Yoluxucu olmayan xəstəliklər daha ölümcüldür

22 Sentyabr 2022 19:22 (UTC+04:00)

Qeyri-infeksion xəstəliklərin yoluxucu xəstəliklərlə müqayisədə daha ölümcül hala gəldiyi bildirilir. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı hesabatda yoluxucu olmayan xərçəng, diabet, ürək və ağciyər xəstəlikləri kimi səbəblərdən ölümlər araşdırılıb. Məlum olub ki, xərçəng, şəkərli diabet və xroniki respirator xəstəliklər hər il 41 milyon insanın həyatına son qoyur.

2019-cu ildə 70 yaşa qədər 17 milyon insan qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişib.

Ölümlərin 86 faizi aşağı və ya orta gəlirli ölkələrdə baş verib.

Qeyri-infeksion xəstəliklərə görə insan itkisinin yoluxucu xəstəliklərdən daha çox olduğu müşahidə edilib.

Hesabatda ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusun da sözlərinə yer verilib: “Qeyri-infeksion xəstəliklərin yaratdığı təhlükələrin həqiqi miqyası bu hesabatla bir daha görünür. Tədbir görülməzsə, bu cür xəstəliklər əsrin ən böyük təhlükəsinə çevrilə bilər”.