Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımız Azərbaycan tarixində şanlı qələbə qazanaraq zəfər çaldılar. 44 günlük müharibə nəticəsində 30 il işğal altında olan torpaqlarımız geri qaytarıldı. Hər kəsin xəyalları gerçək oldu. Bu gerçəkliyi dəyanətli oğullarımız qazandı. Məhz müharibə nəticəsində canından və qanından keçən şəhid ailələrinin və qazilərimizin həyat şəraitini yaxşılaşdırmaq eyni zamanda problemlərini həll etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında “YAŞAT” Fondu yaradıldı. “YAŞAT” Fond müntəzəm olaraq şəhid ailələrinin, qazilərin həyat və fəaliyyətlərinin yaxşılaşdırılması istiqamətində fəaliyyət göstərir. Bəs il ərzində nə qədər şəhid ailəsinə və yaralılarımıza yardımlar olunub? Fond tərəfindən xaricə göndərilən yararlılarımızın sayı neçədir? Hazırda onların səhhəti nə durumdadır? Mövzu ilə əlaqədar olaraq SİA-nın sorğusuna “YAŞAT” Fondunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev cavab verib.
Mətbuat katibi qeyd edib ki, ölkə ərazisində 2 927 şəhidin ailə üzvləri, habelə 5 848 yaralı olmaqla ümumilikdə 17 213 şəxslə görüşülüb, ehtiyacları qeydə alınıb (yashat.gov.az saytında) və 13 558 şəxsin 30 740 müraciəti icra üçün öhdəliyə götürülüb: "Reallaşmış ödəniş sayı 24 873-dür. Ümumilikdə 182 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilmiş, onlardan 175-i ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Müalicə alanlardan 160-ı ölkəyə geri qayıtmış, onlardan 155-i yaralı, 5-i şəhid ailəsi üzvüdür. Hazırda 20 ağır yaralının və 2 şəhid ailəsi üzvünün müalicəsi Türkiyə Respublikasında davam edir".