Azərbaycan növbəti antiterror əməliyyatı keçirə bilər - MÜSAHİBƏ

14 Sentyabr 2022 11:48 (UTC+04:00)

Millət vəkili Azər Badamovun SİA-ya müsahibəsi

- Azər müəllim, Ermənistan ordusunun tör-töküntüləri sentyabrın 12-13-də Kəlbəcər, Laçın və digər ərazilərimiz istiqamətində geniş miqyaslı təxribatlar törədib. Bu təxribatların arxasında hansı hərbi- siyasi maraqlar dayana bilər?

- İlk öncə döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Erməni təxribatlarına gəlincə isə, burda bir neçə məqsəd dayanır. Birincisi, regionda gərginliyi artırmaq və sülh müqaviləsinin imzalanması ilə bağlı aparılmış danışıqları heçə endirmək. İkincisi, sərhəddə hərbi avanturaya əl atmaqla beynəlxalq ictimaiyyətin diqqətini öz yalanına inandırmağına cəhd edərək bu məsələyə beynəlxalq güclərini cəlb etmək. Üçüncüsü, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq-bərpa işlərinə mane olmaq və keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışını ləngitmək. Dördücüsü isə Zəngəzur dəhlizinin açılmasına mane olmaq. Çox təəssüf ki, Ermənistan hələ də başa düşmür ki, imzaladığı sənədlərlə götürülmüş öhdəlikləri icra etməlidir və əgər bunu öz xoşları ilə etməzlərsə Azərbaycanın kifayət qədər hərbi gücü var ki, buna güc yolu ilə məcbur etsin. Amma Azərbaycan hələ də danışıqlara üstünlük verir. Ermənistan uzatdığımız sülh əlimizdən yapışmalı qonşuluq münasibətlərin formalaşmasına çalışmalıdır. Əks halda məhv olunacaqlar və biz öz tarixi torpaqlarımızı da qaytara bilərik.

- Ermənistanın intensiv xarakter daşıyan bu təxribatları sülh danışıqlarından yayınmaq məqsədi daşımır ki?

- Ermənistan danışıqlar masasında küncə sıxılmışdır və Brüsseldə sülh müqaviləsinin imzalanması üçün konkret öhdəlik götürmüşdür. Təbii ki, Ermənistanın son bir ayda intensiv təxribatlara əl atmaqla sülh müqaviləsinin imzalanmasını uzatmağa çalışır. Amma çox təəssüf ki, anlamır ki, sülh müqaviləsinin alternativi yoxdur. Əgər Ermənistan yenidən təxribatlara əl atarsa Azərbaycan imzaladığı razılaşmadan çıxa və öz ərazisini erməni hərbi tör-töküntülərdən qısa zaman kəsiyində təmizləmə əməliyyatına başlaya bilər.

- Paşinyan 44 günlük Vətən müharibəsində olduğun kimi yenə də Makrona, Putinə və ABŞ rəsmilərimə və dünyanın bir sıra ölkələrinə yalvarış xarakterli telefon zəngləri edib. Bu adam qorxursa, çəkinirsə niyə təxribatlara bu dərəcədə meyil göstərir?

- Birinci ona görə ki, Ermənistan müstəqil ölkə deyil və havadarlarının dəstəyi ilə təxribatlar törədir. Yəni, Cənubi Qafqaz beynəlxalq güclərin maraqların toqquşduğu regiondur və onlar regionda sülhün yaranmasını arzulamırlar. Ona görə də onlar cəhənnəmdə yanıb külə dönmüş Minsk qrupuna yenidən can verməyə çalışırlar. Ona görə də ermənilərə dayaq dayanaraq qızışdırırlar. Sonra da özləri kənarda dayanıb gərginliyi seyr edirlər. Törətdikləri təxribat hərəkətləri ağır nəticələrə məruz qalanda Paşinyan yenidən öz havadarlarına yalvarmağa başlayır ki, Azərbaycanı atəşkəsə dəvət etsin. Paşinyan havadarlardan dəstək alanda elə bilir ki, arxasında böyük güc dayanıb və nəyəsə nail ola bilər. Amma bu, başa düşmür ki, Azərbaycanın Müzəffər Ordusunun qarşısında heç vaxt dayana bilməz və ölkəsinin təhlükəsizliyin təmin edilməsi suveren haqqıdır.

- Necə hesab edirsiniz davamlı xarakter daşıyan bu cür erməni təxribatları nəticə etibarı ilə Azərbaycanı Qisas əməliyyatlarını genişləndirməyə vadar edə bilərmi?

- Azərbaycanın başqa ölkənin ərazisində heç vaxt gözü olmayıb. Eyni zamanda öz ərazisinin də bir qarışını belə kiməsə zəbt etməyə imkan verməyəcəkdir. Əsas hərbi əməliyyatımızı iki il əvvəl 44 gündə apardıq və torpaqlarımızı düşmən tapdağından azad etdik. Sonra da Qisas əməliyyatı keçirməklə düşməni ağıllı olmağına mesaj verdik. Görünür düşmən bundan hələ də nəticə çıxartmayıb və bir aydır ki, intensiv əməliyyatlara əl atmışdır. Təbii ki, düşmənin hər bir təxribatının qarşısı çox ciddi şəkildə alınır və onlar ağır itkilərə məruz qalaraq geri qaçmaqlarına məcbur olurlar. Öz ərazisinin bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın suveren hüququdur. Hər bir ölkənin ərazi bütövlüyünün təmin edilməsi beynəlxalq hüquq normalarında da həkk olunmuşdur. Beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək Azərbaycanın Müzəffər Ordusu Qarabağda antiterror əməliyyatı keçirə və orda qalmış erməni hərbi tör-töküntülərini məhv edə bilər. Amma Azərbaycan son anda, yəni sözün işləmədiyi yerdə silah işlədir. Ona görə də hələ ki danışıqlar yolu ilə Ermənistanla sülh müqaviləsinin imzalanmasına üstünlük vermişdir. Əgər Ermənistanın təxribatları yenidən davam edərsə deyə bilərəm ki, bu, sözün gücünün bitdiyi nöqtəsi olacaqdır və Azərbaycan növbəti antiterror əməliyyatı keçirə bilər.