ABŞ-la Azərbaycan arasında münasibətlər hansı səviyyədədir?

21 Sentyabr 2022 16:47 (UTC+04:00)

"27 sentyabr 2020-ci ildə Ermənistanın növbəti hərbi təxribatları və dinc sakinlərə qarşı törətdiyi hərbi cinayətlərə cavab olaraq Azərbaycan ordusunun başlatdığı vətən müharibəsindən sonra bölgəmiz üçün tamamilə fərqli şərait yarandı". Bu sözləri SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, müharibədən sonra yeni siyasi hərbi vəziyyət yarandı: "Bu şəraitin tələblərinə uyğun olaraq Cənubi Qafqazda hadisələrin və proseslərin inkişafının yeni istiqaməti və axarı formalaşdı. 10 noyabr bəyanatı ilə Cənubi Qafqazda sülh prosesinin təmin olunması Ermənistan və Azərbaycan arasında münaqişənin aradan qaldırılması Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi istiqamətində səmərəsiz fəaliyyət göstərən yalnız turist kimi gəlib-gedən ATƏT Minsk qrupu həmsədrləri qismində çıxış edən dövlətlərin yeni ABŞ və Fransanın Cənubi Qafqaza müdaxilə imkanları minimallaşdırıldı. Xüsusən, 10 noyabr bəyanatının imzalanması ilə ABŞ və Fransa bu proseslərin tənzimlənməsindən müəyyən mənada kənara atılmış oldu. Proseslər daha çox Rusiyanın vasitəçiliyi ilə həyata keçirilməyə başladı. Bundan sonra qərb dövlətləri, xüsusən, ABŞ Cənubi Qafqaza daxil olmaq və proseslərin tənzimlənməsində bir tərəf kimi çıxış etməyə çalışdı. Bununla da müxtəlif manevrlər həyata keçirildi. 2020-ci ilin sonunda atəşkəs əldə olunduqdan sonra heç bir dəvətsiz ATƏT-in həmsədrləri bölgəyə səfəri təşkil edildi. Bundan sonra ABŞ və Fransanın müxtəlif rəsmiləri əldə olunan atəşkəsə aid olmayan və iki cəmiyyət arasındakı münasibətləri kəskinləşdirilməsinə dair əsassız bəyanatlar səsləndirildi. Fransa senatı "DQR" tanınması ilə bağlı əsassız sərsəm bəyanat qəbul etdi. ABŞ konqresində müxtəlif dinləmələr keçirildi. Dağlıq Qarabağ münaqişəsinin bitmədiyi ilə bağlı əsassız və Cənubi Qafqazda əldə edilmiş sülhə zərbə vuracaq bəyanatlar səsləndirildi. Müxtəlif rəsmi şəxslərin İrəvana və Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərləri təşkil edildi. Bununla da Azərbaycan və qərb dövlətləri arasında münasibətlərə çox ciddi zərbə vura biləcək və münasibətlərə xələl gətirən addımlara qol qoymuş oldular. Hesab edirəm ki, baş verən bir çox neqativ hallara baxmayaraq ABŞ rəsmiləri tərəfindən səsləndirilən fikirlər, Azərbaycanın daxili işlərinə müdaxilə kimi bəyanatlara baxmayaraq Amerika və Azərbaycan arasındakı münasibətlər bundan sonra daha normal istiqamətlənəcək".

Politoloq Anar Əliyev sözlərinə əlavə edərək qeyd etdi ki, Bayden Administrasiyası saxta erməni soyqırımını tanınması ilə bağlı bəyanat səsləndirib: "ABŞ dövlət katibi Antoni Blinken iki dövlət arasında münasibətlərin tənzimlənməsinə zərbə olacaq fikirlər səsləndirir. Məsələn, 12-14 sentyabr tarixlərində Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycanın özünümüdafiə məqsədilə atdığı addımları Blinken Azərbaycanın Ermənistana hərbi müdaxiləsi kimi qiymətləndirib. Mülki obyektlərin vurulması ilə bağlı yalan bəyanatlar səsləndirib. Eyni zamanda, Nümayəndələr Palatasının sədri Nensi Pelosinin İrəvana səfəri zamanı qətiyyən reallığı əks etdirməyən bəyanatlar səsləndirdi. Azərbaycanın Ermənistan ərazisinə təcavüz etməsi ilə bağlı yalan fikirlər açıqladı. Qondarma soyqırım abidəsi önündə Türkiyə və Azərbaycan əleyhinə fikirlər ifadə etməsi, ABŞ və Azərbaycan münasibətlərinə ciddi xələl gətirməklə yanaşı, həm də Cənubi Qafqazdakı proseslərin tənzimlənməsinə zərbədir".

Son olaraq politoloq qeyd etdi ki, strateji coğrafi mövqeyi olan və kifayət qədər bir ciddi nüfuza sahib olan, bölgə xalqların ilə münasibətlərdə ciddi irəliləyiş əldə edən, yüksək iqtisadi inkişafa nail olan Azərbaycanla münasibətlərin pozulması Amerika üçün ciddi problemlər yarada bilər: "Enerji təhlükəsizliyi mövzusunda böyük rol oynayan Azərbaycanla münasibətlərin pozulması indiki qarışıq qlobal prosesdə gərginliyin formalaşması həmin güclərin maraqlarına qətiyyən uyğun gəlmir. Hesab edirəm ki, ABŞ bundan sonra Cənubi Qafqazla bağlı siyasətində daha korrektə olunacaqdır. Beynəlxalq diplomatik dili əsas götürərək bundan sonra ABŞ və Azərbaycan münasibətlərində əməkdaşlıq davam etdiriləcəkdir. Amerika dünyanın qlobal gücü olaraq dünyada sülhün təmin olunmasında əsas məsuliyyət daşıyan tərəflərdən biri kimi həm də Cənubi Qafqazdakı proseslərə daha obyektiv yanaşacaq, daha mövcud reallıqların tələblərinə uyğun davranacaq reallıqların tələblərinə uyğun davranacaqdır".