Nümayişlər İranın 20-dən çox şəhərinə yayılıb

22 Sentyabr 2022 17:44 (UTC+04:00)

İranda 22 yaşlı Məhsa Əmininin "çadra qaydalarına əməl etmədiyi" səbəbi ilə saxlanıldıqdan və ölümündən sonra başlayan nümayişlər 6-cı gününə girib. SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə,əzi şəhərlərdə etirazçılar polis və təcili yardım maşınlarını yandırıblar.

Paytaxt Tehranda sentyabrın 13-də “əxlaq polisi” kimi tanınan İrşad patrulları tərəfindən saxlanıldıqdan sonra komaya düşən və ayın 16-da dünyasını dəyişən Məhsa Əmininin ölümü ilə başlayan nümayişlər indiyədək bir çox şəhərdə - başda Tehran olmaqla, Sənəndəc, Kərəc, Təbriz, Məşhəd, Kiş, Kirman, Yəzd, Rəşt, Bəndər Abbas, Abadan, Kirmanşah, Ərdəbil, İsfahan, Urmiya, Qəzvin, Zəncan, İlam, Mazandaran və Həmədanda davam edir.

Nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında bir çox yerdə şiddətli toqquşmalar olub.

Sosial mediada yayımlanan görüntülərə görə, 21 sentyabr gecəsi Xorasan əyalətinin Bucnurd rayonunda nümayişçilər polis idarəsinə hücum edərək qurumu yandırıblar.

İran Səhiyyə Nazirliyinin sözçüsü Pedram Pakayin baş verən hadisələr zamanı nümayişçilər tərəfindən 61 təcili yardım maşınının yararsız hala salındığını deyib.

Nümayişlərdə ölən, yaralanan və həbs olunanların sayı ilə bağlı hələlik dəqiq məlumat olmasa da, hakimiyyət orqanlarının müxtəlif vaxtlarda verdiyi açıqlamalara görə, etirazlar zamanı 2-si mühafizəçi olmaqla azı 9 nəfər həyatını itirib.

İran hakimiyyəti Məşhəd, Təbriz və Qəzvin şəhərlərində keçirilən nümayişlər zamanı 3 rejim tərəfdarı Besiç üzvünün nümayişçilər tərəfindən öldürüldüyünü bildirib.

Xatırladaq ki, Məhsa Əmininin doğulduğu Sakkız şəhərində 17 sentyabrda dəfnindən sonra paytaxt Tehran və ölkənin qərbindəki şəhərlərdə etiraz nümayişləri başlayıb.