1-ci kurs tələbələrinin universitetlə bağlı təəssüratları necədir? - SORĞU

23 Sentyabr 2022 16:42 (UTC+04:00)

Bildiyimiz kimi, artıq 2022-2023-cü tədris ilinə start verilib. Qeyd edək ki, yeni tədris ilində respublika üzrə 1 milyon 610 min şagird təhsil alacaq. Ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib. Onlardan 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. SİA mövzu ilə bağlı 1-ci kursda təhsil alan tələbələrin universitetlə bağlı təəssüratlarını öyrənib.

ADNSU 1-ci kurs tələbəsi Aydan İbrahimli: "Bu il ADNSU-ya Energetika fakültəsinə qəbul olmuşam. Universitetə daxil olan ilk gün çox həyəcanlı idim. Qrupumuzda 15 nəfər var. Mən isə qrup nümayəndəsiyəm.

Müəllimlərimiz çox maraqlı leksiyalar deyir və dərslər keçirilir. Onlar bizi dərsə qarşı həvəsləndirir".

AZMİU-nun 1-ci kurs tələbəsi Nuranə Vəlizadə: “AZMİU-nun Menecment ixtisasına qəbul olmuşam. Universitetə daxil olanda artıq böyüdüyümün fərqinə vardım. Yeni-yeni insanlarla tanış oldum. İlk dərs günü qrup nümayəndəsi seçildim, universitetə, qrup yoldaşlarıma daha çox bağlandım.

Qrupum 24 nəfərdən ibarətdir. Qrup yoldaşlarımla bu 4 ili uğurlu şəkildə başa vuracağımıza ümid edir və hər birinə bakalavr müddəti ərzində nailiyyətlər arzu edirəm.
Ali məktəbə qəbul olan hər kəsə yeni həyatında uğurlar”.

ADU 1-ci kurs tələbəsi Xatun Rzabəyli: “Mən Rzabəyli Xatun. Azərbaycan Dillər Universitetinin Alman dili üzrə dil ədəbiyyat müəllimliyinin 1- ci kurs tələbəsiyəm. Tələbə olaraq keçirdiyim bu hisslər çox qürurverici və möhtəşəmdir.

İlk dərs günü çox maraqlı keçdi. Yeni insanlar, yeni mühit, bir sözlə həyatımda yeni, rəngarəng bir səhifə açdım. İlk başda dərslər çox qəliz gəlsə də, artıq yavaş-yavaş öhdəsindən gələcəyimə əminəm.

Başda özüm olmaqla, tələbə kimi həyat yoluna davam edən hər kəsə uğurlar arzu edirəm”.

ADPU-nin 1-ci kurs tələbəsi Rəvan İsmaylov: "Azərbaycan Dövlət Pedaqoji Universetetin filologiya fakültəsinə, xarici dil müəllimliyinə (ingilis dili üzrə) qəbul olmuşam. Əvvəldən bu universiteti istəyirdim, anam da ingilis dili müəllimidir, bu ixtisasa həvəsi məndə anam yaradıb. İstədiyim universitetə və istədiyim ixtisasa qəbul oldum. Bütün qrup yoldaşlarımla bacardığımız qədər calışırıq. Çətinliyimiz olanda müəllimlərimiz çox dəstək olur, xüsusilə, müəllimimiz Mirvari Qasımovadan çox razıyıq. İxtisasımız ilə bağlı olan bütün dərsləri müəllimlərimiz ingilis dilində tədris edir, bu da bizə çox kömək olur. Evə verilən tapşırıqlarımız həm maraqlı, həm də ixtisasımız üçün vacib materiallar olur. Universitetdə 1-ci kurs tələbələrinə diqqət və qayğı var".

AZMİU-nun 1-ci kurs tələbəsi Nəcəfova Nərgiz: “Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti - iqtisad fakültəsinə qəbul olmuşam. Universitetə gəldiyim ilk gün çox həyəcanlı idim, artıq qarşıda yeni bir həyat məni gözləyirdi. Bir müddət sonra məktəbə və uşaqlara öyrəşməyə başladım. Anladım ki, “Tələbə olmaq tamam başqadır” deyənlər nəyi nəzərdə tuturdular”.

ADU 1-ci kurs tələbəsi Ləman Məmmədova: "Mən, Məmmədova Ləman. ADU-nun Jurnalistika fakültəsinin 1-ci kurs tələbəsiyəm. Uşaqlıqdan bəri xəyal etdiyim işi icra etmək üçün atdığım ilk addım mənə bu peşənin dərinliklərini öyrənməyə kömək edəcək. Universitetin ilk günlərini müəllim və qrup yoldaşlarımı tanımaq üçün keçirdim. Çətin olsa da, dərslərə uyğunlaşmağım zaman oldu.

AZMİU 1-ci kurs tələbəsi Ayxan Qasımzadə: “Mənim adım Ayxandır. Bu zamana qədər təhsil həyatım yüksək səviyyədə keçib. 183 nömrəli tam orta məktəbdə 9-cu sinfə qədər təhsil almışam və daha sonra ilk dəfə tələbə adını qazanaraq təhsilimi İqtisad Universiteti nəzdində Maliyyə İqtisad kollecində maliyyə işi ixtisası üzrə davam etdirmişəm. Buranı yüksək ballarla bitirib Azərbaycan Memarlıq və İnşaat Universitetinin menecment ixtisasına qəbul olmuşam və bu, mənim həyatımda ikinci dəfə olaraq tələbə adını qazanmağım idi.

Universitetdə təhsil həyatım çox maraqlı keçir. Burada yüksək səviyyəli kadrlarla təhsilimi davam etdirirəm. Müəllimlər çox anlayışlı, mehribandır və daim tələbələrə dəstək olmağa çalışırlar.

Qrupumuz 24 nəfərdən ibarətdir və biz tələbə yoldaşlarımızla çox yaxşı səviyyədə tanış olduq. Dərsləri bizə çox aydın və izahlı şəkildə öyrədirlər. Universitet seçimi qarşısında qalan hər bir kəsə Azərbaycan Memarlıq və İnşaat Universitetini məsləhət görürəm”.

Ayşən Vəli