"Azərbaycan artıq təhsil sistemini postpandemiya dövründə hesab etmək olar. Bu ilki təhsil sistemindən kifayət qədər gözləntilərimiz var". Bu fikirləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, bildiyiniz kimi 2020-ci ilin martından etibarən pandemiya səbəbindən tədrisin təşkili məsafəli şəkildə təşkil edilirdi və bir çox hallarda biz bunun çətinliklərini gördük: "Amma bu il 15 sentyabrdan etibarən ali və orta ixtisas təhsil müəsisələrində tədris prosesi başlayacaq. 2021-ci ildə dərslər bilirsiniz ki, 22-29 sentyabrdan başlamışdı. Qeyd edim ki, Azərbaycan azsaylı ölkələrdəndir ki, pandemiya dövründə tədrisi tam olaraq bərpa edir. Biz pandemiyada o qədər də böyük itkilərə məruz qalmadıq. Onlayn rejimdə ortaya çıxan çətinlikləri həll edə bildik. Qeyd edim ki, bu il ölkə üzrə 4432 orta ümumtəhsil məktəbinə 1.6 milyon şagird gedəcək və onların təlim-tərbiyəsi ilə 142 min müəllim məşğul olacaq. Eyni zamanda 51 ali təhsil müəssisələrinə bu il 1-ci kursa 51 minə yaxın tələbə gedəcək. Ümumilikdə Azərbaycanın ali təhsil müəsisələrinin bakalavr və magistratura pilləsində 187 min tələbə təhsil alacaq. Bu Cənubi Qafqazdakı digər ölkələri ilə müqayisədə çox böyük bir rəqəmdir.
Bu il Azərbaycanda "Şuşa ili"dir və bu tədris prosesində xüsusu əhəmiyyət kəsb edir. Eyni zamanda bu il ali təhsil müəsisələrinə qəbul imtahanlarının fonunda dəyişiklikləri də müşahidə etdik. 2-ci qrupda beynəlxalq münasibətlər və regionşünaslıq 3-cü qrupa keçirildi. Bu ildən gözləntilərimiz çoxdur. Çünki bağçalar yenidən Təhsil Nazirliyinə verildi. Təhsil Nazirliyinin adı dəyişilərkən Elm və Təhsil Nazirliyi adlandırıldı. Bu da öz növbəsində elm və təhsilin birlikdə inkişaf etməsinə səbəb olacaqdır. Xüsusən bağçalarla bağlı böyük gözləntilərimiz var. Uşaq bağçalarında qeydiyyat, işə qəbul və bütün proseslər onlayn şəkildə həyata keçirilir. Bu da Azərbaycan təhsili üçün inqilabi hadisələrdən biridir. Azərbaycan şagirdlərinin beynəlxalq olimpiyadalarda beynəlxalq uğurlarını gözləyirik. Bu il alternativ dərsliklər istifadəyə veriləcək. Təhsil sistemində bu il regional təhsil idarələri yaradılıb. Regional təhsil idarələrinin yerli təhsilin idarə edilməsinə müsbət təsirlərini gözləyirik. Eyni zamanda müəllimlərin işə qəbul imtahanlarına müəyyən redaktə xarakterli dəyişikliklər edilib. Yəni Azərbaycan təhsili dövlət tərəfindən göstərilən diqqət və qayğını öz nəticələrində hiss etdirməlidir. Çünki dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biridir. Ölkə başçısı tərəfindən mütəmadi olaraq yeni məktəblər tikilir, təmir edilir. Bütün bunların hamısı dövlətin təhsilə göstədiyi diqqət və qayğının bariz nümunəsidir. Biz bu ilki nəticələrin əvvəlki illərin nəticələrindən daha yüksək olmasını gözləyirik".