Əgər ər və arvadın övladı yoxdursa, miras kimə qalır? - VƏKİL İZAH ETDİ

22 Sentyabr 2022 10:55 (UTC+04:00)

“Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik anlayışı təsbit olunmuşdur. Belə ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməsi proseduru vərəsəlik adlanır. Başqa sözlə vərəsəlik (və ya "irs") - kiminsə ölümündən sonra onun qalan mülkiyyətinə malik olma prosesi. Vərəsəliklə alınan mülkiyyət "irsi mülkiyyət" adlanır”. Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır: “Mülki Məcəllənin 1159-cu maddəsində vərəsələrin növbəliliyinə dair müddəlar öz əksini tapmışdır. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

İkinci növbədə - ölənin bacıları və qardaşları.

Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası.

Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər.

Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları”.

Vəkil sözlərinə belə davam edib: “Qanun üzrə vərəsəlik zamanı növbəlik bu cür tənzimlənir ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Əgər ər arvadın övladı yoxdursa və əmlakları ilə bağlı ölümlərindən sonrası üçün vəsiyyətnamə qoymamışlarsa, qanun üzrə vərəsəlik növbəliliyinə əsasən miras əmlak valideynlərinə ( ata-ana) keçir. Əgər onlarda həyatda deyilsə bu zaman digər növbələrin ardıcıllıq üzrə vərəsəlik hüququ yaranır.
Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir”.

Ayşən Vəli