Azad olunmuş ərazilər

25 Sentyabr 2022 20:16 (UTC+04:00)

44 günlük Vətən müharibəsini şanlı qələbə ilə sona çatdıran Azərbaycanın gündəliyinin mərkəzində hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanır. Vəhşi düşmən üç onillik ərzində nəzarəti altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Lakin erməni vandalizminin, dağıntıların miqyası böyük olsa da, Azərbaycan Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış bəyanata əsasən noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası Füzuli rayonu ərazisində yerləşir. Bu rayonlarda daxili və xarici turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizminin inkişaf etdirilməsi, mədəniyyət turizm marşrutlarının bərpa olunması ptioritet istiqamətdir. Təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir. İşğaldan azad olunmuş torpaqlarımızın bərpa prosesində innovativ texnologiyaların tətbiqi müəyyənləşdirilmişdir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə həmin ərazilərin tez bir zamanda çiçəklənib, dirçəlib, inkişaf edəcəyinə əminik. Az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar.
Cənab Ali Baş Komandan İlham Əliyev demişdir: Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar - bu torpaqların sahibləri qayıtmışıq!

Vəli Vəliyulla

Xəzər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi