“KQB” sərdabədə və onun içindəki tabutla maraqlanmadı, kənd camaatını sərdabədə qızıl-ziynət əşyaları tapıb-tapmadıqları ilə bağlı sorğu-sual edib
Azərbaycan ərazisində minilliklər yaşı və qürurverici tarixi olan kəndlərimiz, yaşayış məskənlərimiz mövcuddur. Bunu istər yerli, istərsə də müxtəlif beynəlxalq təşkilatlardan ölkəmizə gəlmiş arxeoloqlar qazıntılar və tədqiqatlar zamanı təsdiq edirlər. Hətta elə yaşayış məskənləri var ki, onlar bizim eradan III-II əsrlərdə mövcud olmuş və onların nişanələri arxeoloji abidə kimi bu günümüzə qədər gəlib çatmışdır. Hazırda həmin qədim tikililər, məscidlər, bulaqlar, mağaralar tarixi və mədəni dəyərə malik abidə kimi dövlət tərəfindən qorunur. Hər il minlərlə xarici turist həmin qədim insan məskənlərinə, tarixi abidələri, məscidləri ziyarət edirlər. Xarici ölkələrdən gəlmiş səyyahlar, yazıçı və jurnalistlər qədim tarixi tikililəri heyranlıqla ziyarət edib, ölkələrinə qayıtdıqdan sonra bu barədə öz təəssüratlarını yazmış və Azərbaycanın sivilizasiyanın mərkəzlərindən biri olduğunu dünya xalqlarına çatdırmışlar.
Təəssüflə onu qeyd etmək yerinə düşərdi ki, Azərbaycanımızın elə tarixi kəndləri var ki, onun hər daşında, hər qayasında bir sirr, bir möcüzə yaşayır. Ancaq bu sirləri öyrənməyə müvafiq dövlət qurumlarının bəlli qurumları, nə də müstəqil tədqiqatçılar, araşdırmaçı jurnalistlər öyrənməyə maraq göstərmirlər. Bunu bəziləri laqeydlik, bəziləri ögeylik kimi qiymətləndirirlər. Elələri də var ki, necə böyük və qiymətli tarixi sərvətin canlı şahidi olduğunun fərqində olmurlar. Bu baxımdan, hər bir ölkə vətəndaşı dövlətimizə bu kimi məsələlərdə yardımçı olmalıdır. Yəni, gördüyü, bildiyi və ya eşitdiyi tarixi tikili haqqında müxtəlif vasitələrdən istifadə etməklə dövlət qurumlarına, eləcə də tədqiqatçılara, arxeloqlara və jurnalistlərə məlumatlar çatdırmalıdırlar. Bəlkə də bir vətəndaşın yayacağı məlumat həmin tarixi tikilinin, nəinki ölkə vətəndaşlarının, ümumilikdə beynəlxalq aləmin təəccübünə və marağına səbəb olacaq tikili ola bilər. Nəticədə, bir kənddə aşkar edilən tarixi abidə, memarlıq nümunəsi kimi YUNESKO-nun mədəni irs siyahısına daxil edilər.
Sündüdə tarixi min illəri əhatə edən qədim mağaralar
Bu yaxınlarda heç yerdə eşitmədiyim və heç bir yazılı mənbələrdə rast gəlmədiyim bir xəbərlə rastlaşdım. Daha doğrusu, dostlardan biri bildirdi ki, Qobustan rayonunun Sündü kəndində tarixi min illəri əhatə edən qədim mağaralar, bulaqlar, tunc dövrünə aid kurqanlar, şəlalər və məscid mövcuddur. Eşitdiyim bu xəbərin ardınca təsadüfən yolum o kəndə düşdü. Həqiqətən, mağaraları görəndə təəccübləndim. İlahi, bu nə möhtəşəm və heyrətamiz mağalardır. Qayalar üzərində iç-içə oyma otaqlar qədim insanların yaşam tərzini və özünə necə ev qurduğunu əyani şəkildə nümayiş etdirirdi. Uca qayalarda yaradılan mağarada üç iç-içə otaqların olması onu göstərir ki, qədim əcdadlarımız da bugünkü zəngin insanlar kimi kasıblardan fərqlənməyə çalışıblar. Yəni, kasıblar bir otaq oymağa imkan ediblərsə, varlı əcdadlarımız öz imkanlarından bəhrələnməklə özlərinə üç otaq inşa ediblər. Təəssüf ki, baxımsızlıq səbəbindən bəzi mağaralar yağış sularının qurbanı olublar. Orada olarkən öyrəndim ki, hər həftə yerli və xarici turistlər bu yerlərə turist səfərləri edirlər. Hətta mağaralarda süfrə açıb, özləri ilə gərtirdikləri yemək-işməklə o tarixi dövrü canlandırmağa çalışanlar da olur. Kənd sakini, müəllim Əlfi Orucov bildirdi ki, kənd ərazisində bir, iki və üç otaqdan ibarət olmaqla ümumilikdə 17 mağara mövcuddur: “Kəndin ərazisində qədim tikililər çoxdur. Bizim eradan əvvəl yaşamış əcdadlarımızın yadigarı olan mağaralar hələ də, öz görkəmini qoruyub, saxlamaqdadır. Kamyonlar var ki, öz görkəmi ilə, onu seyr edənləri heyrətləndirir”.
Əlfi Orucov onu da bildirdi ki, füsunkar təbəitin, yaşıl yamacların qoynunda yerləşən Sündü kəndinin ərazisində 30 qədim, 6 yeni olmaqla ümumilikdə 36 qəbiristanlıq, Şirvanşahlar dövründə inşa edilən Məscid, 32 bulaq və şəlalə, 2 dəyirman və qədim küplər, eləcə də kurqanlar mövcuddur.
Şirvanşahlar dövrünün yadigarı qədim Məscid
Kənddə Şirvanşahlar dövrünün yadigarı olan Məscidlə də tanış oldum, namaz qıldım, Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, dövlətimizə sülh və təhlükəsizlik, xalqımıza firavan yaşam arzuladım. Məscidin tarixi barədə bilgilərini bizimlə bölüşən Əlfi Orucov bildirdi ki, Məscid məlumatlara əsasən, 920-ci ildə tikilərək, müsəlmanların ixtiyarına verilib. Ancaq məscidin türbəsinin olmaması diqqətimi çəkdi. Çünki islamın yaranışının ilkin dövrlərində məscidlərdə minarələr və türbələr olmayıb. Yəni, məscidlər inşa edərkən türbələrin ucaldılması nəzərdə tutulmamışdır. İslamın yaranışından təqribən 200 il sonra məscidlər tikilərkən minarələrin də ucaldılması həyata keçirilib. Bu baxımdan, Sündü kəndində tikilən Məscidin türbəsinin olmaması o anlamı ehtimal edir ki, ibadət ocağı 920-ci ildən də qədim dövrdə tikilib. Çünki həqiqətən də 920-ci ildə tikilsəydi, Məscidin türbəsi də olardı. Bu ehtimalları bizimlə söhbətində Şamaxı Cümə Məscidinin təmir-bərpa işində baş usta olmuş Eldəniz Qocalıyev dilə gətirdi. Bildirdi ki, məscidin tikintisi 920-ci illərdən əvvəllərə gedib çıxır: “Yaşlı insanların dediyinə görə, Sündü kənd məscidi 743-cü ildə ərəblərin Azərbaycana yürüşü zamanı inşa edilib. Bir neçə dəfə Məscidin divarlarında çatlar yaranıb. Ancaq Şirvanşahların hakimiyyəti dövründə bərpa olunub və bu zaman tikilinin orijinallığına müdaxilələr edilməyib. Azərbaycan müstəqillik qazandıqdan sonra Məscid əsaslı şəkildə təmir olunub”.
Yeraltı Sərdəbədə “qızıl-ziynət” axtarışı
Eldəniz Qocalıyev bir maraqlı məlumatı da bildirdi ki, Sündü kəndinin əcdadlarının Hindistanın Sind əyalətindən gəlməsi barədə, o hələ uşaq olarkən savadlı ağsaqqallardan məlumatlar eşidib: “Kəndin ərazisində çoxsaylı küplər aşkarlanıb. Həmin küplərdə şərab, bəhməz, müxtəlif üzüm şirələri saxlanılıb. Ehtimal ki, bu küpləri Hindistanın Sind əyalətindən bu yerlərə gəlmiş insanlar inşa ediblər. Saxurlarında bu yerlərdə yaşadığı və məhz küpləri də onların inşaat etdikləri barədə də məlumatlar var. Hətta kəndin yuxarısında məhəllərdən biri “Çaxurlular” adlanır. Çaxurluların Saxurlularla əlaqəsinin olub-olmamasını isə deyə bilmərəm. Bu kimi məlumatlara yalnız arxeloqlar öz araşdırmaları ilə aydınlıq gətirə bilərlər”.
Eldəniz Qocalıyev daha bir maraqlı məlumatı da qeyd etdi ki, bu yerlərin alt qatlarında qədim insanların dəfn olunduqları sərdabələr mövcuddur: “1975-ci ildə kəndin aşağı hissəsində uşaqlarla oynadığımız zaman bir boşluğa düşdük. Diqqətlə baxarkən, məlum oldu ki, yerdən təqribən 3 metr dərinlikdə otaq var. Cəsarət edib, aşağı endik. Qarşı-qarşıya iki otaq vardı, birində taxtadan tabut və içində insan skleti, digərində isə qamış qırıntıları vardı. Bu barədə dərhal Şamaxı rayon “KQB”sinə məlumat verdilər. Xüsusi xidmət orqanının əməkdaşları sərdabədə olmuş uşaqları və onların valideynlərini orada qızıl-ziynət əşyaları tapıb-tapamadıqları ilə bağlı sorğu-sual etdilər, evlərində axtarış apardılar, sərdabə və ordakı tabutla isə maraqlanan olmadı. Sonradan yağışların yağması və torpaq sürüşmələri həmin o sərdabənin ağzının bağlanmasına səbəb oldu. Həmin sərdabənin yerini bilirəm, əgər müvafiq qurumlar maraqlansalar, həmin yeri nişan verə bilərəm”.
Sündünün şəhidləri
Tarixin yaşı qədər yaşı olan Sündü kəndinə gedəsən, Şəhidlər xiyabanında olmayasan, təbii ki, bu, bir qələm əhli üçün arzuolunmaz hal hesab oluna bilər. Belə bir deyim var: “Torpaq əgər uğrunda ölən varsa, Vətəndir”. Bəli, Vətən var və bu Vətəni bölməyə, parçalamağa çalışan yağı düşmənə qarşı öz şirin canlarını qurban verənlər də var. Sündü kəndinin qəhrəman oğulları da Vətənin dar günündə düşmənə qarşı vuruşmaq üçün ayağa qalxdı. Vuruşdu, elələri oldu ki, canlarını bu Vətən yolunda fəda etdilər, elələri də oldu ki, qazi oldular. İndi həmin şəhidlər kənd sakinlərinin təşəbbüsü ilə inşa edilən Şəhidlər xiyabanında ruhları şad olaraq uyuyurlar. Onların qisası alınıb, yağı düşmənin “Dəmir yumuruq”la başları əzilib, torpaqlarımız azadlığına qovuşub.
Qeyd edim ki, Sündü kənd Şəhidlər xiyabanının ərazisi Şəhidlərimizin adına layiq formada təmir edilib, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün lövhələr quraşdırılıb, ətrafda güllər əkilib, yaşıllıqlar salınıb. Şəhidlər xiyabanında quraşdırılan lövhələrdə 1941-1945-ci illərdə, həm də Birinci və İkinci Qarabağ müharibələrində həlak olmuş şəhidlərimizin şəkilləri yerləşdirilib.
Birinci və İkinci Qarabağ müharibələrində həlak olmuş şəhid qəhrəmanlarımızın məzarları da burada yerləşir. Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsində düşmənlə ağır döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şikarov Şikar Şükür oğlu da uyuyur. Bizimlə yol yoldaşı olan kənd sakini, müəllim Əlfi Orucov bildirdi ki, Sündü kənd sakinləri hər zaman torpağa, Vətənə bağlı insanlar olublar: “Hələ ötən əsrin əvvəllərində erməni-daşnak qüvvələri bu ərazilərə soxulmağa cəhd edən zaman Sündü camaatı birlik, bərabərlik nümayiş etdirərək, erməni vandallarını darmadağın etmişlər. Sonrakı həmlə ilə, erməni qüvvələrini rayon ərazisindən qovulmasına nail olmuşdular. Bugünkü gənc nəsil ulularımızın qəhrəmanlığını şərəflə və qürurla davam etdirirlər. İstər Birinci Qarabağ, istərsə də İkinci Qarabağ müharibəsi zamanı Sündü kəndindən onlarla gənc cəbhəyə yollanıb, yağı düşmənə qarşı savaşda iştirak etmişlər. Birinci Qarabağ müharibəsində 20 nəfər şəhid olub. 44 günlük Vətən müharibəsində isə 4 Vətən oğlu Şəhidlik zirvəsinə yüksəlib. Sentyabrın 12-14 tarixlərində erməni təxribatının qarşısını alarkən bir igidimiz - Xüsusi Təyinatlı Qüvvələrin giziri Vadim Qocayev də şəhid olub. Oğlunun şəhid xəbərinə dözməyərək atası Alik Qocayev də vəfat edib. Ata və oğul yan-yana burada - Şəhidlər Xiyabanında dəfn ediliblər”.
Beləcə, tarixi qaynaqlardan yazdıq, tarixin özü ilə tanış olduq, nəhayətdə Vətənin azadlığı, bütövlüyü uğrunda canlarını qurban vermiş Şəhidlərimizin uyuduğu Sündünün Şəhidlər xiyabanını ziyarət etdik. Gəldiyim son nəticə bu oldu, dünya boyda bir dünya olan Azərbaycanı dünyanın özü belə bir araya gəlsə yenə bilməz. Çünki böyük və yenilməz xalq olduğumuzu sübut edən tarixi gerçəkliklər mövcuddur. Vətənin hər daşının, dağının, dərəsinin, torpağının qədrini bilən, onu canı və qanı bahasına qorumağa çalışan Vətən oğulları var.
İ.ƏLİYEV