Qəhvə hansı xəstəliklərin müalicəsinə kömək edir? - MÜTƏXƏSSİS ŞƏRH ETDİ

14 Sentyabr 2022 14:08 (UTC+04:00)

“Azərbaycan xalqında qəhvə içmək adəti olmadığı üçün genetik olaraq o qədər də kodlaşdırılmamışdır. İnsan orqanizmində 8 yaşa qədər həm dad reseptorlarları formalaşır, həm də genetik olaraq həmin orqanizmə lazım olan maddələr, makro və mikro elementlər, eyni zamanda vitamin və minerallar 8 yaşa qədər yediyi qidalar vasitəsilə formalaşır”. Bu fikirləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Məhsəti Hüseynova bildirib ki, bu gün dünyanın 70-dən çox ölkəsində kofe yetişdirilir, kofe bu gün bir çox insanın əvəzedilməz içkilərindən biridir: “Amma kofe içərkən həm onun miqdarına, həm də zamanına diqqət yetirməliyik. Tərkibində olan kofin maddəsi insan orqanizminə içtikdən 15 dəqiqə sonra təsir edir və insan özünü enerjili, gümrah hiss edir. Bu hissi mütəmadi olaraq yaşamaq istəyən şəxs kofedən asılı olur. Gün ərzində 1-2 fincan kofe içmək faydalıdır. Bəzən alzeheimer xəstələri belə kofedən müalicə üçün istifadə edir. Kofe qaraciyər xəstəliyi riskini azaldır, ürək-damar xəstəliklərində infarktın qarşısını alır, bronxial astma xəstəliklərinə faydaları var, eyni zamanda kişilərdə cinsi istəyi artırır. Kofenin immuniteti gücləndirmə xüsusiyyəti də var, həzm sistemini gücləndirdiyi üçün bağırsaqlarda hərəkətliliyi artırır. Bu faydaları əldə etmək istəyiriksə kofeni düzgün istifadə etməliyik. Əlbəttə ki, kofenin ziyanları da var. Qəhvədən mütəmadi olaraq istifadə etmək orqanizmdə olan maqneziumu, kaliumu, kalsiumu, B1, B6 vitaminlərini azaldır, diş çürüməsinə, sümüklərin əriməsinə səbəb olur. Qadınlarda yumurtalıqların funksiyasını azaldır. Hamilə qadınlarda qan dövranını sürətləndirdiyi üçün ilk həftələrdə kofedən istifadə etmək məsləhət görülmür. Çünki hamiləlik dövründə mütəmadi olaraq istifadə etmək erkən doğuşa ya da erkən düşüklərə səbəb ola bilər".

Mütəxəssis həmiçinin əlavə edib ki, bir çox hallarda kofeyə əlavələr qatılır ki, bunlar süd, şəkər, qaymaq bəzən isə kremdir:"Bunlar həzm sisteminin pozulmasına və həddindən artıq kolori almağa səbəb olur. Yaxşı olar ki, kofeni sadə olaraq istehlak edək. Gün ərzində 1-2 fincandan artıq içilməsi məsləhət görülmür. Səhər yeməyindən 1 saat- 1 saat yarım sonra içilməsi məsləhətlidir. Aç qarnına kofenin içilməsi tövsiyyə olunmur. Aç qarnına kofe içmək həzm sistemində və mədə-bağırsaq sistemində problemlərə səbəb olur.
Bu gün insanlar tez hazır olsun deyə 3-ü birində kofelərdən istifadə edir. Amma bu kofelərdən istifadə tövsiyyə olunmur. Bu məhsulların tərkibində həddindən artıq kimyəvi qatqılar və dadlandırıcılar vardır”.