Kafe və restoranlardakı astronomik qiymətlər – ARAŞDIRMA

22 Sentyabr 2022 15:25 (UTC+04:00)

Bakının restoran biznesi: qiymətlər keyfiyyətə, xidmətlər qiymətə uyğundurmu?

Bölgələrdə iş yerlərinin və əməkhaqqının paytaxta nisbətən azlığı tez-tez vurğulansa da, Bakıda yaşayanların vəziyyəti kiçik şəhərlərdə və kəndlərdə yaşayanlardan daha çətindir desək, ədalətsizlik etmiş olmarıq. Dünyanın əksər iri meqapolislərində olduğu kimi, Bakıda da həyat bahalıdır, yaşam bahalıdır, ölməmək bahalıdır. Bu dəfə Bakının mərkəzi rayonlarında restoran və kafelərin fəaliyyətindən, göstərdikləri xidmətdən və xidmətə görə ödənilən məbləğdən yazmaq istədik.

Bakının mərkəzində ən ucuz adi nahar neçəyə başa gəlir?

Şəhərdə acmış, evi uzaqda olan şəxsin sadə kafedə ən ucuz bir pay yemək yeməsi 5 manata başa gəlir. Təsəvvür edin ki, şəhərin mərkəzində normal görünüşə malik ortabab bir kafedə nahar etmək niyyətinə düşdünüz. Kabab belə kafelərin menyusunda əsas yeri tutur. Fərz edək ki, müştəri bir şiş kabab istəyir, bir qab salat, bir tikə pendir və bir şüşə su. Yəni, ən sadə bir menyu.

Bir şiş kabab- 6-7 manat, salat- 2 manat, pendir- 2 manat, 1 stəkan su və ya şirə- 1-2 manat. Orta hesabla 15 manat. 1 şiş kababda ən çox olsa 150 qram ət olar. Ətin kilosu 10-15 manat arasındadır, 150 qram kabab müştəriyə yarım kilo ətin qiymətinə başa gəlir.

Nəzərə alsaq ki, restoran və kafelər əti bazar qiymətindən bir az aşağı alırlar, onda bu ətin müştəriyə 5 qat qiymətə sırındığı məlum olar. Eləcə də, salat, içki və digər soyuq qəlyanaltılar dəyərindən 4-5 dəfə baha satılır.

Maraqlısı isə odur ki, bu soyğunçuluqdan sonra irad bildirmək istəyən müştərilərə elə baxırlar ki, elə bil pis iş görürsən, ya da soruşulmayası sözü soruşursan.

Ya da başqa bir formada naharı götürək- bir porziya qazan yeməyi (sulu yemək və quru yemək) insana azı 15 manata başa gəlir. Yeməkdən sonra çay içmək istəsən o zaman daha 2-3 manat da hesaba əlavə etməli olacaqsan (baxmayaraq ki, bir çaydan çayın maya dəyəri heç 20 qəpik belə etmir). Yəni, ən ucuz normal nahar 17 manat.

Onu da deyək ki, biz elit restoranlardan danışmırıq, adi yeməkxanaları nəzərdə tuturuq. Amma şəhərimizdə qiymətlərin kəllə-çarxda olduğu restoranlar da az deyil. Bu barədə başqa yazıda danışacağıq, hələlik isə, son dövrlərdə artımış zərərli restoran biznesi- “fast-foodlar” haqda...

Ekspress nahar və ya “fast-food” servisi

Sözügedən məkanlarda təklif olunan yeməklər həm də ünvana çatdırılır. Sifariş edilən yeməkləri ünvana “pulsuz” çatdıran restoran və kafe əslində yeməklərdən kifayət qədər qazanır, bunun üçün ünvana çatdırmaq üçün əlavə ödəniş almağa ehtiyac qalmır.

Səbəbini soracaq olsanız, təklif olunan yeməklərin qiymətlərinə diqqət edin. Şəhərin mərkəzində məhşur bir məkanın ekspress yeməklərinin qiymətləri. Bir pay üçün:

1. Lahmacun - 3 manat

2. Salatlar – 2-4 manat

3. Şorbalar – 3-5 manat

4. Şirniyyatlar – 2-3 manat

5. Dönər (növündən asılı olaraq)- 3-5 manat

6. Kabab (1 şiş- 150 qr) –6-7 manat

7. Sadə səhər yeməyi- 6-7 manat

8. Qazan yeməkləri- 5-8 manat

9. İçkilər (stəkan)- 1-2 manat

Göründüyü kimi, yeməklərin qiyməti kifayət qədər bahadır. Hesablayaq: nahar etmək üçün bu məkana girsəniz və ən sadə menyunu istəsəniz, belə bir mənzərə alınacaq: yemək (1 pay sulu, 1 pay quru)- 8 manat, salat- 2 manat, içki- 1-2 manat, ortalama 13-14 manat. Gündə bir dəfə bu cür nahar etsən, həftədə 70-80 manat, ayda 300 manata yaxın pul edər.

Üstəlik, bir pay sayılan bu yeməklər əslində, çox kiçik həcmdə təklif olunur ki, normal qidalanan insanın doyması üçün kifayət etmir. Ona görə də az maaşa işləyən “ofis”çilər ucuz çatdırma servislərinə, “fast-food”çulara müraciət etməyə məcbur olurlar. Onlarda da qiymətlər nisbətən ucuz olsa da heç bir keyfiyyətdən söhbət belə hedə bilməz.

Möcüzəsiz sobalardan çıxan möcüzəli qiymətlər

Hər gün mərkəzdəki ofislərə yeni bir restoranın və ya kafenin reklam bukletləri təqdim olunur. Deyəsən, yeni dövrün gərgin iş qrafikinin ofis işçilərini əlüstü, kompüter qarşısından qalxmadan “nahar” etməyə məcbur etməsi “fast-food” restoranların bazarını gücləndirir.

Müştəri sarıdan korluq çəkməyən şirniyyat məmulatları və “fast-food”lar hazırlayıb satan kafe-mağazalarda da qiymətlər dəhşətli dərəcədə bahadır. Məsələn, içərisində heç nə olmayan adi kiçik bulkanın və ya kökənin qiyməti 60-70 qəpikdir. Maraqlıdır, 650 qramlıq çörəyin qiyməti 70 qəpik olduğu halda, onun onda biri qədər çəkisi olmayan adi bulka necə 70 qəpik ola bilər?

Bu bulkanın arasına sosis, kartof püresi, meyvə cemi, göyərti kimi ərzaqlardan biri qoyulduqda qiymət azı 1-2 manata çıxır. Belə “sendviç”in azı 3-nü yeməlisən ki, aclığını bir az təxirə salasan. Ayran, çay, kakao isə stakanı 1 manat. Yəni, belə yerlərdə əülstü nahar azı 5 manata başa gəlir.

O ki qaldı “fast-food” yeməklərin sağlamlıq üçün yaratdığı dəhşətli təhlükələrə və xəstəliklərə, bu barədə çox yazılıb və bu, tamam başqa bir söhbətin mövzusudur.

Bahalı restoranların müştəriləri daha çoxdur

Paytaxtımızın mərkəzində sadə insanların gedə biləcəyi məkanlar olduqca azdır. Çoxlarımız üçün əlçatmaz olan belə məkanların sayı da getdikcə artır. VİP adlandırırlan kafelər, restoranlar cah-cəlalı ilə göz qamaşdırır. Bir az bəzək-düzək, bir az yaxşı xidmət və bunların nəticəsində də əməlli-başlı soyğunçuluq. Lakin buna baxmayaraq bahalı restoranlar müştəri sarıdan korluq çəkmirlər.

Heç kimə sirr deyil ki, belə məkanlara özümüzdən çox, əcnəbilər gedir. Ən yaxşı kafe və restoranlarda da onlar nahar edir. Bir az da dərinə getsək görərik ki, elə nəinki naharı, səhər və şam yeməklərini də bu cür məkanlarda edən əcnəbilərdən ötrü bu hesablama önəmli deyil.

Bakının hər yerini bürümüş şəbəkə restoranlarında da bahalıqdır. Düzdür, burada xidmət və şərait yüksəkdir, amma müştərini verdiyi pul restoranın interyerindən və əlyəşdiyi masanın materialından daha çox maraqlandırır.

Əslində, normal əməkhaqqının müqabilində bu restoranlarda nahar etmək problem yaratmaz. Amma nəzərə alsaq ki, bizim gerçəkliklər buna imkan vermir, insanlarımız olduqca az əməkhaqqı müqabilində gecə-gündüz çalışır, o zaman mənzərə başqa cür görünür. Qısası, bu cür yerlər sadə insanlar üçün nəzərdə tutulmayıb.

Əməkdaşlardan soruşduqda yeməklərin qiymətlərinin normadan xeyli baha olmasını ərzaqları baha aldıqları ilə izah etməyə çalışırlar. Onlara bazardakı mövcud qiymətləri xatırlatdıqda isə, “biz ərzağı bazardan almırıq”-deyə cavab verdi. Belə yerdə nə deyəsən, belə çıxır ki, bu restorana kələm, pomidor, kartof kimi tərəvəzlər Amerikadan, ya da Yaponiyadan gətirilirmiş.

Şübhəli, naməlum və... təhlükəli yeməklər

Xidmətlərin və yeməklərin keyfiyyətinə gəldikdə qeyd etməliyik ki, müştəri yediyi yeməyin hansı keyfiyyətli məhsuldan hazırlandığını bilmir və hazırlanma prosesini görmür. Mədəni ölkələrdə kafe-restoranların salonlarını mətbəxdən şəffaf şüşə arakəsmə ayırır ki, müştəri yeməyin hansı ərzaqdan və hansı gigiyenik şəraitdə hazırlandığını görür.

Son vaxtlar saxta məhsulların aşkar olunması haqda mediada yayımlanan xəbərlər, belə keyfiyyətsiz məhsulların əsasən, kafe-restoranlarda realizə edildiyi haqda söylənənlər, şadlıq evləri və restoranlarda baş verən zəhərlənmə halları da narahatlıq yaradır.

Adi bir fakt- qızardılmış yeməklərdə yağ birdəfəlik istifadə olunmalıdır, əks-halda bu ciddi zəhərlənmə yarada bilər. Bizim yeməkxanalarda isə, bu qaydaya əməl olunduğunu söyləmək olmaz. Bizdə səhər tavaya tökülən yağda axşamadək qızartma yeməklər bişirilir. Ümumiyyətlə, yeməyin hazırlandığı yağın keyfiyyətini, istifadə vaxtı keçib-keçmədiyini də bilmək olmur.

Bir çox kafe-restoranlarda qabların təmiz yuyulmaması və masaların üstünün yaxşı təmizlənməməsi də problem yarada bilir. Belə hallar yoluxucu xəstəliklərin tüğyan etməsinə gətirib çıxara bilər.

Kasıblar üçün olan restoranın varlı müştəriləri

Mərkəzdəki elit restoranlarda qiymətlər baha olduğundan orta və aşağı imkanlı təbəqə daha çox künc-bucaqdakı “xudmani” kafelərə üz tutur ki, burada da xidmət və keyfiyyətdən danışmaq çətindir.

Belə kafelərin çoxunda isə masaların üstündə heç menyu da yoxdur, bəzilərində isə menyu var, qiymətlər yoxdur. Belədə, qarson yemək-içməklərin adlarını bir-bir saymalı olur. Burada əsas problem odur ki, bütün yeməklərin qiymətini bir-bir soruşa bilmirsən (bu, çox vaxt aparır və başağrısı olur) və sonda sənə istədikləri qiyməti “oxuyurlar”. Yediyin yemək burnundan gəlir, amma heç nə deyə bilmirsən, desən belə “bizdə qiymətlər belədir, yeməyəydiniz”- deyə cavab verəcəklər. Xırman-yaba məsələsi yəni...

Bir şey də maraqlıdır- dünya ölkələrində maddi imkan cəhətdən aşağı təminatlı insanların üz tutduğu məhşur amerikan brendli restoranlar şəbəkəsinə (McDonalds) bizdə imkanlı vətəndaşlarımız üz tutur ki, burada da kimya sənayesinin “nailiyyət”lərindən və genetik modofikasiya olunmuş məhsullardan hazırlanmış kimyəvi qidalara baha qiymət ödəyirlər.

Üstəlik, körpə və kiçik yaşlı uşaqları da bu restoranların xidmətlərinə- çipsilərə, kolalara və s zərərli məmulatlara dadandırırlar ki, bu da onların sağlamlığına ağır zərbələr vurur.

ABŞ-ın özündə bu restoranlara qarşı istehlakçı birliklərinin mübarizəsi davam edir və getdikcə daha çox insan bu restoranlardan istifadə etməməyə qərar verir. Yaınız yoxsullar və çarəsiz kasıblar məcburən belə restoranların “yeməklərin”dən yeyir. Bizdə isə təqlidçilik güclü olduğuna görə, bu restoranda oturmaq başqalarından fərqlənmək üçün vasitə hesab edənlər çoxdur. Bu, xüsusilə də yeniyetmə və gənclərə aiddir.

Müşahidələr göstərir ki, əksər müştərilər dedyimiz məqamlara diqqət etmirlər və bizim milli psixologiyamızı yaxşı bilən işbazlar bundan sui-istifadə edərək asan yolla yaxşı pul qazanırlar. Sağlamlığımızı tanımadığımız işbazlara etibar etməmişdən əvvəl bir suala cavab vermək lazım gələcək- görəsən bu restoranın sahibini qazandığı pul daha çox maraqlandırır, yoxsa mənim sağlamlığım?

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti çərçivəsində hazırlanıb.