ABŞ və Azərbaycan əlaqələri hansı səviyyədədir? - POLİTOLOQ ŞƏRH ETDİ

20 Sentyabr 2022 11:56 (UTC+04:00)

"İlk olaraq qeyd etmək lazımdır ki, Azərbaycanla ABŞ arasında 30 ilə söykənən diplomatik münasibətlər mövcuddur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.

Onun sözlərinə görə, ABŞ keçmişdə mövcud olan ATƏT-in Minsk qrupunun həmsədri olub: "Hər zaman ABŞ Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Azərbaycan ABŞ-la birlikdə sülhyaratma missiyası çərçivəsində İraqda və Əfqanıstanda sülhün qorunması işində öz töhfəsini verib. Bu məqamlar nəinki ABŞ-ın eləcə də NATO rəhbərliyi tərəfindən dəfələrlə qiymətləndirilib. Son zamanlar ABŞ bölgə üzrə siyasətində müəyyən aktivlik hiss edilir. Məsələn, son aylarda ABŞ kəşfiyyat rəhbərinin və Qafqaz üzrə xüsusi nümayəndəsinin bölgəyə olan səfərləri bunu deməyə əsas verir. İki gün öncə isə Konqresin nümayəndələr palatasının spikeri Nensi Pelosinin səfəri mövqeyini ortaya qoydu. Belə ki, Pelosi öz səfərində son təxribatın Azərbaycan tərəfindən icra edilməsi və Azərbaycana qarşı yeni sanksiyanın hazırlanması haqqında bəyanat verdi. Bildirməliyəm ki, Pelosi sırf ermənipərəst siyasət yeridən ABŞ dövlət xadimidir. Pelosi ABŞ-ın xarici siyasətini müəyyən etməsi, dövlət adından yardımlar etməsi və hətta müqavilələr bağlamaq səlahiyyətinə malik deyil. Bu səlahiyyətlər ABŞ Ali məhkəməsinin 1936-cı il qərarına əsasən ABŞ prezidentinə məxsusdur. Digər tərəfdən isə Ermənistanın ABŞ xarici siyasətində tutduğu yerə baxaq. Ermənistan nə dərəcədə ABŞ üçün maraqlı ola bilər? Birincisi, Ermənistanın cəlbedici iqtisadi qüdrəti və inkişafı yoxdur. İkincisi, Ermənistanın faydalı enerji ehtiyatı yoxdur ki, ABŞ buna maraq göstərsin. Üçüncüsü, Ermənistanın yerləşdiyi coğrafi məkan elə də vacib məntəqə sayılmır. Deməli, burada əsas məsələ xarici siyasət deyil, daxili siyasi proselərdə divident qazanmağa hesablanıb. Məhz Pelosinin də əsas məqsədi noyabr ayında ABŞ-da keçirilməsi nəzərdə tutulan aralıq seçkilərində erməni lobbisinin gücündən istifadə etməkdir".

Amid Əliyev sözlərinə əlavə edərək bildirib ki, ümumilikdə isə ABŞ Azərbaycan tərəfindən təklif edilən sülh gündəliyini təqdirəlayiq hesab edir və dəstəkləyir: " Belə ki, Pelosnin siyasi bəyanatlarına cavab olaraq dünən ABŞ dövlət katibi Antoni Blinken ölkə başçısını zəng edib və bir daha sülhün qorunmasının vacib olduğunu bildirib. Bu gün isə məhz Blinkenin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan XİN-nın Nyu Yorkda üçtərəfli görüşü də təşkil olunub. Bu özlüyündə Azərbaycana dəstək və Azərbaycanın mövqeyinin tam şəkildə hüquqauyğun olmasının bir daha sübutudur. Bu il ərzində də dörd dəfə Blinken ölkə başçısı ilə telefon vasitəsilə əlaqə saxlayıb, hər iki ölkə başçısının qarşılıqlı məktublaşması olub. Bunlar bir daha onu göstərir ki, ABŞ region üzrə siyasətində Azərbaycan aparıcı mövqeyə malikdir. Məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, ABŞ tərəfindən həyata keçirilən aktiv siyasətin əsas məqsədi bölgədə Rusiyanın nüfuzunu sarsıtmaqdır. Hazırki, zamanda Rusiya Fedarasiyasına qarşı ikinci cəbhənin açılması ABŞ real siyasətinin əsas istiqamətini təşkil edir. Keşmiş həmsədr kimi Rusiya II Qarabağ müharibəsində əsas faktor rolunda çıxış etməsini ABŞ Rusiyaya bağışlamayacaq. Aİ-nın vasitəçilik missiyasının intensivləşməsi də özlüyündə ABŞ bu proseslərdən kənarda saxlamaq cəhdi kimi də qiymətləndirilə bilər. Məhz buna görə də ABŞ bölgə üzrə siyasi proseslərə aktiv olaraq qoşulub və müəyyən nəticələrin əldə edilməsini öz adına yazmaq niyyətindədir".