Uğurlu iş fəaliyyətində nitqin rolu - ARAŞDIRMA

14 Sentyabr 2022 11:12 (UTC+04:00)

Özlərinə iş quran gənc sahibkarlar inkişaf etmək, şəxsiyyətlərinin yeni cəhətlərini kəşf etmək, imicini dəyişmək və cəmiyyətdə uğurlu qarşılıqlı əlaqənin gizli açarlarını tapmaq istəyirlər. İşgüzar ünsiyyət təlimi bu gün fəal inkişaf edən bir sahədir. İşgüzar danışıqlarda mövqeyi yaxşılaşdırmaq üçün müəyyən kursları seçmək hər bir vətəndaşın ixtiyarındadır. Uğurlu ünsiyyətin sirlərinə bələd olmaq, ətrafdakların diqqətini çəkmək onların fikrini cəlb etmək üçün müəyyən natiqlik kursları fəaliyyət göstərir.

İşgüzar ünsiyyətin tənzimlənməsi nitqə xüsusi diqqət yetirməkdə özünü göstərir. Bura daxildir: çıxış, etiket, linqvistik davranış normaları, salamlaşma, xahiş, minnətdarlıq və s.

İşgüzar ünsiyyət kursları danışıqlar, yazışmalar zamanı nitqimizə və davranışımıza nəzarət etməyi öyrədir. Özünü təqdim etmək, inandırmaq, etimadı ruhlandırmaq, öz mövqeyini ağlabatan və münaqişəsiz müdafiə etmək, nəzakətli və düzgün davranış, özünə inamı qorumaq bacarıqları və s. bütün bunlar hər bir insan üçün ən önəmli keyfiyyətlərdir desək yanılmarıq.

Təbiətcə introvert, təmas qurmaq çətin olan, öz nöqteyi-nəzərini sərt şəkildə yerləşdirən, bəzən ətrafını özündən uzaqlaşdıran insanlar üçün natiqliyi (ritorika) başa düşmək daha çox faydalıdır. Ünsiyyətdə xoş və bacarıqlı bir insana çevrilməklə, yalnız yeni müştərilər və iş ortaqları deyil, həm də yeni dostlar, etibar və hörmət qazandırır.

Ünsiyyət tərzi - vəziyyətə münasibəti əks etdirən və söhbətə müəyyən emosional rəng verməyə imkan verən kommunikativ davranış formasıdır. Ünsiyyət tərzi bizə danışıq tonu və çərçivəmizi təyin etməyə imkan verir.

Sözsüz ki, hansı sahədə olmağımızdan asılı olmayaraq biz öz məhsul və xidmətlərimizi və ya bilik və bacarıqlarımızı satmağa çalışırıq. “Əgər uğurlu olmaq istəyirsənsə mütləq ünsiyyət qurmağı bacarmalısan” deyimi əbəs yerə deyilməyib. Müasir dövrdə ünsiyyətsiz biznesi, biznesi isə ünsiyyətsiz təsəvvür etmək çox çətindir. Ünsiyyət biznesin ayrılmaz tərkib hissəsidir.

Bəs ünsiyyət qurarkən biz nəyə diqqət etməliyik?

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Analitik təhlil və proqramlaşdırma şöbəsinin müdiri Şahlar Məmmədov (Göytürk) SİA-ya açıqlamasında uğurlu iş fəaliyyətində ünsiyyətin rolundan danışıb.

Qədim Yunanıstanda natiqlik sənətinin inkişafına güclü təsir göstərmiş Solon qanunlarına görə hər bir afinalı məhkəmədə öz hüququnu müdafiə etməyi bacarmalı idi. Belə bir tələb əsasında afinalılar hüquqla bağlı biliklərə yiyələnir, həm də öz hüquqlarını müdafiə etmək üçün aydın, təsirli, sübutlu, rabitəli danışmağa səy göstərirdilər. Demosfen öz dövrünün ən görkəmli loqoqraflarından, natiqlərindən olmuşdur. Nitqi qüsurlu olan - q səsini düzgün tələffüz edə bilməyən, danışarkən yersiz əl-qol atan, sağ çiynini tez-tez çəkən Demosfen sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərgitmək üçün tavandan asılı cidanın (nizənin) altında durarmış. Səsini inkişaf etdirmək məqsədilə ucadan qışqırar, öz səsi ilə dalğaların səsini boğmağa çalışarmış. Uzunmüddətli məşqlər Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltmişdir. Buradan aydın olur ki, gözəl danışığa yiyələnmə sonradan qazanılır və hər kəsin özündən asılıdır. Fəsih nitqi şərtləndirən bir sıra tələblər vardır ki, bunlar nitqin normativliyidir: aydınlıq, düzgünlük, sadəlik, dəqiqlik, yığcamlıq, zənginlik, təmizlik, münasiblik, ifadəlilik, orijinallıq, səmimilik və s.

Müşahidələr göstərir ki, nitqi fəsih olan şəxslərin həyatdan məmnunluq hissi daha yüksək olur. İnsanın nitqi onun iç dünyasından xəbər verir. Adamları tanımaq üçün hər şeydən əvvəl, ünsiyyətə girmək lazımdır. Sokratın bu fikri bütün dünyada məşhurdur: “Ey insan, danış səni tanıyım”. Demək istəyirəm ki, tarix boyu nitqə, onun gözəlliyinə xüsusi diqqət yetirilib. Qeyd etdiyim bu məqamlar “Ana dilimizi mükəmməl bilməli və bu dildə gözəl danışmalıyıq” fikrinə tam aydınlıq gətirir. Söhbət təkcə dil təəssübkeşliyindən getmir, həm də gözəl nitqin insanda formalaşdırdığı müsbət imicdən gedir. Unutmayaq ki, məzmunlu, aydın, yığcam, təsirli nitqə malik olan insanlar cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilmişdir.

Bu mövzu ilə birbaşa əlaqəsi olduğu üçün yenə yunan fəlsəfəsinə istinad etmək istəyirəm. Niyə yunanlar arasında yaxşı natiqlər çox yetişirdi ? Çünki onlar insanların qarşısında səmərəli çıxış etmək üçün üç məsələyə xüsusi diqqət yetirirdilər: etos, pafos, loqos. Qeyd olunur ki, etos natiqin inandığı və müdafiə etməyə hazır olduğu mövzudur. Pafos natiqin çıxışın mövzusuna münasibətdə güclü hissdir. Loqos isə öz düşüncələrini ifadə etmək üçün seçilmiş sözlərdir.

Düzgün cümlə qurmaq məsələsi oxucuya adi görünə bilər. Tanınmış yazıçı, şair Seyran Səxavətin məşhur bir fikri yadıma düşür: “Cümlə qurmaq dövlət qurmaq qədər çətindir”. Burada cümlə qurmaq dedikdə, söhbət təkcə qrammatik quruluşdan getmir, ümumən nitqə verilən akademik tələblər nəzərdə tutulur.

Yuxarıda imic məsələsinə toxundum. Bu, şəxsin lider kimi formalaşmasında, cəmiyyət tərəfindən qəbul olunmasında olduqca vacib məqamdır. Bu bacarıq öncə imiclə, nitq imici ilə də səciyyələnir. İmic şəxsiyyətin obrazıdır. İmic üçün mühüm komponentlər bunlardır: nitq, əxlaq, hərəkət tərzi, davranış, şəxsi əlamət, xarici sima, görünüş və s.

İmic əxlaqla sıx bağlıdır. Davranış, rəftar, manera, yəni, əda, xasiyyət, tərz belə imici xarakterizə edir. Pozitiv imicin formalaşmasında geyimin rolu böyükdür. İnsanın geyimi, paltarı işgüzar tələblərə uyğun seçilməlidir. Geyim harmoniya yaratmalıdır.

Yaxşı haldır ki, ali məktəblərimizdə İşgüzar və akademik kommunikasiyalar fənni tələbələrimizə tədris olunur. Yuxarıda sadaladığım məqamlar tələbələrimizdə praktik dil vərdişlərinin mənimsənilməsinə kömək etməklə yanaşı, onlarda liderlik qabiliyyəti aşılayır. Təəssüf ki, tələbələrimiz arzuolunan səviyyədə bu tələbləri yerinə yetirmirlər. Müasir dövrdə auditoriya qarşısında çıxış etmək işgüzar adam üçün ən vacib bacarıqlardan biridir. Lakin kütlə qarşısında çıxış etməzdən əvvəl işgüzar insanların özlərinə verdiyi suallar adətən eyni olur: “psixoloji cəhətdən hazır deyiləm”, “birdən fikirlərimi düzgün çatdıra bilmərəm”, “utanıram”, “kamera qarşısında özümü itirirəm”, “filan sözləri düzgün tələffüz edə bilmirəm” kimi səbəbləri əsas gətirərək bir çox insan auditoriya qarşısında çıxmağa sanki ehtiyat edir. Lakin bu çəkingənlik işgüzar həyatda insanların irəli çıxmasına, uğurlu karyera qazanmasına mane olur.

Deməli, karyera qazanmağın ən gözəl yollarından biri, məhz gözəl nitq qabiliyyətinə malik olmaqdan keçir. İşgüzar adam özünü geniş ünsiyyətdən təcrid etməməli, daha böyük uğur əldə etmək üçün mütləq auditoriya qarşısına çıxmalıdır.

Əvvəla, istənilən nəticəni əldə etmək üçün öncədən hazırlaşmaq lazımdır. Sərbəst danışmaq üçün əsas diqqəti sözlərə yox, ifadə edəcəyimiz fikirlərə yönəltməliyik. Üzündən oxumaq natiq üçün arzuolunmaz hesab edilir və bu dinləyənlər tərəfindən xoş qarşılanmır. Çıxış zamanı parazit söz və səsləri unutmaq lazımdır. Məsələn, nitq zamanı “ııııı”, “eee” kimi səslər çıxarmaq, əcnəbi sözlərdən yersiz istifadə etmək olmaz. Bu kimi xətalar nitqdə söz bazasının azlığından, dili mükəmməl bilməməkdən xəbər verir.

Nitqdə deyilənlərə məna verən intonasiya, natiqin səsinin qüvvəsi olduqca önəmlidir. Yəni işgüzar adam nə çox ucadan, nə də astadan danışmalıdır. Çünki bu məqamlar hər iki halda dinləyicidə narahatlıq yaradır.

Auditoriya qarşısında çıxış etmək üçün natiq intonasiya, diksiya, artikulyasiya, temp, jest kimi nitq texnikasına bələd olmalıdır. Danışıq üçün düzgün nəfəsalma çox önəmlidir. Çünki diafraqma ilə düzgün nəfəs aldıqda səs sinənin dərinliklərindən gələrək gözəl səslənir. Lakin insanların böyük əksəriyyəti dayaz nəfəsdən istifadə edir və bu da səs tellərində gərginlik yaradır, yorğunluğa gətirib çıxarır. Bir sözlə, düzgün danışıq üçün nitq texnikasına əməl etmək lazımdır.

Təcrübə göstərir ki, fəsih nitqə yiyələnmədə güzgü qarşısında çıxış, səsin yazılması və dinlənilməsi daha yaxşı nəticə verir. Bu zaman buraxılan səhvləri görmək imkanı yaranır, səs tonu dəqiqləşdirilir, üz ifadəsinə, duruşa və əl-qol hərəkətlərinə diqqət yetirilir. Natiq auditoriyanı idarə edə bilmirsə, onun fikrinə diqqət yetirilmirsə, səs-küy yaranırsa, yaxud dinləyicilərdə mürgüləmə baş verirsə, deməli problem natiqin çıxışının düzgün qurulmamasındadır. Peşəkar natiqin çıxışı belə 20 dəqiqədən çox çəkdikdə dinləyicidə narahatlıq yaradır. Bu halları aradan qaldırmaq üçün fikrə genişlik, sözə yığcamlıq vermək, nitq mədəniyyətinin qaydalarına riayət etmək lazımdır. Yenə də o fikrə gəlirəm ki, şəxsiyyətin liderlik səviyyəsinə çatmasında nitq mədəniyyətinin müstəsna rolu vardır. İdarəetmə və işgüzar sahədə daha böyük uğur əldə etmək üçün peşə bilikləri ilə kifayətlənmək olmaz.

"Əgər yüksək səviyyədə nitq qabliyyətinə maliksənsə, deməli fikrini doğru çatdıracaq və insanları fikirlərinlə öz ardınca aparmağı bacaracaqsan. Və yaxud da gördüyün işləri danışığınla-nitqinlə doğru şəkildə təqdim edəcək və iş fəaliyyətində yetərincə uğur əldə edə biləcəksən". Bu sözləri şair, publisist Aysel Nəsirzadə deyib.

Ümumiyyətlə tarixə nəzər salsaq qədim dövrdə natiq əsl mənada cəmiyyətin siyasi xadimi olmuş, dövlət quruluşunda, ictimai siyasi işlərində, mədəni və ailə məişət məsələlərində fəal iştirak etmişdir. Hətta o dövrün tanınmış natiqlərindən afinalı Demosfen haqqında Makedoniya hökmdarı Flippin belə bir fikrini oxumuşdum: “Demosfenin nitqləri mənə Afina qoşunlarından daha çox zərbə vurur. Əgər mən o iclasda olub Demosfenin güclü nitqlərini dinləsəm özüm də özümə müharibə olunmasına səs verərdim”.

Nitqimizi gözəl edən nədir?

Ağlın göstəricisi dildir. Həzrəti Əlinin belə bir fikri var “Hər bir adam öz dilinin altında gizlənir”. İnsan danışığı ilə insanlarda özü haqqında təsəvvür yarada bilir. Nitqimizi gözəl etmək üçün təbii ki, bir çox metodlar, üsullar var, ancaq elmi izahdan çox sadə dillə bir neçə üsul deyə bilərəm. Ən birincisi məqsədli olmaq. Çox mütaliə etmək əsas da klassik ədəbiyyata müraciət etmək lazımdır. Çünki zəngin cümlələrə əsasən klassik ədəbiyyat nümunələrində rast gəlmək olar. Oxumaq, oxuyarkən özün özünü dinləmək, dərk etmək ən vacib şərtdir. Yüksək səslə şeir oxumaq, tələffüzünün anlaşılmazlığını düzəltmək üçün çoxlu məşqlər etmək, söz ehtiyatını artırmaq, alınma sözlərdən az istifadə etmək nitqimizi daha gözəl edəcək.

Nə qədər ağıllı olursan ol, nə qədər yüksək potensiala malik olursan ol gördüyün işi təqdim edə bilmirsənsə uğursuzluğa düçar olmağa məhkumsan. Nitq bacarığı deyəndə çox danışmaq başa düşülməmlidir. Nitq bacarığı fikirlərini az və öz şəkildə, dolğun cümlələrlə çatdırma qabliyyətidir.

Bir insan auditoriyanın diqqətini necə çəkmək üçün ilk öncə auditoriya ilə vizual tanış olmalı, müraciət formasını təyin etməli, necə xitab edəcəyini bilməli, göz təmasından qaçınmamalı, səsinin tonundan jestlərinə qədər diqqətli olmalı və ən əsası özgüvənli olmalıdır. Haqqında danışacağı mövzuya hakim olub ilk öncə danışacağı mövzuya özü inanaraq və inancla enerjini, o duyğunu ötürmə bacarığı ilə auditoriyanı ələ ala bilər. Bir də mütləq halda quracağı cümlələrin zənginliyinə fikir verməlidir, əks halda qırıq-qırıq cümlələr, eeee, ıııı, hmm - söhbət əsnasında qarşı tərəfi - auditoriyanın fikrini mövzudan yayındıracaq.

"Qiraət Mərkəzi" MMC-nin rəhbəri, nitq təlimçisi Sadəgül Balaoğlanova isə qeyd edir.

İşimizdə o zaman uğurlu oluruq ki, ilk növbədə onu sevərək görürük, bu üzrə yetəri qədər bilikli və təcrübəliyik. Sonra isə sırada onu təqdim edə bilmək bacarığımız gəlir ki, bu da birbaşa nitqimizlə bağlı prosesdir. İstənilən iş sahəsində alıcı - satıcı münasibəti var ki, işi görən nəyisə ötürür, qarşı tərəf isə bunu qəbul edir və bu işi dünya üzrə tək biz etmirik. Bunu nəzərə alaraq bizim diqqət etməli olduğumuz birbaşa məqam onu qarşı tərəfə necə ötürməli olduğumuzdur. Biz uğurlu olmaq üçün bu fəaliyyəti həm fərqli, həm doğru məlumatlarla etməli və həm də qarşı tərəfi inandırmağı bacarmalıyıq. Bütün bunları bir yerdə bacarsaq, o zaman qarşı tərəf seçim haqqını bizdən tərəfə istifadə edəcəkdir. Biz nəzərə almalıyıq ki, iş prosesində kütlə psixologiyası ilə qarşı - qarşıyayıq. Belə olduğu halda nitqimiz insanlarla olan münasibəti tənzimləmək üçün əsas vasitəyə çevrilir. Çünki iş prosesində istər kollektivlə münasibət, istərsə də müştərilərlə ünsiyyət zamanı hər cür insanla qarşılaşırıq. Hər kəsi eyni nitqlə qane etmək mümkün deyil. Bu da o deməkdir ki, sənin nitqin insanlara uyğunlaşmağa məcburdur. Bunu bacardığımız zaman insanları işimizlə bağlı məmnun etmiş ola bilərik. Bütün bu nümunələrdən belə bir nəticəyə gəlmək olar ki, aldığımız reaksiyalar birbaşa necə danışdığımızla bağlıdır. Eyni fikri fərqli intonasiya, fərqli mimikalar və ya fərqli ifadələrlə təqdim edə bilmək bizə xal qazandıracaqdır.

Nitqimiz o zaman gözəl olur ki, bizim geniş söz bazamız olur və eyni fikirləri təkrarən işlədib qulaq yormuruq. Nitqimizdə varvarizmlər, məhəlli sözlər, jarqonlar və s. işlətmirik; danışan zaman nitqimizi nümunələrlə zəngin edirik; mövzudan uzaqlaşmadan, onu uzatmadan danışa bilirik; dil qaydalarına riayət edirik; nitqin rabitəliliyini pozmuruq; aydın və sadə danışıq və s. Bu siyahını bir qədər də uzatmaq olar amma əsas məsələ bunları sıralamaqda deyil. Çünki düzgün nitqə sahib olmaq üçün öncəliklə bizim nitqimizdəki yanlışlar nələrdirsə, onları təyin etməyi bacarmalıyıq. Bu da "fərqindəyik" anlayışını meydana çıxarır. Nitqimizin nə qədər fərqindəyik? Danışarkən özümüzü dinləyə bilirikmi? Bu alışqanlığı yaratdıqdan sonra yuxarıda sadaladığım başlıqlar üzrə nitqimizi nəzərdən keçirib, üzərində işləyə bilərik. Eyni zamanda bədən dili, jest və mimikalarımız da nitqimizlə bir- birini tamamlamalıdır. Əks halda dahi şairimiz Nizami Gəncəvinin də dediyi kimi - Söz gözəl olursa-olsun nə qədər, Pis əda o sözü tamam məhv edər.

Əlbəttə önəmlidir. Əgər bir iş, proses doğru təsvir edilə bilmirsə, o necə doğru tətbiq edə bilər?, Əbu Turxanın gözəl aforizmi var - Böyük fəlsəfələr ancaq böyük dillərin çanağında yoğrulub yapıla bilər. Sən çox faydalı, bacarıqlı, keyfiyyətli bir iş görə bilərsən, amma o iş haqqında o qədər uğursuz nitqlə çıxış edərsən ki, gördüyün iş düşüncələrdə sıfıra bərabər olar. Eyni zamanda bunun əksi belə ola bilər. Sənin nitqin gördüyün işi o qədər ucaldar və inandırıcı edər ki, insanlar həqiqəti görmədən bunu qəbul edər. Bu da o deməkdir ki, nitq nəinki önəmli məsələlərdən biri elə ən birincisidir.

Auditoriyanın diqqətini çəkən dəyişən və dəyişməz olan amillər vardır.

Dəyişən amilləri nəzərdə tutduqda auditoriya özü də sabit deyil. Birinci növbədə auditoriyanı tanımalıyıq. Bilməliyik ki, kimlərə xitab edirik. Çəkdiyimiz nümunələr, izah tərzimiz, hətta bəzən geyimimiz belə buna əsasən dəyişir. Biz tələbələrdən ibarət auditoriya ilə hansısa dövlət qurumunun işçilərindən ibarət auditoriyaya eyni tərzdə yanaşa bilmərik. Saydıqlarımı auditoriyaya uyğun tətbiq etdikdə dinləyənlər özlərini doğru məkanda hiss edirlər. Dəyişməyən əsas məqamlardan biri isə auditoriyanı yormamaq üçün daha maraqlı gedişatı qurmaqdır. Biz danışacağımız nitqə bir neçə fərqli istiqamətdən də təqdim etməyə hazır olmalıyıq. Danışan zaman auditoriyanın maraqla dinləmədiyini gördüyümüz vaxt fərqli şəkildə davam edə bilmiş ola bilək. Digər bir məqam isə auditoriyanı da nitq prosesinin içinə qatmaqdır. Danışan zaman səni dinləyənlərə sual vermək, onların fikrini almaq həmin insanlara "sizin fikriniz də mənim üçün önəmlidir" mesajını verir. Bu mesaj da onları sənə daha yaxın oturmağa kömək olur. Beləliklə, auditoriyanı asanlıqla manipulyasiya etmiş oluruq.

Havar Şəfiyeva