Qələbə + qələbə KÖŞƏ

16 Sentyabr 2022 12:20 (UTC+04:00)

Sentyabrın 12-dən etibarən ermənilərin təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində başladıqları gərginliklə qonşuluqdan kənar olmuş ünsürlər yenə də murdar xislətlərini ortaya qoydular. Bütün bunlar onların revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin təzahürləridir.

44 günlük Vətən müharibəsində orduları tamamilə darmadağın edilən, çoxsaylı itki verən erməni ağılsızlarının ağlını yenidən qızışdırıcılara verməsi onların həqiqətən də ağıldan kəm olduqlarını bir daha sübut etdi. Ötən günlər texnikalarının yenə də ordumuz tərəfindən dağıdılması, çoxsaylı itki vermələri görəsən bu dəfə necə, bunların ağıllarını başlarına gətirəcəkmi?

Bir qrup ağılsızın qızışdırılıb ortaya salınmasının ağrılarını isə bütün erməni xalqı yaşamaqdadır. Bu səbəbdən də günlərdir ki, insanlar küçələrə çıxıb nümayişlər keçirir, bu prosesin dayandırılmasını tələb edirlər. Çünki xalq artıq anlayır ki, Qarabağ Azərbaycanındır, bu torpaqlardan onlara heç bir fayda yoxdur, əks təqdirdə isə itirə-itirə gedirlər.

Ordumuzun 12-14 sentyabr hadisələrində yenə də qələbə qazanması, bir sıra yüksəklikləri ələ keçirməsi və qəhrəman övladlarımızın canı, qanı ilə Vətənimizi göz bəbəyi kimi qoruyaraq ermənini bu dəfə də yerində oturtması, başına od yağdırması bütün dünyaya ölkəmizin başçısının dəyərli fikirlərini bir daha bəyan etdi. Bəyan etdi ki, erməni faşizmi yenidən baş qaldırarsa, başı yenidən əziləcəkdir.

Hadisələrin belə gərgin zamanında ermənilərin bir nömrəli dəstəkçisi, havadarı və qızışdırıcısı Fransanın “Nant” futbol klubunun Avropa liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən oyunlarda iştirak etmək üçün Bakıda olması və “Qarabağ”la görüşməsi, gərgin keçən oyunda “Qarabağ”ın 3:0 hesabı ilə qalib gəlməsini Azərbaycanın yeni qələbə + qələbəsi adlandırmaq olar. Bu, həqiqətən də böyük qələbədir. Azərbaycanlı futbolçunun hünərinin, qətiyyətinin, əsl Azərbaycan igidi olduğunun göstəricisidir. Qarabağdakı hadisələr, şəhid xəbərinin alınması təbii ki, futbolçularımızın oyuna hazırlıq məşqlərinə, onların oyuna hansı əhval-ruhiyyə ilə başlamasına təsirsiz qalmamışdır. Bütün bunların fonunda Qarabağ adını ürəkləri ilə yanaşı, komandalarının adında da gəzdirən igidlərin bu qələbəsi böyük, həm də əvəzsiz qələbədir.

Həqiqətən də qürurvericidir. Sən gəl erməninin arxasında dayandığını hər hərəkətinlə, hər sözünlə açıqca nümayiş etdir, qızışdır sal haqqın tərəfində olan, öz torpaqlarını qoruyan, erməninin sərhədindən bir addım belə daxilə ayağını basmayan xalqın üstünə, erməni də ağlının kəm olması səbəbindən səni dinləyib yüzlərlə insanını güdaza versin, elə bu ərəfədə də futbolçuların azərbaycanlı futbolçularla qarşılaşsın və çox gülünc vəziyyətdə bir oyun nümayiş etdirsin, bu, həqiqətən çox gözəl cavabdır. Həm ordumuzun erməniyə gözəl cavabı, həm də futbolçularımızın erməni havadarına gözəl cavabıdır.

Buyurun, Azərbaycanın gücünü görün. Bir papağınızı (əgər varsa) qarşınıza qoyub əməlli-başlı fikirləşin, görün kiminlə qarşı-qarşıya gəlirsiniz. Bəsdir, əl çəkin köhnə fikirlərinizdən. Siz qalmısınız 90-larda. Azərbaycan rəhbərlərinin torpaqları sizlərə peşkəş etməsində, Azərbaycanlı oğulların sizin qarşınıza quş ovlamaq üçün tüfənglə çıxdığı dövrlərdə. Siz qalmısınız Azərbaycanın iqtisadi tənəzzül dövründə. O indi meydanlarda varlığını hiss etdirmək istəyən sizlərdən olanlar var ha, 30 il əvvəl torpaqları satıb bir qərinədir ki, bu xalqı məşəqqətlərlə üz-üzə qoyanlar, siz qalmısınız onların təfəkkürünün kölgəsində.

Ayılın, gözlərinizi yaxşıca silin, ətrafa baxın. Qarşınızdakı Azərbaycanı görməyə çalışın. Azərbaycanın dövlət başçısını, hazırkı iqtisadi durumunu, ordusunu, vətənpərvər gənclərini, həmrəy xalqını, bir, birlik olan millətini, bəli, bir də idmançısını görün. Yaxşı baxın, baxın ki, görə biləsiniz. Yoxsa dünyada sizin kimi o qədər yalnızca baxanlar var ki, bir həyat boyu görə bilmirlər.

Yaxşı baxın. Bir həftə ərzindəki qələbə+qələbənin üzərinə daha necə üstəgəllərin qələbə gətirməsini istəmirsinizsə, yaxşı baxın. Baxın ki, öz yuvanıza çəkilib öz işinizlə məşğul olmağa qərar verəsiniz ta. Baxın, yaxşı-yaxşı baxın.

Mətanət MƏMMƏDOVA