Paytaxda yerləşən parklarda indiyədək hansı işlər görülüb? - QURUMDAN AÇIQLAMA

22 Sentyabr 2022 09:47 (UTC+04:00)

Paytaxt Bakı gündən-günə abadlaşır, müasirləşir və yenilənir. Bu baxımdan yeni park və xiyabanların salınması, mövcudlarının yenidən qurulması, sosial obyektlərin inşası, ictimai yerlərin istifadəyə verilməsi xüsusi rol oynayır. Dövlətimizin başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq ölkəmizin bütün güşələrində və xüsusi olaraq paytaxt Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, istirahər parkları və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Bu istiqamətdə Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verilir. Məhz bu səbəbdən günü-gündən paytaxt Bakıda yeni parklar açılaraq, yaşılaşdırma işləri aparılır. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bu işlər çərçivəsində cari ilin fevral ayının 1-də Bakının Yasamal rayonunda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən meşə tipli park yaşıllıqsalma layihələrinin uğurla davam etdiyinin göstəricisidir. Dörd hektar ərazini əhatə edən parkın sahəsinin 70 faizi meşə zonasından ibarətdir. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuş və onlar buranı hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarılıb.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 22-də Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışında iştirak ediblər. Ərazisi 20 hektar olan parkın 14 hektarında yaşıllıq salınıb. Burada 2100-dən çox 19 növ ağac və 137 mindən artıq gül və kol bitkiləri əkilib. Parkın yaşıllaşdırma işləri aparılarkən flora və iqlim mühiti təhlil edilərək əraziyə uyğun bitki və ağaclara üstünlük verilib. Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasında ilin bütün fəsilləri nəzərə alınıb. Parkda yaşıllıqları suvarmaq üçün müasir sistemlərə uyğun olaraq 6,5 kilometrdən çox sahədə damcılama üsulu tətbiq edilib. Bundan başqa, Mərkəzi Parkın ərazisində drenaj xətlər də çəkilib. Ümumilikdə Mərkəzi Parkın inşası ilə Füzuli meydanının ətraf ərazilərində Bakının “ağciyəri” hesab olunan yeni yaşıllıq zolağı salınmaqla Prezident İlham Əliyevin “Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 4 avqust tarixli, “Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 5 avqust tarixli sərəncamlarının icrası olaraq, “Təzəpir məscidi kompleksini ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi tam yekunlaşdırılıb, vətəndaşlarımızın istirahəti və dincəlməsi üçün istifadəyə verilib.
Nərimanov rayonundakı Atatürk prospektində yerləşən parkın əsaslı şəkildə yenidən qurulması da mühüm əhəmiyyət daşıyır. Bu layihənin icrası, eyni zamanda, son dövrlərdə paytaxtımızda aparılan abadlıq-quruculuq işlərinin həcmini də nümayiş etdirir və bu istiqamətdə görülən tədbirlərin ardıcıl xarakter aldığını göstərir.

Paytaxtın Həsən Seyidbəyli küçəsində istifadəsiz ərazidə salınmış yeni “Çəmbərəkənd” parkı bu il iyun ayının 8-də Prezident cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Sahəsi dörd hektar olan bu parkda sakinlərin mənalı istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılıb. Sakinləri sevindirən əsas məsələlərdən biri isə bu parka ərazinin tarixi adının verilməsi olub. Parkda estakada üzərində piyadalar üçün 147 metr uzunluğunda körpü salınıb, şəhər mənzərəli iki terras düzəldilib, müasir standartlara cavab verən fəvvarə inşa edilib, ərazidə iaşə obyekti, sanitar qovşaq və inzibati bina tikilib. Parkın ərazisində müasir idman və uşaq əyləncə qurğuları quraşdırılıb, 50 mindən çox müxtəlif növ ağac, kol və güllər əkilib. Avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər.

Bir zamanlar baxımsız ərazi olan bu yerin indi həmin görkəmindən əsər-əlamət qalmayıb. Paytaxtın Xətai rayonunda yerləşən ərazi yenidən qurularaq Azərbaycanın meşə tipli füsunkar parklarından birinə çevrilib.
Hələ 2019-cu il noyabrın 11-də “Gənclik” parkı yeni salınarkən Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak edən dövlətimizin başçısı parkın abadlaşdırılması, təbii mənzərəsinin qorunub saxlanılması, burada əyləncə və idmanla məşğul olmaq üçün şəraitlə yanaşı, iaşə obyektlərinin qurulması, insanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə zəruri infrastrukturun yaradılmasına dair tapşırıqlar vermişdi. Üzərindən qısa zaman keçməsinə baxmayaraq, tapşırıqlar tam şəkildə icra olunub və nəticədə yeni istirahət mərkəzi paytaxtın ən gözəl məkanlarından birinə çevrilib.

Parkda şəhər sakinlərinin və qonaqların istirahəti üçün müxtəlif infrastruktur yaradılıb. Buraya üz tutanlar həm yay, həm də qış aylarında paytaxt Bakının, o cümlədən Xəzər dənizinin əsrarəngiz mənzərəsini də seyr edə bilərlər. Gənclik parkı 43 hektar ərazini əhatə edir. Burada 300 minədək ağac əkilib, yaşıllıqlar salınıb. Bir sözlə, sakinlər və qonaqlar parkda asudə vaxtlarını səmərəli keçirə biləcəklər. Yeni istirahət məkanında həm uşaqlar, həm də böyüklər üçün idman və əyləncə sahələri yaradılıb, attraksion quraşdırılıb. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fiziki məhdudiyyətli şəxslər üçün idman və əyləncə sahəsi yaradılıb. “Gənclik parkı”nın tərtibatı zamanı hər bir detal xüsusi zövqlə hazırlanıb. Burada təqdim olunan "Ürəklər" kompozisiyası paytaxtımıza, təbiətimizə, insanlarımıza olan sevgini tərənnüm edir.