“...Əmin-amanlığa qarşı çıxanlar qətiyyətlə basdırmalıdır!”

25 Sentyabr 2022 17:48 (UTC+04:00)

Bu arada İran prezidenti İbrahim Rəisi hökumət əleyhinə nümayişlərin doqquzuncu günündə.. İran “ölkədə təhlükəsizlik və əmin-amanlığa qarşı çıxanlar qətiyyətlə basdırmalıdır” -deyə bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, indiyədək həm etirazçılar, həm də təhlükəsizlik qüvvələri tərəfindən ən azı 35 nəfər ölüb.

Bir daha xatırladaq ki, İranda kütləvi etirazlar 22 yaşlı Məhsa Əmininin “hicabını səhv geyindiyi” üçün polisin müavini tərəfindən küçədə saxlanmasından sonra başlayıb. Qız polisə aparılıb, oradan da huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib və 3 gün sonra özünə gəlmədən dünyasını dəyişib.

Rəisinin şərhləri, ötən həftə rejim əleyhdarı olduğu iddia edilən etirazçılar tərəfindən öldürülən təhlükəsizlik agentinin ailəsinə başsağlığı vermək üçün telefon danışığı zamanı edilib.

Bu arada insan haqları təşkilatı Amnesty İnternational sentyabrın 23-də bəyanat yayaraq, "İran təhlükəsizlik qüvvələrinin etirazçılara qəsdən və qanunsuz olaraq həqiqi güllə atması ilə bağlı dəhşətli təcrübəyə" işarə edən sübutlar topladığını bildirib. Bəyanatda bildirilir ki, təkcə sentyabrın 21-nə keçən gecə təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində üçü uşaq olmaqla azı 19 nəfər həlak olub.

Yeri gəlmişkən, Londonda yerləşən insan haqları təşkilatı dünya ölkələrini İranın repressiyalarına qarşı “əhəmiyyətli addımlar” atmağa çağırıb, eyni zamanda ciddi internet məhdudiyyətləri fonunda qan tökülməsi riski barədə xəbərdarlıq edib.

Dünya mətbuatı isə İranla bağlı müxtəlif xəbərləri sərgiləməkdədirlər. Məsələn, verilən xəbərlərə görə, Quilan əyalətinin şimal-qərbindəki polis rəisi sentyabrın 24-də təkcə onun bölgəsində 739 “iğtişaşçı”nın, o cümlədən 60 qadının həbs edildiyini açıqlayıb, Tasnim xəbər agentliyi xəbər verir. Təhlükəsizlik qüvvələri fəalları və jurnalistləri də həbs edib və Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi ötən həftədən bəri 17 jurnalist və köşə yazarının həbs edildiyini bildirib. Onların arasında Əmininin öldüyü xəstəxanadan xəbər verən “Şərq” qəzetinin əməkdaşı Nilufər Həmidi də var.

...Baş verən hadisələr fonunda İran hökuməti internetdən istifadəyə məhdudiyyətlər qoyduğu da bildirilir.

Ağasəf Babayev