"Məktəblər başlayandan sonra bütün valideynlər uşaqların dərs oxumamasından və diqqətlərinin yayınmasından şikayətlənir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, bir çox valideyn övladlarında dərs oxumağa maraq yaratmağa çalışır: "Valideynlər oxumağı cəza növü kimi tətbiq edirlər. Təbii ki, rəğbətlənməyən bir yerdə alqış yoxdur. Biz öncə övladımızda maraq yaratmalıyıq və uşağın suallarına cavab verməliyik. Övladın öyrənmə qabiliyyətinə bələd olmalıyıq. Dərsdən gələn uşaq yeməyini qurtaran kimi onu məşğələyə və idmana göndərirlər. Fiziki yorğunluq beyinə imkan vermir ki, uşaq dərs yükünü anlasın. Uşaq bacarmadığını gördüyü zaman dərsdən imtina etməyə başlayır. Belə olduğu halda uşağa bir çox iradlar olur və bu iradlar şəxsiyyət kimi formalaşmasına maneədir.
Uşağın xarakterini araşdırmamış onu günahlandırmağa başlayırlar. Hətta iki övlad eyni sinifdə oxusa belə, onları müqayisə edirik. Kiçik yeniyetməlik dövrü 5-ci, 6-cı, 7-ci sinifləri əhatə edir. Bu zaman valideynlər zor tətbiq edərək dərsə meyilləndirməyə çalışırlar. Böyük yeniyetməlik dövrü 15 yaşından başlayır 17 yaşına qədər davam edir. Həmin dövrdə isə övladlarımızdan "yaxşı edirəm" və " mənə belə xoşdur" cümlələri ilə rastlaşırıq. Beləliklə münaqişələr artır. Belə olduqda psixoloqa müraciət olunmalıdır. Bu uşağın psixologiyasının pis olmasından və ya psixi problemi olmasından xəbər vermir. Bu psixoloji seanslar sadəcə uşağın xarakterini öyrənmək üçündür. Beləliklə uşağın maraq və potensiyalını öyrənirik. Bu şəkildə uşaq düzgün yönləndirilir. Seanslar apardığım bir çox abituriyent öz potensiyalını görərək qruplarını dəyişdi və yüksək nəticə əldə etdi. Bu isə şəxsdə özünəinam formalaşdırır. Düşüncələrimiz fikirlərimizi formalaşdırır".