"Mətbuat Şurasının qurultayını yenilik də adlandırmaq olar. Yeni qərarların müzakirəsi, görülən işlərin geniş şəkildə müzakirə olunması deməkdir. Heç şübhəsiz ki, Azərbaycan Mətbuat Şurasının Qurultayı özünün yenilikləri ilə yadda qalacaq". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu deyib.
Onun sözlərinə görə, Mətbuat Şurası bu gün Azərbaycanda ənənəvi medianın, sosial medianın, media yönümlü ictimai təşkilatları özündə birləşdirən əsas qurumdur: "Bu mənada keçiriləcək qurultayda Mətbuat Şurasında təmsil olunan bütün media camiəsinin nümayəndələrinin iştirakı ilə geniş müzakirələr olacaq və Azərbaycan Mətbuat Şurasının yeni tərkibi müəyyənləşdiriləcək. Mən inanıram ki, jurnalistlər bu qurultayda düzgün seçim edəcəklər. Eyni zamanda Azərbaycan mətbuatının problemləri, onun perspektivləri də bu qurultayda müzakirə olunacaq.
Azərbaycan Mətbuat Şurasının qurultayı yaddaqalan bir qurultay olacaq. Əvvəlki qurultaylardan fərqli olaraq bu qurultay həm də torpaqlarımızın işğaldan azad olunmasından sonra keçirilən ilk geniş tədbiridir. Qarabağ münaqişəsinin həll olunmasında Azərbaycan jurnalistlərinin də böyük qatqısı olmuşdur. Eyni zamanda, Azərbaycan mediasının gələcək strategiyası da müəyyənləşdiriləcək”.