Restoranlar niyə yanır? KÖŞƏ

13 Sentyabr 2022 17:49 (UTC+04:00)

Çoxlarımız böyük gülüş ustadları Əliağa Ağayevlə Bəşir Səfəroğlunun oynadıqları “Yavaş-yavaş yandı” tamaşasına baxmışıq. Hər kəs üçün ibrət dərs olan tamaşanın dialoqunda, qaynı müxtəlif vasitələrlə talan etdiyi əmlakının yavaş-yavaş yandığını yeznəsinə söyləyir. Nəhayətdə, yanan daşınan, daşınmaz əmlakının siyahının geniş olmasına tab gətirməyən yeznə özündən gedir. Bəli, əyri yollarla qazanılan var-dövlət heç bir ailəyə xeyir gətirmir. Günümüzdə çox eşidirk və ya saytlardan oxuyuruq ki, filan məmur vəzifə səlahiyyətlərindən istifadə edərək filan qədər pulu büdcədən oğurladığına görə həbs ediliblər. İş adamları da var ki, harınlıq və qudurğanlıq edərək, vergidən yayınır, xalqın, dövlətin maraqlarına zərbə vuran addımlar atırlar. Belələrinin yolu qapalı tipli həbsxanalardan keçir. Atalar misalıdır, “neynirəm o qızıl teşdi ki, onun içinə qan qusacam”. Elimizin-obamızın belə bir deyimi də var, “çörəyimi duza batırım yeyim, amma başım salamat olsun”. Sədi Şirazi “Gülüstan” əsərində isə yazır:

Çörəyim artdıqca əksildim haman,

Yoxsulluq yaxşıdır sail olmaqdan.

Nə yazıqlar ki, bəzi məmurlar və harınlamış iş adamları damğalanan həmxasiyyət dostlarının faciəvi aqibətlərindən nəticə çıxarmırlar. Yenə də, talan edir və yenə də, onun-bunun cibinə girirlər. İş adamları tanıyıram ki, üzlərinə söyürlər, qarğışlar edirlər, tüklərini də tərpətmirlər. İşdi, qəzavü-qədirdi, cəsarətə gəlib, “Yazığın haqqına girmə, kasıbın, hüququnu pozma, zəhmətinə dəyər ver” məsləhətini versən, - məndən ağıllısan, get tullanmağının dalınaca - deyəcək. Təbii ki, sən də üzüləcəksən, tullana-tullan olmasa da, asta addımlarla aradan çıxacaqsan. Nə də olmasa harın iş adamıdı, əlindən xəta çıxa bilər. Vay o məqama ki, birdən beynin qıza və o iş adamına verdiyin əndrəbadi məsləhətini məmura verəsən. İşin fənadan da fəna ola bilər. Çünki gözləri ayağının altını görməyən məmur sənin məsləhətindən o dərəcə də əndişələnib, qeyzlənər ki, polisə, prokurora tapşırıq verər ki, bu özündən razı gədəni basın dama! Sürüyə-sürüyə səni polisin maşınına mindirəndə bir başına və bir də dizinə vurub, ah-nalə çəkəcəksən ki, bu nə bəla idi, mən düşdüm, on qramlıq dilimə yiyəlik edə bilmədim. Öz-özünə donquldanacaqsan ki, - vəzifə mənsubu kiminsə hüququnu pozub, haqqını tapdalayırlarsa, cəhənnəmə, mənə nə. Ahu-zar keçərli olmayacaq. Çünki artıq ox yayından çıxmışdı. Ən azı, on gün ev-eşik, uşaq-muşaq üzü görməyəcəksən. Yalnız on gündən sonra sən də hamı kimi olacaqsan, ağıllı və sözəbaxan. Bir məsələni də vurğulamaq lazımdır ki, qudurğan məmurun və ya harın iş adamının pulu-parası, varı-dövləti ola bilər, ancaq kasıbın da Allahı var. Deməli, üstün imkanlara və məqama kasıb insan malikdir. Kasıbın səsi, qarğışı, duaları Allaha daha tez çatdığını nəzərə alsaq, doğrudan-doğruya vəzifə mənsublarının işləri xarabdır, heç iş adamlarının da vəziyyətləri yaxşı ola bilməz. Buna sübut olaraq bir misal göstərmək istəyirəm. Deyək ki, hər birimiz dostlarımız və ya qohum-əqraba ilə restoranlara gedirik. Restorana daxil olanda kefin kök olsa da, çıxanda üzündən zəhrimarlıq tökülür. İnsafdan-mürvətdən uzaq olan restoran işçiləri maya dəyəri 36 qəpik olan çayı sənə 25 manata sırıyırlar, yemək qiymətləri də dodaq uçuqladır. Təbii ki, üzgün şəkildə pulu ödəyəcəksən. Ancaq restoranın çıxışında geri çevrilib, deyəcəksən,- Allah sənin restoranına od töksün. Vəssalam, bununla da restoranın və restoran sahibinin işi bitdi. Nəzərə almaq lazımdır ki, hər gün bir restorana və ya istirahət mərkəzinə ən azı 300-400 adam daxil olur. Bu rəqəmi aylığa, aylığı isə bir ilə vursaq, ümumi rəqəm 150 minə yaxın insan sayı edir. İnanın, həmin 150 min insanın 148 mini olduğu restorandan, çıxarkən, - Allah bu restorana od töksün - deyir. Əminəm ki, uca Allah 148 min insandan ən azı 8 mininin səsini eşidir. Bir də görürsən ki, gecənin bir aləmində və ya günün günorta vaxtı, bir tanınmış restoran və ya istirahət mərkəzi Bəşir Səfəroğlunun dediyi kimi, yavaş-yavaş yanır. Restoran sahibinə sual edilsə ki, - niyə yandı? -çiyinlərini çəkəcək, cavab verə bilməyəcək. Başa düşməyəcək, həm də anlamayacaq ki, insanların ahı-naləsidir, qiymətlərin ceyran belində olmasıdır ki, restoranın nəhayətdə, yavaş-yavaş yanmasına səbəb oldu. İndi yəqin əziz oxucumuz tədricən başa düşdü ki, niyə gündə bir və bəzən üç-dörd restoran yavaş-yavaş yanır. Əminəm ki, oxucumuz bu sətirləri oxduqca rahat nəfəs alır və qımışır - mənim haqqımı yeyənlərin, cəzası ağır olacaq - öz-özünə dodağının altında pıçıldadıqdan sonra kompyuter önündən ayağa qalxıb, uşaqlarına –hazırlaşın, gedirik restorana – deyəcək.

İ.ƏLİYEV