Elektron, yoxsa adi siqaret zərərlidir? - ARAŞDIRMA

20 Sentyabr 2022 16:39 (UTC+04:00)

Keçmişdə tütün çəkərkən yaxalananların cəza olaraq burunları kəsilir və cinayət təkrarlanarsa ölüm cəzasına məhkum edilirdi. 1881- ci ildə ABŞ-da John Bonsack ilk siqaret istehsal edən maşını patentləşdirdi. Beləliklə, ABŞ gündə 120 min siqaret istehsal etməyə başladı.

Son zamanlar normal siqaretlə yanaşı, elektron siqaretlər də geniş yayılıb. Kişilərlə yanaşı, artıq qadın və yaşı az olan gənclər də bundan istifadə etməyə meyillidir. Bəs, adi siqaretlə elektron olanın fərqi nədir? Hansı daha zərərlidir? SİA mövzu ilə bağlı araşdırma apararaq ekspert və həkimlərin fikirlərini öyrənib.

İngiltərədəki həkimlər, səhiyyə mütəxəssisləri və xərçəng fondları mövcud sübutlara əsaslanaraq, elektron siqaretlərin adi siqaretlərlə müqayisədə daha az risk təşkil etdiyi ilə razılaşırlar. Daha bir araşdırma elektron siqaretlərin adi siqaretlərdən 95 faiz az zərərli olduğu qənaətinə gəlib.

Elektron siqaretlərin tərkibində ağciyər xəstəliklərinə səbəb olan nikotin, diasetil, nikel, qalay, qurğuşun kimi zərərli maddələr var.

Elektron siqaretin ziyanları bunlardır:

- Yüksək dərəcədə asılılıq yaradır.
- Beyin inkişafına təsir göstərə bilər.
- Sonsuzluğa səbəb ola bilər.
- Hamilə qalmaq çətin ola bilər.

2019-cu ildə aparılan bir araşdırma, elektron siqaretdən istifadənin insult, infarkt, angina və ürək xəstəliyi riskinin artması ilə əlaqəli olduğunu göstərib.

Elektron siqaret çəkmək haramdır?

Mütəxəssislər elektron siqaretlərin tərkibində spirt törəmələrinin olduğunu bildirirlər. Ona görə də belə maddələrdən istifadə etmək olmaz.

Elektron siqaret bəlğəm əmələ gətirir?

Elektron siqaretdən istifadə zamanı kifayət qədər su sərf olunmur, çünki orqanizm qoruyucu refleks kimi bəlğəm çıxara bilir. Bundan siz də əziyyət çəkə bilərsiniz.

Elektron siqaret yorğunluğa səbəb olur?

Elektron siqaretə başladığınız zaman su sərfiyyatınızı artırmalısınız. Susuzluq maye-elektrolit balansını pozduğu üçün yorğunluğa səbəb olur.

Elektron siqaretlər asılılıq yaradır?

Bütün elektron siqaretlərin tərkibində yüksək dərəcədə asılılıq yaradan nikotin var.

Elektron siqaretlər minimum neçə yaşda istifadə oluna bilər?

Bu siqaretlərdən istifadə üçün yaş həddi var. Bütün qanuni satış nöqtələrində 18 yaşına çatmamış fiziki şəxslərə satmaq qadağandır.

Elektron siqaretlə siqareti buraxan var?

Elektron siqaretlər siqareti buraxmaq üçün yaxşı vasitə deyil. Elektron siqaretlər siqareti buraxmağa kömək etmək üçün satışa çıxarılsa da, bu, tam dəqiq təsdiqlənməyib.

Elektron siqaretlər kökəldir?

Elektron siqaretlər bədəninizin nikotinə olan ehtiyacını ödəmək üçün bəlkə də ən sağlam yollardan biridir. Bədəninizin nikotinə olan ehtiyacını qarşılamadığınız zaman bədəninizdəki endorfin kimi maddələrin səviyyəsi aşağı düşür. Bu, iştahınızın artmasına səbəb olur. Əgər iştahınız varsa, bu sizin kökəlməyinizə səbəb olacaq.

Həkim endokrinoloq Emil Həsənov: "Siqaretlərin tərkibində 20-yə yaxın konsorogen maddə var. Lakin əsas maddə oradakı qətrandır. Bu da ağciyər üçün konsorogen sayılır.

Siqaret çəkən şəxslərdə ürək-damar xəstəlikləri riski 2, xərçəng riski isə 20 dəfə artıq olur. Onların sidik kisəsində ağciyər və mədə xərçənginə daha çox rast gəlinir.

Siqaretdən istifadə edənlərdə xərçənglə yanaşı, digər ağciyər xəstəlikləri və astma kimi hallara rast gəlinir. Onlarda damarlarlarda daralma olduğuna görə, insult, infarkt kimi xəstəliklər çox olur. Həmçinin, diabet riski də artır.

Elektron siqaretlərə gəldikdə isə onların bir neçə növü var: nikotin və nikotinsiz olanlar.

Nikotinli olanlardan siqareti tərgitmək üçün istifadə edirlər. Çünki bundan istifadə zamanı normal siqaretdən daha çox nikotinə məruz qalırlar.

Nikotinsiz növlər isə siqaret çəkən zaman verilən tüstünü similizasiya edir və buna görə tərcih olunur. Onların müxtəlif aromada olanları var. Elektron siqaret normal siqaret qədər zərərli olmasa da, faydalı da deyil. Belə ki, mədə-bağırsaq sisteminə zərər verir, mədə turşuluğu və mədə xorası riskini artırır, ağciyərə onların yağının damcı şəklində düşməsi və orada uzun müddət qalması burada müəyyən xəstəliklər yaradır. Bu daha çıx qıcıqlanma yaradaraq öskürəyə səbəb olur. Bura bronxal asma da aiddir.

Elektron siqaretin faydası yoxdur. Tək faydası siqareti tərgitmək üçün keçici metoddur. Həm elektron, həm də adi siqaret qırtlaq xərçəngi riskini artırır. Çünki qıcıqlanma yaradır".

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: "Siqaret çəkmək ən zərərli vərdişlərdən biridir. Siqaretin insan orqanizminə mənfi təsir ediyini heç kim danmır. Yadımdadır ki, sovet dövründə satışda olan siqaret qutularının üzərində belə bir xəbərdarlıq vardı: “SSRİ Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, siqaret çəkmək sizin sağlamlığınız üçün zərəlidir”. Siqaret çəkmədiyim üçün dəqiq bilmirəm, amma deyəsən oxşar məzmunlu xəbərdarlıq bu gün də qutuların üzərində yer alır.

Biz uşaq olanda oğlanlar bu pis vərdişə əsasən hərbi xidmət dövründə yiyələnirdilər. Təəssüf ki, indi əsgər yaşına çatmayan, hətta orta məktəbin ən aşağı siniflərində oxuyan uşaqlar da siqaretə meyil göstərir. Məktəblilər arasında siqaret çəkənlərin sayının sürətlə artdığını inkar edə bilmərik. Azərbaycanda siqaret əleyhinə təbliğat yetərli səviyyədə deyil. Təəssüf ki, həkimlər, jurnalistlər, ziyalılar yeniyetmə və gənclərimizi siqaretin zərərli olduğuna inandıra bilmirlər. Bəzən isə buna nəinki cəhd etmir, əksinə, bilərəkdən və ya bilməyərəkdən siqaretin təbliği ilə məşğul olurlar.

O ki qaldı qadınların siqaret çəkməyinə, bu fakt məni ancaq məyus edir. Qadınlarımızın, xüsusilə gənc qızlarımızın bu pis vərdişə yoluxmaması üçün hamılıqla maarifləndirmə işi aparmalıyıq.

Mən mütəxəssis olmasam da, elektron siqaretin ənənəvi siqaret qədər zərərli olduğunu oxumuşam. Gələcəyimiz naminə, övladlarımız naminə bu cür pis vərdişlərdən uzaq qalmağı bacarmalıyıq".

Ayşən Vəli