Çexovun “öldürdüyü” “Qağayı”nı teatrımız yenidən “diriltdi” - TƏƏSSÜRAT

26 Sentyabr 2022 16:45 (UTC+04:00)

Son dövrlərdə teatra marağın azalması sirr deyil. Etiraf edim ki, mən özüm də son illərdə teatra çox az getmişəm, bunların çoxu dəvətlə olub, az hallarda bilet alıb xoşladığım tamaşaya baxmışam. Bəzən isə tamaşanın çox pis oynandığını görüb tənqidi yazı ilə çıxış etmişəm. Sonuncu belə tənqidi yazım bir neçə il qabaq Gənc Tamaşaçılar Teatrından olmuşdu. Bayram günlərində uşaqlar üçün qoyulan tamaşanı tənqid etmişdim. Lakin sonrakı dövrlərdə bu teatrın daha bir neçə tamaşasına baxmışam və narazı qalmamışam.

Dünən də elə bu teatrda görkəmli rus yazıçısı, dramaturq Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşaya baxdıq. Əsəri hələ uşaq vaxtı oxumuşdum və o qədər də xoşuma gəlməmişdi. Çünki əsər o dövr cəmiyyətində müəyyən eybəcərlikləri göstərsə də, lokal motivli idi, yəni elə teatr həyatına həsr olunub. Lakin bəzi personajların dili ilə yüksək materiyadan danışılır. Öz dövrü üçün adi insanlar tərəfindən başa düşülməcəyək tərzdə.

Buna baxmayaraq, bəzən istedadlı rejissor hər hansı bir qəliz əsəri elə mükəmməl səhnələşdirə bilər ki, ən sadə tamaşaçı da hər şeyi dərk edər. Bu əsər indiyədək teatrımızda qoyulmamışdı və təbii ki mən də baxmamışdım. Düşünürdüm ki, cansıxıcı bir tamaşa olacaq. Lakin yanılmışdım...

Teatrın və tamaşanın quruluşçu rejissoru, əməkdar artist Nicat Kazımov Azərbaycan teatr tarixində ilk dəfə müraciət olunan “Qağayı”nın premyerasında teatrın tanınmış aktyorları yanaşı, gənc və istedadlı aktyorlarını da görmək imkanı yaratmışdı.

Bir tənqidçi jurnalist olsam da, yaxşı işləri təbliğ etmək və həqiqi qiymətini vermək lazımdır. Bu tamaşa peşəkarlıqla hazırlanmışdı və mükəmməl oynandı. Əsər özü məna və mahiyyət baxımından o qədər də yüksək səviyyəli olmasa da (şəxsi fikrimdir) rejissor işi, aktyor oyunu yüksək səviyyədə idi. Aktyorlar sözün həqiqi mənasında bu tamaşada ürəklə oynadılar, bütün potensiallarını ortaya qoydular. Və gözəl bir tamaşa alındı.

Qeyd edim ki, bu haqda yazmağı qərara alanda tamaşa haqda məlumat almaq üçün teatrın saytından bu məlumatları götürdüm. Tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir. Xoreoqrafik həll Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova məxsusdur.

Tamaşada əməkdar artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Bəhram Həsənov, Kərəm Hadizadə, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb Abuşov iştirak edirdilər.

Yalnız səhnə tərtibatı bir az kasad idi. Bütün tamaşa yalnız 1 dekorasiya önündə keçir, olduqca sadə və darıxdırıcı bir səhnə fonudur. Lakin aktyorlar elə oynadılar ki, tamaşaçı bunu hiss etmədi. Tamaşa təkcə səhnədə deyil, həm də zalda oynandı, aktyorlar ara cərgələrdə hərəkət edir və danışırdılar ki, bu da kiçik səhnəni daha böyük miqyasa daşıyırdı. Əlbəttə, bunlar texniki məsələlərdir, lakin tamaşaçıların marağına səbəb oldu.

Aktyorlardan xüsusilə Bəhram Həsənovun, Sevinc Mehraliyevanın, Şövqi Hüseynovun, Səbinə Məmmədovanın oyununu daha çox bəyəndim. Onların performansı daha yüksək görünürdü. Xüsusən, Bəhram Həsənov öz roluna elə girmişdi ki, adama elə gəlirdi ki, elə obraz özüdür canlanıb gəlib səhnəyə. Digərləri də geri qalmırdı. Görünən o idi ki, teatrlarımızda yeni istedadlar yetişir, səhnədə ürəklə oynayan, rolu yaşayan, bütün varlığı ilə obrazı canlandıran gənc aktyorlar, aktrisalar formalaşır.

İndiki elektronika əsrində, texnoteron erada klassik səhnə janrını, teatr mədəniyyətini yaşatmaq üçün hər cür potensialı var. İstedadlar var, dövlətin sayəsində mükəmməl şəraitli teatrlarımız var, biletlər çox ucuzdur, sadəcə cəmiyyət bu imkandan istifadə etməlidir.

Qeyd etməliyəm ki, tamaşaya gəlməzdən əvvəl salonda daha çox orta və yaşlı nəslin nümayəndələrini görəcəyimi düşünürdüm. Nə olsun ki, bu, gənclər teatrıdır. Əvvəla bu əsər sıxıcıdır, klassikdir, ağırdır və düzünü desək, gənclər üçün maraqsızdır. İkincisi, ümumiyyətlə son vaxtlar gənclərin teatra marağı azalıb. Lakin bu tamaşada gənclərin sayı çox idi. Demək hələ teatrımız yaşayacaq.

Əlbəttə, son vaxtlar teatra maraq azalsa da, klassik teatrsevərlər üçün bu, belə deyil. Lakin onların sayı çox deyil və tamaşalara aldıqları biletlərin pulları ilə teatrları saxlamaq mümkün olmazdı. Azərbaycan teatrlarının yaşamasında dövlətin dəstəyi ən böyük roy oynadı və biz teatrımızı itirmədik. Ağır 90-cı illərdə dövlət büdcəsində pul olmayanda, ağır sosial-iqtisadi böhran yaşananda belə dövlət teatrları atmadı, ləğv etmədi, az maliyyə ilə də olsa qoruyub saxladı. Düzdür, bəzi aktyorlar dözməyib başqa sahələrə, başqa ölkələrə getdilər. Lakin fədakarlar qaldılar, dözdülər və teatrımızı yaşatdılar.

Sovet dövründə teatrların çox böyük nüfuzu var idi, hər hanı bir tamaşağa bilet tapmaq olmurdu, hjamısı anşlaqla keçirdi. Sonra xaos dövrü başladı, siyasi, iqtisadi, sosial, mədəni formasiyaların qəfil və kəskin dəyişdiyi ağır və qaranlıq 90-lar gəldi. O dövrdə təklif olunurdu ki, bazar iqtisadiyyatına keçirik, teatrlar dövlət balansından çıxarılsın, özləri özlərini maliyyələşdirsin. Əgər bu qəbul edilsəydi indi ortalıqda bircə teatr belə qalmazdı. Yaxşı ki buna gedilmədi və demək olar ki bütün teatrlar qorunub saxlanıldı, hətta yeniləri yaradıldı. İndi televiziya internet dövründə terartları yaşatmaq, təbliğ etmək lazımdır.

Sovet dövründə televiziyalar teatr tamaşalarını çəkib efirə verirdilər, teatrlarda tamaşaya qoyulacaq əsərlər haqda məlumat verirdilər, tamaşa haqda təhlili süjetlər çəkirdilər. İnsanlar mədəni istirahıət üçün daha çox kinoya, teatra gedərdilər. İndi insanların çoxu bəzən heç aylarla teatr sözü belə eşitmir, heç yadında düşmür, istirahəıt meyarları belə dəyişib.

Ona görə də, hesab edirəm ki, teatra mediamız dəstək verməlidir, teatrlar təbliğ olunmalıdır, onlarda bütün klassik və yeni tamaşalar səhnəyə qoyulmalıdır. Xüsusən gənclərdə teatra maraq oyadılmalıdır. Gənclər Teatrı gənclərin ideoloji, mənəvi-əxlaqi cəhətdən sağlam fotmalaşdırılması üçün vacib mərkəzlərindən biri rolunu oynamalıdır.

Sonda belə gözəl tamaşaya görə Gənc Tamaşaçılar Teatrının rəhbərliyinə və bütün yaradıcı heyətə minnətdarlığımı çatdırıram. Bu teatrdan heç kimlə şəxsi münasibətim yoxdur, lakin müsbət işləri yazmaq, təbliğ etmək borcumuzdur. Bu teatrdan yeni gözəl tamaşalar gözləyrik.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb.