Deyirsiniz...barışdılar?...

25 Sentyabr 2022 17:59 (UTC+04:00)

Tacikistan hakimiyyəti sərhəddə razılığın əldə olunması barədə rəsmi məlumat verməsə də, Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri sərhədin hər iki tərəfindəki səkkiz sərhəd zastavasının fəaliyyətini dayandıracağını bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,

bu barədə sentyabrın 25-də Tacikistan və Qırğızıstan nümayəndə heyətlərinin Qızıl-Bel keçid məntəqəsində görüşündən dərhal sonra Kamçıbek Taşiyev jurnalistlərə məlumat verib.

Maraqlıdır ki, Tacikistan tərəfi yalnız nümayəndə heyətlərinin görüşünü təsdiqləyib, lakin sərhəd postlarının götürülməsi və ya müvəqqəti dayandırılması barədə heç nə deməyib.

Bu arada rəsmi “Xovar” xəbər agentliyi bazar günü yalnız “Tacikistan və Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd münaqişəsinə son qoymaq üçün protokol imzaladığı” barədə məlumat yayıb, lakin təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasında ilk növbədə torpaq, su və otlaqların bölüşdürülməsi ilə bağlı uzun illərdir ki, sərhəd münaqişələri davam edir. Regionun demək olar ki, bütün əsas çaylarının mənbəyi olan iki keçmiş sovet ölkəsi bir-biri ilə 976 kilometr həmsərhəddir, bunun yarısı hələ də müəyyən olunmuş qaydada nişanlanmayıb.

Xatırladaq ki, mübahisəli ərazilər əsasən Tacikistanın İsfara, Bobojon Qafurov rayonları ilə Qırğızıstanın Batkənd vilayəti arasında yerləşir.

Ağasəf Babayev