"Ermənistanla ABŞ vasitəsilə də danışmaq mümkün olacaq" - POLİTOLOQ ŞƏRH ETDİ

21 Sentyabr 2022 14:02 (UTC+04:00)

“Brüsseldə sülh müqaviləsi ilə bağlı Xarici İşlər Nazirlərinin görüşü nəzərdə tutulmuşdu. Lakin bu həmin görüş deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, ötən gün New-Yorkda təşkil edilən görüş ABŞ-ın təşəbbüsü ilə reallaşdırılıb: “Böyük ehtimalla görüş zamanı cəbhədə baş verən gərginlik müzakirə olunub. ABŞ-ın mövqeyində qeyri-müəyyənlik müşahidə olunur. Onların Azərbaycana qarşı mövqeyi 44 günlük müharibədən öncəki mövqe ilə üst-üstə düşür. Görüş zamanı yeni bir formatın yaranmasından danışmaq çətindir. Çünki hər bir yeni formatın yaranması üçün tərəflərin razılığı olmalıdır və razılaşdırılmış gündəlik olmalıdır. Əgər ABŞ Azərbaycanın gündəliyini Avropa Birliyi kimi qəbul edəcəksə, o zaman əlbəttə ki, ABŞ vasitəsilə də Ermənistanla danışmaq mümkün olacaq. Azərbaycan üçün vacibdir ki, Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri vaxtı-vaxtında və tam həcmdə əməl edərək, sülh müqaviləsini imzalasın. Bunun üçün Rusiya və Avropa Birliyi vasitəsi ilə danışıqlar aparılır. Lakin Ermənistan indiki halda ABŞ-ı müəyyən rolda görmək istəyirsə və ABŞ tərəfi də bu roldan çıxış edəcəksə Azərbaycanın gündəliyini qəbul etməlidir və bu mövzular üzrə danışıqlar aparılmalıdır".