Ermənilər yalanı siyasətə çevirib MEDİA EKSPERTİ ŞƏRH ETDİ

13 Sentyabr 2022 15:06 (UTC+04:00)

"Son 30 il ərzində Ermənistan və Azərbaycan arasında konflikt yaranandan sonra Azərbaycan tərəfi Ermənistanın hərəkətlərini daha diqqətlə izləyir". Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Media eksperti Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, bu müşahidələr nəticəsində bir fakt ortaya çıxır ki, ermənilər yalancılığı siyasətə çevirib: "Yəni , yalan danışaraq yalnış informasiya vermək Ermənistanın dövlət siyasətidir. Onlar bu yalanı həm özlərinin daxili ictimaiyyəti üçün danışır, həm də beynəlxalq ictimaiyyətə yalan açıqlamalar verirlər. Eyni zamanda mübarizə apardıqları qarşı tərəf üçün də bu yalanlardan istifadə edirlər. İkinci Qarabağ savaşının gedişatı zamanı yadımızdadır ki, onlar Ermənistan cəmiyyətinə də yalan danışaraq əhalidə çaşqınlıq yaratmışdılar. Ermənistan mediası sonradan Ermənistan hakimiyyətinin danışdığı yalanları bir-bir araşdıraraq ortalığa qoydu. Bu nümunəni göstərməklə bildirmək istəyirəm ki, Ermənistanda və erməni şəbəkəsində yalan özü bir siyasi prosesdir. Bütün fəaliyyətləri, tarixləri, siyasətləri, informasiyaları da yalan üzərində qurulub. Bu yalanı onlar son zamanlar gedən proseslərdən sonra iki qat artırıblar. Ermənistan cəmiyyəti sakitləşdikcə ayılır və məğlubiyyətin acısını yaşayır. Ermənistan cəmiyyəti hələ də məğlub olduqlarını həzm edə bilmirlər. Ermənistan reallıqları qəbul etməlidir. Azərbaycan özünün işğalda olan torpaqlarını azad edib. Buna uyğun olaraq da Ermənistanın içərisində revaşist, yəni intiqamçı qüvvələr ortalığa çıxıb. Onlar hələdə bəziləri güman edir ki, yenidən toparlanıb Azərbaycana qarşı mübarizə apararaq yalancı ideyalarını doğrulda və ya dircəldə bilərlər".

Müşfiq Ələsgərli bildirib ki, bu isə boş xülyadan başqa bir şey deyil: "Onlar özlərinin xülya hərəkətlərini reallaşdırmağa çalışırlar. Bu yalanlar həm də informasiya siyasətinin tərkib hissəsidir. Amma bilməlidirlər ki, son 30 ildə danışdıqları yalanlar bəhrə vermədiyi kimi bundan sonra da danışdıqları yalanlar və Azərbaycana qarşı atılan böhtanlar da heç bir nəticə verməyəcək. Onlar cəbhə xəttində təxribatlar törədərək istəyirlər ki, nəyəsə nail olsunlar. Qəsdən yalan məlumatlar yayaraq bildirirlər ki, guya bu təxribatlar Azərbaycan tərəfindən törədilir. Amma vurğuladığımız kimi erməni dezinformasiyaların ən güclü hal aldığı zamanda belə dünyaya yalanların həzm etdirə bilmirdilər".