"Bildiyimiz kimi, sentyabrın 24-də Mətbuat Şurasının VIII qurultayı keçiriləcək. Bu qurultaydan media cameəsinin gözləntiləri çoxdur". Bu sözləri SİA-ya açıqlamasında "7news.az" xəbər portalının baş redaktoru Səbuhi Abbasov deyib.
Onun sözlərinə görə, dünyada media sahəsində sürətli yenilənmələr gedir: "Mediadakı islahatları nəzərə alaraq yeni media qurumlarının gənc rəhbərləri də Azərbaycan Mətbuat Şurasının idarə heyətində yer almalıdır. Təəssüflər olsun ki, həmin dönəmdə ciddi bürokratik əngəllər var idi. Köhnə yerdə saxlanılmaq şərtilə Mətbuat Şurasının yeni idarə heyəti seçildi. Mətbuat Şurası gözləntiləri tam olaraq reallaşdırmadı. Hesab edirəm ki, bu qurultayda çox ciddi şəkildə dəyişiklik olacaq. Azərbaycan Mətbuat Şurası çox böyük tarixə malikdir. Azərbaycanda demokratik cəmiyyət quruculuğunda mətbuatın rolunu artırmağa hesablanmış bir addımın nəticəsində yaranıb. Bildiyimiz kimi, digər sahələrdə olduğu kimi, media sahəsində də ciddi islahatlar gedir. Düşünürəm ki, bu proses bu gün də davam etdirilməlidir. Medianın İnkişafı Agentliyinin yaranması, həyata keçirdiyi layihələr bütövlükdə Azərbaycan mediasının inkişafına xidmət göstərir. Bütün bunlar kompleks və sistemli şəkildə həyata keçirilir. Azərbaycanda Mətbuat Şurasının yenilənməsi bütövlükdə Azərbaycan mediasına inkişaf və töhfə verəcək. Bu baxımdan, hesab edirəm ki, 24 sentyabrda keçiriləcək qurultay, sözün əsl mənasında, Azərbaycan mediasının inkişafında yeni tarixin əsasını qoyacaq”.
Arzu Qurbanlı