"Zeytun yağı insan orqanizmi üçün çox faydalı bir yağdır. Yeməklərdə, kosmetikalarda, dərman və sabun hazırlanmasında istifadə edilməklə yanaşı zəngin vitamin qaynağıdır. Tərkibindəki antioksidantlar və vitaminlər baxımından çox xəstəliklər üçün faydalıdır". Bu fikirləri SİA-ya açıqlamasında qida üzrə mütəxəssis Asim Vəliyev bildirib.
Onun sözlərinə görə, zeytun yağında bol miqdarda omeqa 3 və antioksidantlar mövcuddur: "Bioloji olaraq aktiv olan və antiinflamatuar təsirləri olan bu antioksidantlar xroniki xəstəlik və ürək xəstəliyi riskini azalda, iltihaba qarşı qoruya bilir. Həmçinin zeytun yağının əsasını təşkil edən olein turşuları iltihabı azaldır və xərçəngə qarşı qoruyucu təsir göstərir.
Tərkibindəki bir növ antioksidant olan polifenol qan təzyiqini aşağı salır və qan laxtalanmasının qarşısını alır.
Zeytun yağının həm də qan şəkəri və insulin həssaslığı üzərində də faydalı təsirlər var. Bu səbəbdən 2 tip diabetə qarşı qoruyucudur.
Zeytun yağının antibakterial xüsusisyyəti mədədə yaşayan və mədə yarasına, xərçəngə səbəb ola bilən helicobacter pylori bakteriyasının qarşısını alır. Aparılan araşdırmalar gündəlik 30 qram zeytun yağı əksəriyyətlə qısa müddətdə helicobacter pylori infeksiyasını aradan qaldırır. Zeytun yağı tərkibindəki olein turşusu və fenol birləşmələri iltihaba, insulin dirəncinə və qaraciyər zədələnməsinin baş verməsinə qarşı da qoruyucu təsir göstərir.
Səhər ac qarnına qəbul edilən bir yemək qaşığı zeytun yağının tərkibindəki faydalı yağlar bağırsaqları yumuşaldır və qəbzliyə qarşı müsbət təsir göstərir.
Tərkibində olan A, D, K və E vitaminləri baxımından dəri üçün də çox faydalı bir yağdır. Bir çox kosmetik vasitələrdə zeytun yağından da istifadə olunur.
Zeytun yağı yağlı dərisi olanlara və dermatit kimi dəri narahatlığı olan şəxslər üçün tövsiyə edilmir. Çox zeytun yağı istifadə etmək öd kisəsində daş əmələgəlməsinə və tıxanmaya da səbəb ola bilər".