"Azərbaycanın şərtləri ilə razılaşsaydılar itkilər olmaya bilərdi" - MİLLƏT VƏKİLİ DANIŞDI

22 Sentyabr 2022 17:04 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyevin Laçına səfərini tarxi səfər adlandırmaq olar”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə bildirib.

Millət vəkili qeyd edib ki, 30 il işğal altında olan ərazilərimizi qısa müddətdə işğaldan azad edən Ali Baş Komandan bu günlərdə Laçına ilk dəfə səfər etdi: “Prezident orada Azərbaycan bayrağını qaldıraraq, əbədi olaraq Laçında dalğalanacağını bildirdi. Laçının işğalı və ondan sonraki proseslər barədə fikrini bildirən cənab Prezident torpaqlarımızın əksər hissələrini qəhrəmanlarımızın rəşadəti nəticəsində işğaldan azad edildiyini bir qisminin isə Azərbaycanın apardığı aktiv siyasi fəaliyyət nəticəsində işğaldan azad etməyin mümkün olduğunu bildirdi. Həmçinin bütün bölgələrdə olduğu kimi Laçın şəhərində və onun ətrafındakı Zabux və Sus kəndlərində də erməni vandalizminin izləri görünür. Ancaq özlərinin qeyri-qanuni məskunlaşdırdıqları yerdə nisbətən uyğun şərait qalıb. Qalan yerlər isə varvarcasına viran qoyulub. Cənab Prezident Laçının bərpa edilməsi üçün gərgin işlərin görüldüyünü bu istiqamətdə müəyyən fəaliyyətin aparıldığı barədə ictimaiyyətə məlumat verdi. Həmçinin laçınlıların gələn ilin sonuna kimi öz yurdlarına qayıdacaqlarına dair məlumat verdi. Bu onu göstərir ki, görülən işlər genişmiqyaslıdır, insanların yaxşı yaşaması üçün şərait yaradılaraq, iş yerləri açılacaq. Bununla da laçınlılar öz yurdları ilə qürur duyacaq. Cənab Prezident eyni zamanda bildirdi ki, 44 günlük müharibədə Ermənistan böyük itkilər verdi və bu itkilər olmaya bilərdi. Əgər vaxtı ilə Azərbaycanın şərtləri ilə razılaşsaydılar itkilər olmaya bilərdi. Ali Baş Komandan sentyabr hadisələrinə toxunaraq bildirdi ki, Ermənistanın iddiaları əsassızdır. Ona görə ki, ortada tarixi xətlər və burada Azərbaycan silahlı Qüvvələrin tutduğu mövqelərin Azərbaycana məxsus olduğu bildirilir”.