“Son 200 illik tarixdə ermənilər azərbaycanlıları yaşadıqları torpaqlardan sıxışdırıb çıxartmış və özlərinə dövlət yaradaraq ərazilərinin genişləndirilməsinə nail olmuşdur. Ermənilər əsasən havadarların dəstəyi ilə Azərbaycan torpaqlarının müəyyən hissəsinin ələ keçirilməsinə nail ola bilmişdir”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, erməni daşnak dəstələri zaman-zaman soyqırımlar törətməklə azərbaycanlıları öz ata yurdlarından məcburi şəkildə köçürülməsinə nail ola bilmişdir: “Son yeni tariximizdə Qərbi Azərbaycanda yaşayan 300 min soydaşımız illər ərzində qurduğu ata yurdlarını qoyaraq Azərbaycana qaçmağına məcbur edilmiş, ərazilərimizin 20%-nı işğal etməklə 700 min vətəndaşımızın ölkə daxilində qaçqın olmasına nail ola bilmişdir. Xocalı, Başlıbel, Ağdaban və Bağanıs ayrım soyqırımları erməninin iç üzünü açıb göstərən tariximizin qanlı səhifələri kimi yaddaşlarımıza həkk olunmuşdur. Azərbaycan 30 ildə torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin öz yurdlarına qaytarılması ilə bağlı beynəlxalq hüququn bərqərar olunması üçün səbir nümayiş etdirdi. BMT TŞ-nın qətnamələrinin icra olunması üçün beynəlxalq kürsülərdən dünya ictimaiyyəti Ermənistana təzyiq göstərilməsi ilə bağlı çağırışlar etdi. Hətta, Azərbaycan xalqın işğalla heç vaxt barışmayacağını və əgər danışıqlar yolu ilə torpaqlarımızda erməni işğalına son qoyulmazsa, hərb yolu ilə öz gücümüzlə bunu edəcəyini dəfələrlə bəyan etdik. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət ancaq qətnamələr qəbul etməklə kifayətləndi və münaqişəni dinc yolla həll edilməsi üçün BMT-dən mandat almış ATƏT-in Mİnsk Qrupu torpaqlarımızın erməni işğalını əbədiləşdirilməsinə çalışdı”.
Azər Badamov onu da bildirdi ki, Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən ordu quruculuğuna xüsusi diqqət göstərdi və bu, Silahlı Qüvvələrimizin inkişafında və güclənməsində yeni səhifə açdı: “2016-cı il aprel döyüşləri, 2018-ci il Günnüt əməliyyatı və 2020-ci ilin Tovuz təxribatlarının qarşısı alınanda Müzəffər Ordumuzu düşmənə öz gücümüzü qismən nümayiş etdirmişdi və bu, Ermənistan üçün bir mesaj idi. Təəsüf ki, Ermənistan rəhbərliyi mesajlarımızdan nəticə çıxartmadı və 27 sentyabr 2020-ci ildə yenidən geniş miqyaslı təxribata əl atdı. Hətta Ermənistanın məqəsdi yeni ərazilər uğrunda yeni müharibə şüarı ilə Azərbaycanla müharibə aparmaq və yeni ərazilərimizi işğal etmək idi. Ali Baş Komandanın çağırışına yekdilliklə qoşulan xalqımız ordumuzla həmrəylik nümayiş etdirərək Dəmir Yumruğa çevrildi. Ermənilərin 30 illik işğal dövründə qurduqları müdafiə sədlərini yüksək peşəkarlıqla aşan Müzəffər Ordumuz 44 gündə torpaqlarımızın erməni işğalına son qoydurdu və 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatla Ermənistanın məğlubiyyəti təsdiq olundu. Azərbaycan son 200 illik tarixində ilk dəfə olaraq öz torpaqlarını döyüş meydanında işğaldan azad etdi. Təbii ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə qəhrəmanlıq səhifəmizdir. Bu qələbə xalqımıza böyük qürur yaşatdı və Azərbaycana bütün dünyada qalib ölkə imicini formalaşdırdı. 44 günlük Vətən müharibəsində təmin etdiyimiz qələbə dünyanın Azərbaycana qarşı baxışlarını dəyişdi. Müzəffər Ordumuzun şücaəti və göstərdikləri peşəkar döyüş strategiyası dünyanın inkişaf etmiş ölkələri öz ordularına yenidən baxılmasını aktullaşdırdı və təcrübəmizi hərbi kadrların hazırlanmasında tədrisə daxil etdilər. Beləliklə, bu qüruru bizə yaşadan xalqımızın vətənpərvər igid oğulları olmuşdur. Təəssüf ki, Vətən müharibəsində biz də 2907 nəfər şəhid verdik, 7 nəfər itkin düşdü və mindən çox əsgər yaralandı. Prezident İlham Əliyev bütün şəhid ailələri və qazilərə xüsusi diqqətlə yanaşır. Bu kateqoriyadan olan insanlar dövlət qayğısı ilə əhatə olunmuş, onların sosial-məişət problemlərinin həll olunmasına çalışır. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalamışdır. Cənab Prezidentin bu addımı şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Hər il 27 sentyabrda xalqımız ümumxalq mərasimlərə qatılmaqla şəhidlərimizə hörmət və ehtiramını bildirərək xatirəsini bir daha yad edəcəkdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizi isə öz sağlamlıqlarına qovuşdursun”.