Azərbaycan nümayəndə heyəti XLIII Baş Assambleyada iştirak edib - FOTO

23 Sentyabr 2022 01:04 (UTC+04:00)

Niderlandın Arnhem şəhərində Avropa Voleybol Konfederasiyasının (CEV) XLIII Baş Assambleyası keçirilib. SİA Azərbaycan Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadla xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) prezidenti Ari Qraça və CEV prezidenti Aleksandr Boriçiçin rəhbərlik etdiyi Assambleyaya 52 yerli federasiyanın nümayəndələri qatılıb. Yığıncaqda AVF rəsmiləri də iştirak ediblər. Baş Assambleyada ölkəmizi CEV İdarə Heyətinin üzvü, AVF-in vitse-prezidenti Cəlil Cəfərov və baş katib Fərid Xəlilov təmsil ediblər.

A.Boriçiç iştirakçıları salamlayıb və Arnhem şəhərində baş tutan Assambleyanın Avropa voleybol ailəsinin son nailiyyətlərindən biri olduğunu qeyd edib. FIVB ilə çox sıx və məhsuldar əməkdaşlıqdan danışan CEV rəsmisi pandemiyanın yaratdığı fasilədən sonra keçirilən yarışlardan söz açıb. O, 2018-ci ildən idmançılar üçün yarışlarda pul mükafatını artırdıqlarını və illik büdcələrini 21 milyon avroya çatdırdıqlarını vurğulayıb.

FIVB-nin prezidenti Ari Qraça isə dünyada milli federasiyalara göstərilən dəstəyi qeyd edib: "Biz hamımız son bir neçə il ərzində voleybolun nə qədər inkişaf etdiyini görürük. Ancaq bu idman növü daha da böyüməlidir. Ona görə də hər dəfə yaxşı ideya görəndə və ya müsbət görüş keçirəndə həmin fikirləri ölkənizə aparın. Hər kəsə göstərin ki, voleybolun inkişafı üçün nə qədər güclü plan qurularsa, o qədər yüksək nəticələr əldə olunar. Çalışmalıyıq ki, A.Boriçiçin rəhbərliyi altında Avropada qazanılan uğurları digər ölkələr də əldə etsin".

Qeyd edək ki, Niderlandda təşkil olunan Avropa Voleybol Konfederasiyasının XLIII Baş Assambleyasının ardınca sentyabrın 23-25-də Beynəlxalq Voleybol Federasiyasının Konqresi təşkil olunacaq.