Ənənəvi idman növlərindən biri olan güləş hər zaman olduğu kimi, bu il də öz uğurları ilə göz önündə olub. Güləş idman növü üzrə idmçançılarımız dünyada və ölkə də keçirilən yarışlarda üstünlük təşkil edərək, bayrağımızı daima zirvələrə qaldırıblar. Bəs keçirilən yarışlarda idmançılarımız nə qədər medal əldə edib? İndiyənə kimi neçə yarış keçirilib? İdmançılarımızın daha sağlam şəkildə inkişaf edərək, təcrübələrinin artırılması istiqamətində nə kimi işlər görülür?
Mövzu ilə əlaqədar olaraq SİA-nın suallarına Azərbaycan Güləş Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sərxan Musalı cavab verib.

Qurum rəsmisinin sözlərinə görə, 2022-ci il Azərbaycan güləşi üçün kifayət qədər intensiv keçir: "İlin əvvəlindən bu günədək müxtəlif yaş qrupları üzrə ölkə çempionatları keçirilib. Bu yarışlarda ümumilikdə 1800-dən artıq güləşçi mübarizə aparıb. Bu il Azərbaycan güləşi tarixində ilk dəfə U-15 yaş qrupu və çimərlik güləşi üzrə ölkə çempionatı təşkil edilib. Bu da güləşin kütləviliyinin artmasına və populyarlaşmasına böyük təkan verən amillərdən biridir. Bundan başqa, il ərzində ayrı-ayrı idman təşkilatlarının və cəmiyyətlərinin təşəbbüsüylə müxtəlif turnirlər keçirilib. Noyabrda yeniyetmələr arasında yeni yarışın təşkili də nəzərdə tutulub. Bu turnir U-17 yaş qrupu üzrə milli komandaların heyətinə seçim xarakteri daşıyır. Gələcəkdə bu yarışın ənənəvi olaraq keçirilməsi də istisna deyil. Dekabrda isə böyüklər arasında növbəti Azərbaycan çempionatı təşkil ediləcək. Bu il beynəlxalq yarışlarda böyük uğurlar əldə etmişik".
Sərxan Musalı həmçinin güləş üzrə idmançılarımızın indiyənə kimi çempionatda nə qədər medal əldə etməsindəndə söhbət açıb: "Güləşçilərimiz indiyədək keçirilən Avropa və dünya çempionatlarında 54-ü qızıl, 31-i gümüş və 49-u bürünc olmaqla, ümumilikdə 134 medal qazanılıb. 5 millimiz komanda hesabında Avropa çempionu olub. Bir neçə komandamız dünya çempionatlarında ilk “3-lük”də yer alıb. Bir neçə istiqamətdə şəxsi rekordlarımızı yeniləmişik. Bundan əlavə çoxsaylı turnirlərdə qalib və mükafatçılarımız olub.
Bütün bunlar ilboyu həm ölkə daxilində, həm də ölkə xaricində yüksək səviyyədə təlim-məşq toplanışlarının keçirilməsinin, maddi-texniki bazanın, idmançıların yemək və yataq şəraitinin yaxşılaşdırılmasının, vitaminlə təminat problemlərinin aradan qaldırılmasının göstəricisidir.
Qarşıda bizi noyabrın 5-6-da Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kuboku gözləyir. Məqsəd həm bu yarışı yüksək səviyyədə təşkil etmək, həm də kuboku qazanmaqdır".