"Ermənistan vaxt udmağa çalışır" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

19 Sentyabr 2022 12:16 (UTC+04:00)

“Ermənistanın təxribatçı əməlləri regionda gərginlik törətməyə hesablanıb”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloqun sözlərinə görə, son dövrlər ABŞ və Qərb tərəfindən Ermənistanla bağlı dəstək fikirlərinin səslənməsi, ölmüş və yararsız olan ATƏT-in Minsk Qrupunun yenidən dirçəldilməsi ilə bağlı fikirlər, eyni zamanda Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsinin hələ də davam etməsi ilə bağlı düşüncələri Ermənistanın qızışdırılması ilə nəticələnir: “Bunun nəticəsi olaraq da, sərhəddə təxribatlar baş verdi. Hesab edirəm ki, bu təxribatlar özəlliklə rəsmi Moskvanın moderatorluğu altında Azərbaycan və Ermənistan münasibətlərinin normalaşdırılması, sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı gələcək işlərin görülməsi və iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını da sabotaj edir. Ermənistan vaxt udmağa çalışır və bunun üçün də mərkəzlərdən gələn qızışdırıcı təhriklərin yedəyində qalır. Bu addımlar təkcə Azərbaycana qarşı deyil, regionda gərginlik yaratmağa hesablanıb. Həmçinin Rusiyanın gərçəkləşdiyi danışıqları gözdən salmaq məqsədi daşıyır.

Fikrimcə, Rusiyanın moderatorluğunu zədələməyə çalışırlar. Lakin istənilən halda Ermənistanın budəfəki təxribatlarına qarşı Rusiyanın fikirləri daha açıq-aydın şəkildə özünü biruzə verdi. Azərbaycan isə birdaha göstərdi ki, Ermənistanın istənilən təxribatlarında Azərbaycanın dəmir yumruğu yerindədir”.