"Pelosinin səfəri ABŞ-Azərbaycan münasibətlərinə zərər verir" - POLİTOLOQ ŞƏRH ETDİ

20 Sentyabr 2022 11:43 (UTC+04:00)

“ABŞ-ın nümayəndələr palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri şəxsi maraqlardan reallaşır”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Politoloq qeyd edib ki, qarşıda ABŞ-da aralıq seçkiləri keçirilir və demokratlar eləcə də onların hazırki rəhbəri Baydenin reytinqləri çox aşağıdır: “Həmçinin bununla əlaqədar olaraq keçirilən ictimai rəy sorğularından məlum olub ki, Baydenə qarşı inam və etimad aşağı dərəcədədir. Bu baxımdan seçkilərdə qalib gəlmək nöqteyi-nəzərindən erməni lobbisinin dəstəyinə arxalanan Pelosi bu səfərdə iştirak edir. Lakin səfər Cənubi Qafqazda təhlükəsizlik, sülhlə bağlı bütün təşəbbüslərin üzərinə xətt çəkir. Həmçinin Ermənistan revanşizm fikirlərinin geniş vüsət almasına şərait yaradır. Xüsusi ilə qeyd etmək lazımdır ki, Pelosinin Azərbaycana qarşı çox sərt bəyənatları var. Bu bəyanatlar ABŞ-Azərbaycan münasibətlərinə də mənfi təsir göstərir.

30 illik dövrdə ABŞ-la Azərbaycan arasında çox güclü strateji münasibətlər qurulmuşdur. Bu münasibətlər demokratik instituların bərqərar olması, təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, eləcə də enerji sahəsində olan təhlükəsizliyi əhatə edir. Hər 3 istiqamət üzrə çox böyük bir məsafə qət olunub. Hazırda erməni təbliğatı və lobbisi bir sıra şəxsləri öz təsiri altına salıb. Təsir altına düşən Pelosi və onun İrəvana gələn nümayəndə heyəti bunun qurbanıdır. Gələcəyə yönəlik sülh istiqamətində çağırışların edilməsi müşahidə olunmalıdır əks təqdirdə gərginliyin artırılmasına səbəb olacaq. Fikrimcə, gələcəkdə ABŞ-Azərbaycan münasibətlərinin daha da dayanıqlı şəkildə inkişaf etdirilməsi müşahidə olunmalıdır".