Niderland final mərhələsinə, Türkiyə B Liqasına yüksəlib

23 Sentyabr 2022 00:42 (UTC+04:00)

UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib. SİA-nın məlumatına görə, A, C və D Liqalarında ümumilikdə 10 oyun keçirilib.

A Liqasının 1-ci qrupunda Danimarkanı 2:1 hesabı ilə məğlub edən Xorvatiya seçməsi liderliyə yüksəlib. Avstriyanı 2 cavabsız qolla üstələyən Fransa yığması sonuncu pillədən qurtulub.

4-cü qrupda səfərdə Polşaya 2:0 hesabı ilə qalib gələn Niderland millisi qrup liderliyini təmin edərək final mərhələsinə yüksəlib. Qrupun digər görüşündə Belçika Uelsi məğlubiyyətə uğradıb - 2:1.

C Liqasının 1-ci qrupunda evdə Lüksemburqla 3:3 hesablı heç-heçə edən Türkiyə yığması B Liqasına vəsiqə qazanıb. Litva - Farer adaları matçında isə qalib müəyyənləşməyib - 1:1. Bu nəticədən qrupda sonuncu olan Litvanın D Liqasına düşəcəyi dəqiqləşib.

3-cü qrupda Belarusu 2:1 hesabı ilə məğlub edən Qazaxıstan seçməsi qrup liderliyini rəsmiləşdirib. Azərbaycan millisi Trnavada Slovakiyanı 2:1 hesabı ilə məğlub edərək ikinci pilləyə yüksəlib. Belarus kollektivi bu nəticədən sonra D Liqasına düşüb.

Nəhayət, D Liqasında Moldova səfərdə Latviya ilə, Andorra isə Lixtenşteynlə matçda qələbə qazanıb.