlərini silahlanmaya, nüvə silahı əldə etməyə, özlərinə tərəfdar toplamağa sərf etdilər ki, son savaş üçün lazım olar. Amma “soyuq müharibə” adlanan hazırlıq prosesinin aktiv fazaya keçməsi üçün çox gözləməli olduq. Bu gün dünyanın hər tərəfindən qan iyi gəlir. Dünyanın iki nəhəngi Çin və ABŞ Tayvan savaşına çıxıblar və hər ikisində də nüvə silahı var.

İkinci bir savaş NATO-KTMT arasındadır. Sadəcə, bu qarşıdurmada meydan olaraq Ukrayna kimi geniş ərazi və döyüşkən xalqın yaşadığı ərazi seçilib. Əvvəlcə Rusiya bu ölkənin tən yarısını işğal etdi, amma Qərbin göndərdiyi silahlar ukraynalıların işinə yaradı. İndi Rusiya ordusu Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində müdafiə olunan tərəfdir. Rusiyanın adıçəkilən vilayətlərdə keçirdiyi referendumun nəticələri Kremlin həlledici mərhələni işə salması üçün bir vasitə, bir sənəd olacağı göz qabağındadır. Rusiyanın hərbi doktrinasına görə, ölkənin ərazi bütövlüyünə təhdid olacağı halda nüvə silahından istifadə mümkündür. Bu barədə Rusiyanın rəhbər şəxslərinin dilindən çox ultimatumlar eşitmişik. Kimsə Rusiyanın nüvə silahından istifadə etməyəcəyini qəti olaraq deyə bilməz. Rusiya məğlub olmaq istəmir, əks təqdirdə bu, Putin hakimiyyətinin sonu olar. Ukrayna da məğlub olacağını düşünmür, çünki, Rusiya həm də Qərbin üzərində qələbəsini bayram edə bilər ki, bu da Qərbə sərf etmir. Qərb həm də Ukraynanın qələbəsini istəmir, yalnız o halda istəyər ki, qələbənin Qərbin hesabına qazanıldığını hər kəs etiraf etsin. Əks təqdirdə Ukraynanın qələbəsi Qərbə baha başa gələr. ABŞ-ın dövlət katibi Blinken də maraqlı fikir səsləndirib, Rusiya dayansa müharibə bitər, Ukrayna dayansa Ukrayna bitər.

Qoca Avropa da müharibə vəziyyətindədir. ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən avropalıları qışda donmaqdan qoruyan qaz demək olar ki, kəsilib. Rusiya Avropanı qaz imtahanına çəkib. Əslində, Avropa ölkələrinə qalsa Rusiyadan qaz idxalını davam etdirə bilərlər, amma ABŞ buna imkan vermir. Avropa həm rus qazının, həm də ABŞ-ın təhdidindən əziyyət çəkir. ABŞ NATO üzərindən Avropanı daim təzyiq altında saxlayır, Vaşinqtonun dediklərinə əməl etməyən ölkələr Rusiya ilə təhdid edilir. Skandinaviya ölkələri kimi. Finlandiya və İsveç NATO-dan, daha doğrusu ABŞ-dan neçə müddət idi ki, uzaq durmağa çalışırdılar. Ukraynada vəziyyət gərginləşəndə Vaşinqtonun əlinə fürsət düşdü, Rusiyanın bu ölkələrə də hücum edəcəyi haqda “kəşfiyyat məlumatları” aldıqlarını Mərkəzi Kəşfiyyat İdarəsi də “təsdiqlədi”. Bundan sonra Helsinki və Stokholm tələsik dəstək axtarmağa başladılar və nəticə hər kəsə bəllidir. Bəzən düşünmək olar ki, Vaşinqtonla Moskva burada sinxron hərəkət edirdilər, biri qorxudur, o birisi “himayə” altına alır. Dünya bu dəfə həqiqətən qütbləşir – Şərq və Qərb. Hər ikisi başqa qütbün yaranmaması üçün savaş görüntüsü yaradırlar.

Üçüncü qütb də var, amma savaş vəziyyətində deyil. Türk dünyasının mübarizəsi sivil formadadır. Hələlik dünyanı savaşla, müharibə ilə, nüvə silahı ilə təhdid edən tərəflərin başına ağıl qoymaqla məşğuldur. Görəsən, o ağıl o başda duracaqmı, yoxsa?..

V.VƏLİYEV