Yeni dərs ili başladı, bütün valideynlər övladlarını məktəbə apardılar. Son günlərdə valideynlər təlaş və həvəslə uşaqların məktəb geyimlərini, dərs ləvazimatlarını, ayaqqabılarını almaqla məşğul idi. Hər şeyin yaxşısını, eyni zamanda, münasib qiymətə olanını almaq isə çox vaxt mümkün olmur. Bu gün məktəblərin açılışı günündə uşaqların ayağında gördüyümüz ayaqqabıların və çantaların çoxunun kimyəvi tullantılardan hazırlandığı aydın hiss olunurdu.
Ayaqqabı seçimi həm zövqümüzdən, həm də sağlamlığımıza olan münasibətimizdən, bir azca da büdcəmizdən xəbər verir. Əgər çox yox, cəmi 20-30 il qabaq ayaqqabıların dəhşətli xəstəlik yaradacağı barədə danışsaydılar, bu inandırıcı olmazdı. Amma indi ayaqqabının orqanizmə vurduğu fəsadları, səbəb olduğu xəstəlikləri sadalamaqla bitməz.
Bu təhlükə bu gün bir çox dünya ölkəsində mövcuddur. Bir çox ayaqqabılarda kanserogen maddələr aşkarlanır və bir çox hallarda bu maddənin ayaqlarda dəri xərçəngi yarada biləcəyi təhlükəsi təsdiqlənir. Xərçəngə səbəb istehsalda istifadə edilən və bir çox ölkədə “Azo” kimi tanınan boyaq maddəsinin ayaqqabıların tərkibindəki çoxluğudur. Məlumat üçün qeyd edək ki, bu maddə dəri xərçəngindən əlavə astma xəstəliyi də yarada bilər.
Ayaqqabıların tərkibindəki “fitalat” maddəsi isə insan orqanizmində dəhşətli fəsadlar yaradır. Bu maddə həm də şampun və sabun kimi təmizlik məhsullarının 70-80 faizində rast gəlinir. Fitalat insanlarda həddindən çox kökəlməyə- piylənmə xəstəliyinə səbəb olur. O plastik maddələrin yumşaldılması məqsədi ilə işlədilir. Ayaq tərlədikdə, islandıqda bu maddə bədənə keçə bilir. Böyrək, qaraciyər xəstəliklərinə səbəb ola bilir. Bu maddə eyni zamanda qələm, dəftər, pozan, qələmdan, xətkeş, karandaş və məktəb çantalarının hazırlanmasında da istifadə edilir.

Qeyd edək ki, fitalat maddəsi vurulmadan da ayaqqabı hazırlamaq mümkündür, amma o maddəni əvəz edən maddələrin çeşidi çoxdur və birlikdə qatılarsa effekt verər. Bu maddələrin qatıldığı ayaqqabılar fitalatlı ayaqqabının qiymətindən 10 dəfə baha başa gəlir.
Təəssüfedici haldır ki, bizim bazarlarda da istehsalçılar istehlakçını aldatmağın müxtəlif yollarından istifadə edirlər. Ən geniş yayılmış üsul isə ayaqqabılarda çıxıntının qoyulmamasıdır. Əslində keyfiyyətli mallarda belə çıxıntı olur ki, müştəri ondan bir parça qopararaq yandırmaqla əsl dəri olub-olmadığını müəyyən etsin. Təbii dəri yandırılanda gön iyi verməlidir. Yaxud istehsalçılar ayaqqabının dilini təbii dəridən hazırlayır, digər yerlərində isə saxtakarlıq edirlər. Ayaqqabı istehsalında əsasən neft məhsullarından, tullantılardan, süni materiallardan istifadə olunur. Halbuki dəri ayaqqabıların içərisində dabanın şaquli divarlarında açılmış dəri şəkli olmalıdır. Süni dəridən hazırlanan yerlər isə oxlarla göstərilir.
Uşaqlara ayaqqabı seçərkən maksimum diqqətli olmaq, baha da olsa keyfiyyətli məhsul almaq lazımdır, çünki ucuz ayaqqabı sonra başımıza bəla aça bilər. Təsüdüfü deyil ki, bir çox ayaqqabı bədəndə qanın hərəkətinə belə maneə törədir. Bunun səbəbi “xlor vinilin”dir, onun təhlükəsi barədə çox az adam məlumatlıdır. Onun yaratdığı buxar nəfəs yolları vasitəsilə insanlarda xərçənğə belə səbəb olur, qaraciyəri, beyini, ağciyəri xərçəngə mübtəla edir və ən təhlükəlisi olan qan xərçənginə tutulma ehtimalını yüksəldir. Ayaqqabı alanda mütləq qoxusuna diqqət etmək lazımdır. Keyfiyyətli ayaqqabıdan heç bir qoxu gəlməməlidir. Əgər təzə ayaqqabınız ayağınızı qaşındırır, tərlədirsə deməli o keyfiyyətsiz məhsullardan hazırlanıb.
Krassovka tipli və süni müşənbə (klyonka) materialdan olan ayaqqabıların çoxu ayağı havalandırmır və tərlədir. Bu da dəri problemlərinə səbəb olur. Ən yaxşısı dəri və ya parça ayaqqabılardır. Ayaqqabı uşağın ayağını sıxmamalı, tam kip oturmamalıdır.
Ümumiyyətlə, təkcə ayaqqabı deyil, bir çoxumuz məktəb ləvazimatlarının seçimində o qədər də geniş məlumata malik deyilik. Məktəbli çantaları bu seçimdə ən çox diqqət ayrılmalı məsələlərdəndir. Düzdür, bir çox valideyn övladının israrla tələb etdiyi çantanı alır, onun övladının səhhətinə vurduğu ciddi zərərlərə rəğmən...
Məktəb çantaları uşaqların yük və ağırlıqla tanış olmağının ilk mərhələsi hesab edilir. Düzdür, çantaların ağırlığı isə uşaqların yaşına və siniflərinə görə dəyişir, amma çantaları alarkən düzgün seçim etsək, ağırlığı belə bərabər paylamış ola bilərik və bununla da uşaqları gərəksiz yükdən xilas etmiş olarıq.
Türkiyədə aparılan araşdırmalara görə, bel-onurğa ağrıları ilə həkimə müraciət edən məktəblilərin 70 faizində bu problemin yaranmasına məktəb çantaları səbəb olduğu aşkarlanıb. Mütəxəssislər xəbərdarlıq edir ki, ağır məktəb çantaları uşaqlarda ağır bel-onurğa problemlərinə, “skolyoz” adlandırılan xəstəliyə səbəb olur.
Pediatr Ümidə Zeynalova deyir ki, skolyoz xəstəliyi insan onurğasının “C” şəklini alması deməkdir. Bu xəstəliyin başlanğıcı isə məhz kiçik yaşda onurğanın zədə almasıdır.
Müsahibimiz bildirir ki, çantalar kürəkdə və çiyinlərdə ağrıya səbəb olmayacaq ağırlıqda olmalıdır, eyni zamanda məktəb çantaları ağırlığı bütün bel nahiyəsinə bərabər paylamalıdır. Yeri gəlmişkən, məlumat üçün qeyd edək ki, Amerikada ildə 20 minə yaxın uşaq məktəb çantalarının verdiyi zərərlər ucbatından həkimə müraciət edir. Həkimlər uşaqların bel ağrılarından, onurğa əyriliklərindən şikayət etməsinə səbəbin məhz məktəb çantalarının olmasını bildirirlər.
Ona görə də məktəb çantalarının seçimində bir neçə vacib məsələyə fikir verməliyik. Əvvəla, mütəxəssislər məsləhət görür ki, məktəbli çantasının geniş və dəstəkli çiyin asqıları, bel kəmərinin olması vacibdir. Çantanın ağırlığı omba və ya bel kəməri bölgəsinə düşməlidir ki, onurğaya zərər verməsin. Valideynlər təkərli çantalar da ala bilərlər, bu ilk siniflər üçün daha rahatdır. Amma israrla kürəkdən asılma çanta istəyən uşaqlara çantanı elə seçmək lazımdır ki, ağırlıq çanta içərisində uyğun paylansın, çiyin asqıları rahat olsun, hər iki çiyindən asmaq üçün iki asqılı çanta olsun. Eyni zamanda görünüşcə daha portativ, amma içi geniş çanta daha məqsədəuyğundur.
Pediatrlar məsləhət görür ki, elə çanta seçilməlidir ki, içərisi dolu olduğu halda 8 yaşınadək olan uşaqlar üçün bu ağırlıq 2 kilo, 8-12 yaşındakı uşaqlar ən çox 4 kilo, 12-15 yaş arası uşaqlar isə 5 kilo təşkil etməlidir.
Bir vacib məsələni də qeyd etmək lazımdır ki, uşaqların psixologiyasını korlayan şəkillər əks olunmuş kimyəvi qatqılı çantalar yerinə sadə, birrəng parçadan tikilmiş çantalara üstünlük vermək daha düzgündür.
Bizim borcumuz uşaqlarımızı məktəbə sağlam yola salmaqdır. Qalanı müəllimlərin boynuna.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb