Britaniyalı mütəxəssislər dünyanın 200 ölkəsində internetin sürətini araşdırıblar. Ölkələri bu göstərici üzrə sıralamaq üçün mütəxəssislər 5 giqabaytlıq HD videonu yükləmək üçün lazım olan vaxtı hesablayıb. Sinqapur və Skandinaviya ölkələri filmləri HD formatda yükləmək üçün ən az vaxt tələb edən ölkələr sırasındadır. Belə ki, Sinqapurda bu əməliyyat cəmi 11 dəqiqə 18 saniyə çəkib. Buna görə də, burada yükləmə sürəti 60,4 Mbps olduğunu öyrəniblər. İnternetin ən yavaş olduğu ölkə olan Yəməndə yükləmə sürəti 0,3 Mbit/s-dən çox azdır - film üçün demək olar ki, dörd saat gözləməli olublar.
İsveç, Danimarka və Norveç də reytinqdə ön sıralardadır. Burada nəzarət videosunu yükləmək 14-17 dəqiqə çəkib. İlk 10-luqda Rumıniya, Belçika, Hollandiya, Lüksemburq və Macarıstan yer alıb.
Araşdırma Rusiyada da aparılıb və ölkə 47-ci sırada olub. Burada mütəxəssislər yalnız 50 dəqiqədən sonra yükləmənin bitməsini gözlədilər. Avstraliya, Yunanıstan, İsrail, Türkiyə, Çin və Misirdən daha yavaş videolar yüklənir. Reytinqin sonunda Yəmənlə yanaşı Suriya, Mavritaniya, Qvineya, Somali və Türkmənistan qərarlaşıb.
Sürətli internet iqtisadiyyat üçün həyati əhəmiyyət kəsb edir və bu gün, COVID-19 dövründə insanlara işləməyə, biznes qurmağa və səmərəli ünsiyyət qurmağa imkan verən əsas amillərdən biridir.
Eyni zamanda, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 122-ci yerdə qərarlaşıb ki, bu da iyul ayı ilə müqayisədə bir pillə azdır. Belə ki, avqust ayında ölkə üzrə sabit genişzolaqlı internetin orta sürəti 22,15 MB/s təşkil edib.
Ümumilikdə stasionar genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (219,01 MB/s), sonuncu yerdə isə Əfqanıstan (1,9 MB/s) qərarlaşıb. Mobil data reytinqində Norveç 122,77 MB/s ilə birinci, Kuba isə 4,15 MB/s ilə 140-cı yerdədir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ölkə ərazisində internetin sürətinin zəif olması ilə bağlı müraciətlər kütləvi xarakter daşımır.
Fərdi qaydada texniki nasazlığın baş verməsi hallarda internetin zəif olması mümkündür. Bu hallarda da abunəçilərin müraciəti əsasında internet xidmətində yaranan texniki nasazlıqlar nazirliyin müvafiq qurumları tərəfindən dərhal nəzarətə götürülərək aradan qaldırılır.
İnternetin keyfiyyətsizliyini aradan qaldırmaq üçün hansısa tədbirlər görüləcək?
Müasir texnologiyaların tətbiqi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində “Aztelekom” MMC tərəfindən ölkənin müxtəlif bölgələrində yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.
Növbəti olaraq bir neçə gün öncə Quba rayonunun Vladimirovka və Xınalıq kəndlərində sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib. Vladimirovka kəndində 780, Xınalıq kəndində isə 537 ev təsərrüfatı yüksək sürətli internetlə tam əhatə edilib.
Bundan əlavə, Quba şəhəri ərazisində 1700 abunəlik şəbəkə tikilib. Hazırda 600 abunəçi internet xidmətindən istifadə edir. Qəçrəş kəndində aparılan tikinti işlərinin isə yaxın 2 ay ərzində başa çatdırılması nəzərdə tutulur. Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksək sürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur.
Qeyd edək ki, genişzolaqlı xidmətlərə vətəndaşların əlçatanlılığının tam təmin olunması işləri ölkə üzrə 2024-cü ildə başa çatdırılacaq.
İT və innovasiya sahəsində müxtəlif layihələrin təsisçisi Cəmil Hüseynzadənin sözlərinə görə, internetin zəif olmasına əsas səbəb bir çox yerlərdə hələ də müasir texnologiyaların tətbiqinin ləngiməsidir. Bir çox yerlərdə internetin verilişində fiber optik kabellərdən istifadə olunmur. Biz özümüz iştirak etdiyimiz layihələrin əksəriyyətində regionda yaşayan şəxslər internetlə bağlı şikayətçi olur və layihələrə qoşulmaqda çətinlik çəkirlər. Bəzən elə hal olub ki, insanlar evdəki vayfayları ilə internetə qoşula bilmədikləri üçün biz onlar üçün mobil internet paketi almalı olmuşuq.
İnternetin sürəti cihazların modelindən çox az asılıdır. Ölkənin əksər hissəsində internetin verilişi köhnəlmiş və artıq zəifləmiş texnologiya ilə həyata keçirilir.
Daha öncə qeyd etdiyim kimi internetin keyfiyyəti cihaz modellərindən daha az asılıdır. Əgər qəbul edilən dalğalar internet istifadəsi üçün kifayət etmirsə, güclü cihazların da bir faydası olmayacaq. Kompüter ilə internetə qoşulan şəxslər LAN kabel vasitəsi ilə şəbəkəyə qoşulsalar internet daha sürətli olar və ev daxilində modemi düzgün yerdə yerləşdirmək lazımdır. Bəzən giriş qapısının yanına modem qoyurlar, bu tam dorğru deyil, çünki zəif dalğalar divarları keçərkən daha da zəifləyir. Bir şeyi də qeyd edim ki, kompüterlər arasında HP modelli kompüterlər internetə zəif qoşulması ilə populyardır.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz vəziyyəti belə izah edir ki, internet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) tabeliyində olan qurumlar nəzarət edir. Bunlar "Baktelecom”, "Aztelekom”, "Azeurotel” , "AzDataCom” və "Azercell”dir. Ekspert əlavə edir ki, bu qurumların satdığı internet kifayət qədər bahadır: "NRYTN haqsız rəqabət aparır. Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provaydreləri isə bu resurslardan sərbəst istifadə edirlər”.
Ekspert deyir ki, özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyində olan dövlət provayderləri mane olur: "İnternet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri "DeltaTelecom”un 70 faiz qiymət endirimini boykot edib. Müşahidələr və monitorinqlər göstərir ki provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar”.
Düşünürəm ki, həm hökumət tərəfindən, həm də cəmiyyət tərəfindən atılan addımlar gücləndirilməlidir. Hökumət keyfiyyətsiz internetlə bağlı cəza tədbirlərini artırsa, daha yaxşı olar. Bəlli standartlar müəyyən olunmalı, onları pozan provayderlərə qarşı sərt tədbirlər görülməlidir.
Havar Şəfiyeva