“Rusiya-Ukrayna müharibəsinin istər regionda, istərsə də dünya miqyasında heç bir müsbət rolu yoxdur. Bunun ancaq mənfi rolu var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.
Onun sözlərinə görə, ilk nöbədə, dünyada inflyasiya anormal vəziyyətdədir və cilovlana bilmir: “İstər inkişaf etmiş, istərsə də regionda olan ölkələrə bu təsir edir. Müharibə ABŞ, Almaniya, Böyük Britaniya, Avropa, Azərbaycan və s. ölkələrə təsir edir. Müharibə səbəbindən logistik və nəqliyyat şəbəkələri dağıldı. Kənd təsərrüfatı və qida məhsullarının da 30 faizi Rusiya və Ukraynanın payına düşür. Bu ölkələrin biri sanksiya altında, Ukrayna isə müharibə şəraitindədir. Ən vacibi isə insan tələfatı və iqtisadiyyatda geriləmədir. Qazanan Qərbdə silah istehsalçılarıdır. Bu günləri onların toy-bayramıdır. Bütün köhnə silahlar Qərb tərəfindən Ukraynaya kredit hesabına verilir. Bu, hədiyyə deyil. Vaxtı gələndə Ukrayna xalqı bu krediti ödəməlidir”.
Deputat sözlərinə belə davam edib: “Mən, dünyada gedən proseslərdə Türkiyə prezidenti cənab Ərdoğanın addımlarını yüksək qiymətləndirirəm. O, bu ölkələri barış və sülhə səsləyir. Addımlar atılır ki, müharibə müəyyən fazada dayandırılsın. Rusiya və Ukraynanın isə bəlli tələbləri var. Ukraynanın tələbləri dünya sivilizasiyası üçün daha vacibdir. Bu günləri on minlərlə insan tələf olur və infrastruktur dağılır. Bunu bərpa etmək lazımdır. Ukrayna yenə kreditlərə girəcək və beynəlxalq qurumlardan asılı olacaq. Müharibə yalnız hərbi quruculuq işləri ilə məşğul olan şirkətlərə maraqlıdır. Onlar da günə 100 milyon dollarla mənfəət əldə edirlər”.
Ayşən Vəli