Ermənistan ona verilmiş bu imkanlardan istifadə etməlidir, əks halda onlar məsuliyyəti öz boyunlarında daşımalı olacaqlar
Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatı bir daha göstərir ki, erməni baş naziri açıq-aşkar üzərinə düşən öhdəlikləri nəinki yerinə yetirmək fikrində deyil, habelə onun Azərbaycanın ərazilərinə qarşı iddiaları qalmaqda davam edir. Belə ki, onun Azərbaycanın ərazi bütövlüyünü yalnız Azərbaycanın Ermənistanın 29800 km² (?!) ərazisini tanıyacağı halda qəbul edəcəyini sərsəmləyən Paşinyan bu dəfə də söz oyunu oynamaqda davam edib. Halbuki, Ermənistanın ərazisinin iddia edilən ölçülərə söykənməsinə dair heç bir fakt, dəlil və sübut da yoxdur!
Həyasızlığın son həddi - Nikol Paşinyan BMT-nin Baş assambleyasının tribunasından dünyaya açıq-aşkar yalan sırıyır, Azərbaycandan əlavə 57 km² (!) torpaq qoparmağa cəhd göstərir
Məsələ həm də ondadır ki, Ermənistanın ərazisi hətta SSRİ dövründə də bu qədər olmayıb. Görünür, erməni baş naziri bu dəfə də torpağımızdan qoparmaq qərarına gəlib. Ermənistan 15 sovet respublikasının daxilində olarkən və hətta bolşeviklər bu respublikaya torpaq hədiyyələri verərkən belə, onun ərazisi 29743 km²-i əhatə edirdi. Məhz bu kontekstdən yanaşarkən görünən budur ki, İrəvan bir tərəfdən guya Azərbaycanın onun “ərazisinin” 40 km²-ni “işğal edib”, digər tərəfdən isə Nikol Paşinyan BMT-nin Baş assambleyasının tribunasından dünyaya açıq-aşkar yalan sırıyır, Azərbaycandan əlavə 57 km² (!) torpaq qoparmağa cəhd göstərir. Yəni həyasızlığın son hədlərindən biri də məhz budur!
Beləliklə, Ermənistanın uzun illər boyu davranışlarını nəzərə alsaq Paşinyanın “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” ifadəsi heç bir səmimiyyəti əks etdirmir – İrəvan faktiki olaraq ərazilərimizə gözünü tikməyə davam edir. O cümlədən, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü “tanıdığını” bəyan edərkən haçalı fikirlər səsləndirməməli, həmçinin, hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdikləri ərazilərdəki anklavları ( həmçinin, Qazax rayonunun 7 kəndi və Naxçıvan MR-nın Kərki kəndi) da önə sürməlidir!
Paşinyanın ağzından əzəli ərazilərimizin Azərbaycana aid olduğunu eşitməzsək, onda Azərbaycan da əsla “İrəvan Ermənistanın paytaxtıdır” ifadəsini heç vaxt işlətməyəcək
Beləliklə, biz erməni baş nazirinin ağzından əzəli ərazilərimizin Azərbaycana aid olduğunu eşitməzsək, onda Azərbaycan da əsla “İrəvan Ermənistanın paytaxtıdır” ifadəsini heç vaxt işlətməyəcək. Necə deyərlər, sual nə cürdürsə, cavabı da elədir!
Yaxud, əgər erməni tərəfi yenidən özünün feyk tarixini zorla dünya ictimaiyyətinə sırımağa davam etmək üçün cəhdlər göstərəcəksə, onda Prezident İlham Əliyevin İrəvanın, bütövlükdə isə Qərbi Azərbaycanın əzəli, tarixi Azərbaycan torpağı olduğu barədə bəyanatının əməli şəkilə keçməsinin şahidinə çevriləcək. Ona görə də, qondarma tarixi önə sürüb dünya ictimaiyyətinin başını sözün əsl mənasında xarab etməkdənsə, mövcud dünya düzəninin tələblərinə, reallıqlarına uymaq daha yaxşı olardı.
Hələ ki, qonşusunun ərazilərini işğal altında saxlayan məhz Ermənistandır. Bu ölkənin silahlı qüvvələri hətta nə qədər inkar etsələr belə Qarabağda dislokasiya olunmaqdadırlar. Üstəlik, bununla bağlı Azərbaycanın müvafiq dövlət orqanlarında tonlarla danılmaz faktlar, dəlillər, sübutlar mövcuddur. Əlavə olaraq isə Ermənistan bizim anklavlarımızı da işğal altında saxlayır. Belə olan halda BMT-nin Baş assambleyasının tribunasından həyasızcasına delimitasiya edilməmiş torpaqlarla bağlı Azərbaycanın Ermənistanın ərazilərini “işğal etməsi” iddiasını necə irəli sürmək olar?
Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağın statusu artıq müəyyən edilib – bu status Azərbaycanın iqtisadi rayonudur və nöqtə!
Daha dəqiq deyək: ərazi bütövlüyünü tanımaq ya birmənalı və şərtsiz olur, ya da ümumiyyətlə, olmur. Yəni “tanıyarıq amma...” məsələsi olmamalıdır, ya hə, ya da yox! Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağın statusu artıq müəyyən edilib – bu status Azərbaycanın iqtisadi rayonudur və nöqtə! Həmçinin, bu ərazilərin əhalisinin də statusları bəllidir – onlar etnik və dini fərq qoyulmadan Azərbaycanın vətəndaşlarıdırlar. Gəlin qısa ekskurs edək. Ölkəmizdə dağ yəhudiləri, molokanlar, udinlər, ruslar və s. millətlər, xalqlar kifayət qədər komfort, rahat, təhlükəsiz həyat sürürülər. Onlar Azərbaycan Respublikasının Təhsil nazirliyinin təyin etdiyi proqram üzrə təhsil alır, dini xüsusiyyətlərinə aid olan məbədlərdə ibadət edir, Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmət keçir, çoxsaylı iş yerlərində çalışır, qazanır, vergi ödəyir, toylar keçirib övlad həyata gətirirlər, parlamentə seçilirlər, hətta idman komandalarında yığmalarda yer dünya arenasında bayrağımızı yüksəklərə qaldırırlar. Və bu hüquqlar heç də ABŞ-da, Rusiyada, Fransada və s. ölkələrdə yaşayan ermənilərin hüquqlarından əksik deyil, hətta artıqdır! Əgər ermənilər üçün belə hüquqlar qanedicidirsə, bu zaman onlar Azərbaycan dövlətinin müdafiəsi altında yaşaya bilərlər. Yox, bunu istəmirlərsə, əlbəttə ki, kimsə onları zorən tutub-saxlamır. Yaxud, “tarixi torpaqlar” iddialarını yuxarıda göstərilən ölkələrdə qaldırsınlar, Azərbaycanda deyil. Başqa status ümumiyyətlə olmayacaq özü də HEÇ VAXT!
Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Biz hazırda gələcəkdə irəli sürə bilməyəcəyimiz təkliflərimizi irəli sürürük”
Beləliklə, Nikol Paşinyan bütün bunları qavramalı, qanmalı, dərk etməlidir. Həm də bilməlidir ki, onun ölkəsindən qovulmuş 100 min azərbaycanlılar üçün belə şərait heç vaxt mövcud olmayıb və bu gün də həmin şərait yaradılmır.
Nəticədə, əgər Ermənistan mövcud siyasətini davam etdirməkdə israr göstərəcəksə, onda Azərbaycanın sərt və qətiyyətli, qarşılıqlı cavabını alacaq. Ermənistan onsuz da perspektivsiz vəziyyətini daha da çətinləşdirəcək. Azərbaycan daha əvvəl olduğu kimi öz qüdrətli ordusu ilə sözünü deyəcək, Ermənistan isə olan-qalan şəraitindən də məhrum olacaq. Yəni fakt budur ki, İrəvan sadəcə vaxtını hədər yerə fövtə verməkdədir. Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Biz hazırda gələcəkdə irəli sürə bilməyəcəyimiz təkliflərimizi irəli sürürük”. Yəni Ermənistan ona verilmiş bu imkanlardan istifadə etməlidir, əks halda onlar məsuliyyəti öz boyunlarında daşımalı olacaqlar.
Rövşən RƏSULOV