Pelosinin ermənipərəst mövqeyinin səbəbi nədir? - POLİTOLOQDAN MÜNASİBƏT

19 Sentyabr 2022 14:37 (UTC+04:00)

"Ermənistanın Azərbaycana qarşı təxribatları nəticəsində baş vermiş toqquşmaların fonunda istər beynəlxalq, istərsə də regional güclərin hərəkətə gəldiyi göz önündədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, müşahidələr onu deməyə əsas verir ki, elə təxribatlarda da əsas məqsəd məhz regionda marağı olan ayrı-ayrı oyunçuların aktivləşməsinə nail olmaqdan ibarət olub: " 16 iyulda Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Bernsin rəhbərliyi altında nümayəndə heyətinin qəfildən İrəvana səfər etməsi, bunun ardınca sentyabrın 10-da ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin regiona səfərinə məhz Ermənistandan start verməsi və bunun ardınca heç bir həftə keçməmiş ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin xüsusi missiya ilə Ermənistana gəlməsi onu deməyə əsas verir ki, ABŞ özünün Cənubi Qafqaz siyasətinə dəyişikliklər etmək ərəfəsindədir. Baş verən toqquşmalar və münasibətlərin gərginləşməsi isə bunun üçün əsas fürsətdir. Hərbi təxribatın Qarabağda yox, Ermənistan-Azərbaycan sərhədində baş verməsi, Ermənistanın rədd cavabını alacağını bilə-bilə KTMT-yə hərbi yardım üçün müraciət etməsi, Paşinyanın Putinlə üz-üzə gəlməmək üçün ŞƏT-in Səmərqənd sammitinə getməməsi, Ermənistan Parlamentinin spikeri A.Simonyanın atəşkəsin əldə edilməsində aparıcı rolun Rusiyaya deyil, məhz ABŞ-a məxsus olması ilə bağlı bəyanatları, bunun ardınca isə Ermənistanın artıq digər ölkələrdən silah alacağına dair açıqlamalar onu deməyə əsas verir ki, bütün bunlar anti-Rusiya əhval-ruhiyyəsini yaradaraq, Ermənistanın üzünü Qərbə tərəf çevirməyi nəzərdə tutan xüsusi əməliyyatın tərkib hissələridir. ABŞ yaxşı başa düşür ki, Rusiya bu mərhələdə Ermənistana dəstək verməklə Azərbaycan və Türkiyə ilə üz-üzə gəlməyəcək və xüsusilə də indiki halda, yəni Ukraynada savaş davam etdiyi müddətdə özü üçün ikinci cəbhənin açılmasına imkan verməyəcək. Odur ki, ABŞ bu imkandan maksimum bəhrələnərək Ermənistanda anti-Rusiya ovqatının pik həddə çatmasına nail olmaq istəyir. Nəticə etibarilə Bayden hakimiyyəti həm Ermənistanı Rusiyadan qoparmağa çalışır, həm də Ermənistanın maraqlarının müdafiəçisi qismində çıxış etdiyi görüntüsünü yaradaraq ABŞ-ı erməni lobbisini ələ almağa çalışır".

Politoloq sözlərinə əlavə edərək bildirib ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcəyi məlumdur: " Lakin ABŞ-da prezidenti müəyyənləşdirən səsvermə yalnız son seçkilər deyil. Ölkə qanunvericiliyinə görə, prezidentə mandatı birbaşa xalq yox, onun seçdiyi nümayəndələr verir. Nümayəndələrin 1/3-i isə bu il noyabrın 8-də keçiriləcək ara seçkilərdə müəyyən olunacaq. Getdikcə nüfuzunu itirən və yol açdığı qlobal böhrana görə bundan sonra da eyni mənfi trendi davam etdirəcəyi gözlənilən Demokratlar ara seçkilərinə ciddi hazırlaşmalıdırlar. Üstəlik, ara seçkilərdə iştirak edəcək ştatlardan biri də Kaliforniyadır. Kaliforniyada isə çoxlu erməni seçici var. Bu mənada Nensi Pelosinin İrəvan səfərinin ən önəmli səbəblərindən biri həm də ermənilərin səsini qazanmaqdan ibarətdir. Pelosinin ermənipərəst mövqeyi çoxdan məlumdur və ümumiyyətlə Bayden administrasiyasında çoxlu sayda Nensi kimi zaman-zaman erməni mövqeyindən çıxış edən şəxslər var. Odur ki, indiki həssas dönəmdə, regionda yaranmış gərgin vəziyyətdən istifadə edərək vəzifəsinin müddətinin başa çatmasına iki ay qalan Pelosi “erməni dostu” obrazını gücləndirmək istəyir. Onun rəsmi görüşlərdən və etdiyi açıqlamalarından öncə qondarma “erməni soyqırımı” abidəsi önündə Oskarlıq perfomans sərgiləyərək göz yaşları tökməsi də bunun bariz sübutudur. Əslində, 1992-ci ildə ölkəmizə qarşı hərbi təcavüz edən Ermənistanı deyil, təcavüzə və işğala məruz qalan Azərbaycanı cəzalandırmaq üçün "Azadlıq aktına 907-ci düzəlişi" qəbul edən ABŞ Konqresindən və onun xanım spikerindən ədalət və beynəlxalq hüquqa hörmət gözləməyin mənası da yoxdur. Lakin buna baxmayaraq, Pelosinin bu cür təhrikçi və bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə olan, revanşistləri daha da qızışdıran, iki xalq arasında nifrət və düşmənçiliyi körükləyən bəyanatı heç bir halda qəbul edilən deyil və ilk növbədə elə ABŞ-ın özünə ziyandır. Çünki onun sərgilədiyi mövqe birbaşa ABŞ-Azərbaycan münasibətlərinə ciddi zərbə vurur və Azərbaycan ictimaiyyətində Fransa ilə yanaşı ABŞ-ın da mövqelərini zəiflədir. Rəsmi Vaşinqton anlamalıdır ki, münaqişələrin artdığı bir dünyada ABŞ-ın ən böyük “erməni dostu” olması və bundan sonra Azərbaycanı regionda vacib və əvəzolunmaz tərəfdaş adlandırması heç də səmimi səslənmir. Nensi Pelosinin ermənilərin daha çox xoşuna gəlmək üçün bir az da irəliyə gedərək başqa “dəhliz” sözünü qəbul etmədiyini, bir dəhliz var, o da Laçın dəhlizidir, deyərək Zəngəzur dəhlizinin əleyhinə olduğunu qeyd etməsinin ardınca ABŞ dövlət katibi Antoni Blinkenin İlham Əliyevə zəng edərək nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyini qeyd etməsi bir-birinə tərs olan fikirlərdir və yaxşı olardı ki, ABŞ dövlət katibi bu fikirlərini xanım Pelosi ilə də bölüşsün və ona Zəngəzur dəhlizinin nəqliyyat dəhlizlərinin ən vacib elementi olduğunu başa salsın".
Son olaraq politoloq Rəşad Bayramov qeyd edib ki, Nensi Pelosinin səfərinin Ermənistan üçün müsbət nəticələri olacağını düşünmürəm: " Ermənistan ən yaxşı halda müəyyən maliyyə yardımı ala bilər, lakin istər hərbi, istərsə də iqtisadi baxımdan tamamilə Rusiyadan asılı olab bir dövlətin indiki halda Rusiyadan tamamilə üz döndərən davranış sərgiləməsi Ermənistan üçün olduqca acı nəticələrə gətirib çıxara bilər".