Stressdən necə qurtula bilərik? - PSİXOLOQ DANIŞDI

22 Sentyabr 2022 11:33 (UTC+04:00)

“Stressdən qurtulmaq üçün öncə stressin dərəcəsini müəyyən etmək lazımdır. Çünki yaşadığınız stress yüngül və travma nəticəsində alınmış bir stresdə ola bilər”. Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamov bildirib.

Psixoloqun sözlərinə görə, yüngül stresdən biz asanlıqla qurtula biliriksə, ağır yaşanmış stressi isə yalnız mütəxəssisin köməyi ilə aradan qaldırmaq olar: “Hər bir halda insan əsəb və sinir sistemini müayinədən keçirir. Bəzi hallarda insan həddən artıq qıcıq olursa və yerli-yersiz əsəbləşirsə dərman qəbul etməlidir. Təbii ki, bu hal psixoloji bir vəziyyətdən yaranmış da ola bilər. Stresli vəziyyətə düşməmək, daha rahat olmaq üçün insanların gündəlik həyatına rəng qatan və onun həyat eşqini artıran səbəbləri olmalıdır. İnsanların əlavə hobbisi olmalıdır. Həmçinin insanlar ünsiyyət faktoruna da fikir verməlidir. Çünki gün ərzində o qədər gərgin oluruq ki, artıq insanın deyib-gülməyə, başqaları ilə ünsiyyət qurmağa çətinlik çəkirlər. Lakin bu çox vacib bir faktordur. Daha sonra stresdən qurtulmaq üçün idmanla məşğul olmaq lazımdır, təbii ki, idman dediyimiz zaman burada ağır idman növündən söhbət getmir. İdman deyərkən yürüş, təmiz havada gəzinti nəzərdə tutulur. Yəni insan fiziki hərəkətdə olarkən əsəb sistemini düzəlməsinə, stressdən tez çıxmağa böyük yardımçı olur. Əgər insan duyğuları və hissləri ilə baş edə bilmirsə, mütləq şəkildə mütəxəssisə müraciət etməlidir. Bu təxirəsalınmaz bir haldır. Çünki bu proses davam edərsə, ağır xəstəliklərlə nəticələnə bilər. İnsanlara səslənərək demək istərdim ki, əsəbi olmaq xasiyyət deyil, hər hansısa bir durum nəticəsində baş vermis bir haldır”.