"Sentyabrın 12-də Ermənistan silahlı qüvvəlləri Azərbaycan Ermənistan dövlət sərhədində yeni genişmiqyaslı təxribata əl atıblar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, kecən gecə ərzində demək olar ki, bütün sərhədboyu atışma davam edib: "Ermənilərin bu təxribatı nə birinci, nə də axırıncı olacaq. Sayca dördüncü Brüssel görüşündən sonra Ermənistan tərəfindən belə təxribatların olacağı gözlənilən idi. Çünki müharibə bitəndən dərhal sonra Ermənistan 10 noyabr Bəyanatının 4 bəndini hələ də icra etməyib, sərhədlərin delimitasiya və demarkasiyası icra olunmayıb, hələ də Azərbaycan ərazisində qanunsuz erməni silahlı birlikləri qalmaqda davam edir. Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımlar atılmır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hökuməti yeni də siyasi manipulyasiya ilə məşğuldur, üzərinə düşən öhdəlikləri yerinə yetirmək fikrində deyil, xaricdən dəstəklər gözləyir. Axırıncı görüşdə isə iki ölkə arasında sülh sazişinin mətninin hazırlanması haqqında razılığın əldə edilməsi həm erməni cəmiyyətini, həm də Ermənistana sahiblik edən dövlətləri əməlli-başlı narahat edib. Görünən odur ki, Ermənistanla yanaşı bölgədə uzunmüddətli sülhün bərqərar olmasını istəməyən xarici siyasi dairələr öz məkrli siyasətlərindən belə asanlıqla əl çəkən deyil. Dünəndən bəri Ermənistan rəhbərliyinin hansı ölkə rəhbərləri ilə təcili telefon əlaqəsi saxladığına baxsaq buna şahid ola bilərik".
Politoloq bildirib ki, baş verən təxribatların əsas məqsədi Azərbaycan tərəfindən irəli sürülmüş 5 maddəlik sülh şərtlərinin icrasını gecikdirmək, vaxt udmaq, beynəlxalq oyunçuları bu məsələyə cəlb etmək, daxili təzyiqləri azaltmaqdır: "Bütün bunlara rəğmən demək olar ki, Azərbaycan Ermənistanın siyasi və hərbi rəhbərlyinin hansı firkirdə olmasından asılı olmayaraq başlanmış sülh siyasətini davam edəcək. Ermənistana hərbi və siyasi səhnədə zərbələr davam etdiriləcək. Bu təxribatlara cavab olaraq, yaxın gələcəkdə RF SMQ nəzarəti altında olan ərazilərin də taleyi həll oluna bilər. Bunun üçün real zəmin yaranıb. Sentyabrın 15-16-da Səmərqənddə Şanxat Əməkdaşlıq Təşkilatının növbəti iclasında region dövlətlərinin başçılarının görüşü gözlənilir. Ehtimal etmək olar ki, görüşqabağı öz əlini möhkəmləndimək istəyən Ermənistan görüşə əliboş gedəsi olacaq. Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan dövlət başçılarının dördlü görüşündə Ermənistana qarşı növbəti zərbələrin və qələbənin imzası qoyulacaq. Azərbaycan heç bir zaman regionda yenidən faşist ideologiyalı erməni dövlətinin dirçəlməsinə imkan verməyəcək".