Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycan Zirvəsi! MƏQALƏ

20 Sentyabr 2022 11:22 (UTC+04:00)

Ölkəmiz öz müstəqil və qətiyyətli siyasəti ilə qarşıda daha böyük qələbələrə və zəfərlərə imza atacaq

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında iştirakı və orada irəli sürdüyü fikirləri bir daha sübut etdi ki, ölkəmiz yalnız regional deyil, həm də beynəlxalq siyasi aləmdə öz sözünü deyən, eləcə də bir sıra uğurlu təşəbbüslərlə çıxış edən dövlət olaraq tanınır, qəbul olunur və yüksək dəyərləndirilir. Xüsusilə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın mövcud olduğu regionda reallıqları dəyişməsi və 30 ilə yaxın dövr ərzində qalmış stereotipləri tarixin arxivinə göndərməsi özündə bir sıra yeni çağırışları əks etdirməkdədir.

Dövlət başçımızın Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatlar barədə, Şanxay Əməkdaşlıq Təşkilatının sessiyasındakı çıxışları paralel olaraq dünya mətbuatının da mətbuatının diqqət mərkəzində oldu

Belə ki, kapitulyasiya aktına imza atmasına rəğmən, hələ də sülh prosesini gecikdirən Ermənistanın üstəlik təxribatçı əməllərə yol verməsi də məhz Prezident İlham Əliyev tərəfindən ŞƏT Zirvəsində bəyan olundu. O cümlədən, dövlət başçımızın Ermənistanın Azərbaycan ilə sərhəddə törətdiyi təxribatlar barədə, Şanxay Əməkdaşlıq Təşkilatının sessiyasındakı çıxışları paralel olaraq dünya mətbuatının da mətbuatının diqqət mərkəzində oldu. Ölkə rəhbərimizin ədalətli mövqeyi, ordumuzun qələbəsi, eləcə də ŞƏT-dəki çıxışları barədə ətraflı məlumatlar çatdırılıb.

Bir daha sübut olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının 27-ci Zirvə toplantısının genişləndirilmiş iclasında çıxışı zamanı bəzi beynəlxalq təşkilatların işinin səmərəsizliyindən danışıb.

Prezident İlham Əliyev: “Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib”

O, Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə diqqət çəkib. “Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq”, deyə vurğulayan Prezident İlham Əliyev təəssüflə bildirib ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır: “Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

“Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”

O cümlədən, ölkə rəhbərimizin sözlərinə görə, Azərbaycanın özü münaqişəni hərbi-siyasi vasitələrlə həll edənə qədər 27 il ərzində icra olunmayıb. Dövlətimizin başçısının Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsi üzərində işin ilkin şərt olmadan və süni ləngimələr olmadan aparılmalı olması barədə fikirləri də xüsusi qeyd edilməlidir.

Söz yox ki, bu kimi məsələlərdə beynəlxalq aləm də fəallığını artırmalı, eləcə də həqiqəti əsas götürməklə erməni yalanlarını və böhtanlarını ifşa etməlidir. Məhz bu məqama da diqqət yetirən Prezident İlham Əliyevə görə, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. “Bununla əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsini qeyd etmək istərdim”, deyə vurğulayan dövlət başçımız bildirib ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı: “Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin edib”.

Beləliklə, Prezident İlham Əliyev bu dəfə də özünün diplomatik məharətini nümayiş etdirdi və bir daha sübut olundu ki, Azərbaycan öz müstəqil və qətiyyətli siyasəti ilə qarşıda daha böyük qələbələrə və zəfərlərə imza atacaq.

Səbinə Səlimova,

YAP Masallı rayon təşkilatının əməkdaşı