Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib

21 Sentyabr 2022 13:01 (UTC+04:00)

Sentyabr 21-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə layihəsi çərçivəsində “Milli Musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” mövzusunda Azərbaycan bəstəkarlarının not məcmuələrinin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, təqdimat mərasimi 18-26 sentyabr tarixlərində ənənəvi XIV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının proqramına müvafiq olaraq həyata keçirilib. Təqdimat mərasimində ilk öncə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Üzeyir Hacıbəyovun mədəni irsindən və Azərbaycan musiqisinin mədəniyyətimizə təsirindən danışıb.

Kərim Tahirov bildirib ki, Üzeyir bəyin zəngin irsi musiqinin və mədəniyyətin, jurnalistikanın, publisistikanın bütün sahələrini əhatə edir: "İllər keçsə belə bu nəhəng irs daim öyrəniləcək. Öyrəndikcə hər bir əsərin yeni və müxtəlif parametrləri ortaya çıxacaq . Azərbaycan xalqı hər zaman onun yaradıcılığından bəhrələnəcək”.

Daha sonra təqdimatla bağlı düşüncələrini ADMİU-nun rektoru Ceyran Mahmudova, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru , xalq artisti Sərdar Fərəcov deyib.

Sonda tədbir iştirakçıları "Milli Musiqi xəzinəmizdən" layihəsi çərçivəsində nəşr olunan not məcmuələri ilə tanış olublar.