Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərirlər. Artıq bu hal bizim dövlət siyasətimizə çevrilib. Dövlətimiz tərəfindən bu istiqamətdə aparılan işlərə dəstək olmaq üçün Azərbaycan Velosiped Federasiyasının rəhbərliyinin qərarına əsasən Federasiyada Qazilərlə iş bölməsi yaradılıb". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Velosiped Federasiyasının Qazilərlə iş bölməsinin rəhbəri, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev bildirib.
Onun sözlərinə görə, əsas məqsəd qəhrəmancasına döyüşərək torpaqlarımızın işğaldan azad edilməsində əvəzsiz xidmətlər göstərmiş qazilərin və müharibə iştirakçılarının fiziki reabilitasiyası, idmanla məşğul olmaları, eləcə də bu fədakar və iradəli insanların təcəssümündə cəmiyyətdə sağlam həyat tərzini təbliğ etməkdir: "Yeni struktur bölmə qazilər və müharibə iştirakçıları ilə yaxından əməkdaşlıq edəcək, onların AVF-nin imkanlarından geniş bəhrələnərək velosiped idmanı ilə məşğul olmaları, həmçinin fiziki sağlamlıqlarının bərpası, asudə vaxtlarının səmərəli təşkili üçün yarışlar, yürüşlər və s. tədbirlər keçirəcəkdir".
Qurum rəsmisi qeyd edib ki, bu gün Vətən müharibəsi qazilərinin iştirakı ilə şəhidlərin xatirəsinə həsr olunmuş veloyürüş keçirilib: "Azərbaycan Velosiped Federasiyasının (AVF) Anım Günü (27 Sentyabr) ilə bağlı təşkil etdiyi veloyürüşə 30 nəfərdən çox qazi, AVF-nin nümayəndələri və milli komandanın üzvləri qatıldılar.
Yürüşdən öncə iştirakçılar İkinci Fəxri xiyabanı ziyarət etdilər. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edildi, məzarları üzrərinə gül dəstələri qoyuldu.
Veloyürüş “Azneft” dairəsindən start götürməklə Hərbi Qənimətlər Parkının qarşısına kimi davam etdi. Qazilər veloyürüşdə fəal iştirak etdilər".